Modern.az

Akif Aşırlının kitabı

Akif Aşırlının kitabı

Ölkə

10 Avqust 2011, 14:05

Türkiyəyə atüstü istirahətə gedəndə neyləyəcəyimi bilmirdim. Ancaq həftə sonları dost-tanışla çay içməyi və imkan olsa doyunca yatmağı istirahət kimi başa düşənlər yəqin məni anlayarlar. Özümlə çoxdandı gözaltı elədiyim, hələ bir vərəqini belə qatlamadığım təzə yazıçıların bir xeyli kitabını götürmüşdüm. Elə bil, Antalyaya yox, Axundov kitabxanasının oxu zalına gedirdim. Belə vaxtlarda kitab oxumaq mütaliə ehtiyacından daha çox istirahət vərdişinin olmamasını ört-basdır eləmək üçün işə yarayır. Amma onların içərisindən yalnız birini tam oxuyub başa çatdıra bildim, bəzilərini hətta dilimi dişimə tutub, oxumaq istəsəm də alınmadı. Əslində çoxunu heç oxumağa dəyməzmiş, elə bir-iki vərəq aşıran kimi sanki kitab özü dilə gəlib deyir ki, «sən Allah qatla qoy qırağa məni»...

Bir dəfə elə kitablardan danışırdıq. Akif Aşırlıya Bakıya dönən kimi təzə çıxan kitabını istəyəcəyimi dedim. Onun «Nargin adasında türk əsgərləri» kitabı elə adını eşidən kimi diqqətimi çəkmişdi. Sən demə özüylə gətiribmiş, sağ olsun, birini mənə bağışladı. Beləliklə, təzə yazarların cümlələrinin mübtəda və xəbərinin yerini müəyyənləşdirə-müəyyənləşdirə mütaliə eləmək əzabından qurtuldum. Başladım Aşırlının kitabını oxumağa.

Əvvəlcə deyim ki, açıq havada bulvardan baxanda Xəzərin ortasında görünən boz-bulanlıq təpəciklər Nargin adasıdır. Bu bapbalaca adanı tarixin yaddaşına çevirən nə onun hava hücumundan müdafiə üçün Bakının «qalxan»ı rolunu oynamasıdır, nə də deyilənlərə görə oranın nə vaxtsa füsunkar turizm kompleksinə çevriləcəyidir. Dənizin ortasında ilişib qalan balaca torpaq özündə böyük həqiqətləri, tarixin ağ ləkələrini gizlədir. Çarizmin, daha sonra onun adını dəyişmiş forması olan sovetlərin cəza düşərgəsi kimi Nargin minlərlə insanın qanının töküldüyü, dözülməz işgəncələrə məruz qaldığı, xüsusən türk müsəlman oğullarının aclıqla, səfalətlə sınağa çəkildiyi, cəsədlərinin, bir çoxlarının isə elə diri-diri dənizə atıldığı məkandır. Bu torpağın hər qarışı günahsız insanların iniltilərinə, repressiyaların sərt sınaqlarından salamat çıxa bilməyən şəxslərin son nəfəslərinə şahidlik edib. Nargin qəm-qüssə, puç olmuş ümidlər, kəsilmiş başlar adasıdır. Bu haqda yazılanları, deyilənləri, tükürpərdən xatirələri oxuduqca Xəzərin ortasından Bakıya boylanan qəmli torpağı heç düşünmədən Osvensim, Xatın, Xocalı ilə müqayisə eləmək olar.

Birinci dünya müharibəsinin elə ilk illərində Osmanlı ordusunun uğursuz Sarıqamış əməliyyatından sonra Nargin ölüm gözləyən qapılarını yeni sakinlərinin  - 10 mindən çox türk hərbiçisinin üzünə açdı. Akif Aşırlının kitabı bu vaxta kimi öyrənilməsi yasaq edilən bu problemdən  - müharibə gedişində türk əsirlərinin Nargində başına gələnlərdən bəhs edir. Birinci dünya müharibəsi dövründə Azərbaycan ziyalılarının, ictimai qurumlarının Osmanlıya yardımı, Qafqazda baş verən siyasi təlatümlərdə Rusiyanın rolu kitabda əksini tapıb. Əsərdə bir çox türk tədqiqatçılarının yazdıqlarına istinad edilsə də, ümumilikdə əsas istinad nöqtəsi o dövrdə nəşr olunan Azərbaycan qəzetləridir. Kitabda «Kaspi», «Açıq söz», «Hümmət» və s. qəzetlərdəki yazılar təhlil olunur, bir sıra faktlar ilk dəfə elmi dövriyyəyə buraxılır. «Kaspi» qəzeti müharibə xəbərlərini «Tiflisdən», «Türkiyə cəbhəsi», «Müsəlmanlar və müharibə», «Teleqram», «Bakı və müharibə» rubrikası altında nəşr edir, informasiyaları Tiflisdə olan müxbirinin verdiyi məlumatlar əsasında hazırlayırdı.

Müəllif yazır ki, cəhənnəm adası, ilanlı ada kimi hərb tarixinin səhifələrinə düşən Nargində normal həyat üçün heç bir şərait olmayıb. Nargində saxlanılmış türk əsirlərinin sayı barəsində də dəqiq məlumat yoxdur. Belə ki, Türkiyə tarixçilərinin araşdırmalarına görə, adada 10 min, Sarıqamış Dayanışma Qurumunun hesablamalarına görə isə 15 min əsir olub.

 Nargin adasına gətirilən türk əsirlərinə işgəncələr verilməsi, onların nəşinin təhqir edilməsi Bakıda yerli əhalinin narazılığına səbəb olur. Həm Müsəlman Xeyriyyə Cəmiyyəti, həm «Qardaş köməyi» adlı təşkilatlar fəallıq göstərirlər. Azərbaycan ziyalıları türk əsirlərin Nargindən qaçırılması prosesində iştirak edirlər. Nargindən bir qayda olaraq əsir düşmüş yüksək rütbəli zabitlər qaçırılırdı, bəzi məlumatlara görə azərbaycanlıların adadan qaçırdıqları hərbiçilər sonradan 1918-ci ildə Bakının erməni-daşnak birləşmələrindən azad edilməsində iştirak edirlər.  Zəngin arxiv materiallarını özündə cəmləşdirən və dərslik üslubunda yazılmış kitab o dövrün ziddiyyətləri, sıxıntıları və siyasi proseslərinin gedişi barədə təəssürat yarada bilir.

Atüstü istirahətimiz vaxtı türk torpağında, xüsusən də rusların ləzzətlə dincəldiyi Aralıq dənizinin çınqıllı sahillərində Xəzərin sinəsində qərar tutan Nargin adasının qanlı-qadalı illəri haqqında oxumaq adama qəribə hisslər yaşadırdı. Şablon səslənsə də, hər zamanın öz hökmü var deyimi təsadüfdən yaranmayıb. Kim bilir, bəlkə də indicə yanımdan ötüb keçən, parlaq Antalya günəşinin qapqara qaraltdığı gümrah rus balası və ona bu vaxta kimi dünyanın heç bir yerində görmədiyi yüksək xidmətin zövqünü yaşadan işgüzar türk personalı elə Nargin cəhənnəmini yaşamışların varisləridir. İndi hansının cəllad, hansının qurban olduğunu müəyyənləşdirmək yersiz görünər. Amma yerinə düşən bir şey var – tarix şüuru, tarix yaddaşı. 

Düşünürəm ki, «Nargin adasında türk əsgərləri» kitabı tək tarixlə elmi cəhətdən maraqlananlar üçün deyil, həm də millətinin tarixinə biganə qalmayanlar üçün yazılıb. Onu oxumağa dəyər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı