Modern.az

Yolruh Atalını tanımaq gərəkliyi

Yolruh Atalını tanımaq gərəkliyi

Ölkə

30 Noyabr 2011, 23:22

Yolruh Atalını özümü tanıdığım kimi tanıyıram. Bu, o deməkdir ki, hər ikimizin Ruhani, yəni insani dünyamız birdir.

Onun öyülməyə haqqı var. Yolruhun ruhani döyüşkənliyinin özülündə insana, dünyaya, həyata, təbiətə qarşısıalınmaz sevgi dayanır. 

*** 

Anadangəlmə təbiətçidir qardaşım. Təbiəti iliyinə kimi duyur, anlayır. Onunla təkcə bu məqamda deyil, yaşamın hər sahəsində ciddi, doğma birliyimiz var. Əqidə birliyimizi yaradan isə İnam Atanın Mütləqə İnam Dünyabaxışıdır.

***

Yolruh Atalının kənddən başlayan hədsiz duyğulu, insaniliyə inamlı çağları iki məqamla yaddaşımdadır: rəssamlığı və bununla yanaşı üzə çıxan Ocaqçılığı, Ruhaniyyatçılığı.  

***

O, rəssamlıqda özünəməxsusdur. Yolruhun bununla bağlı kitabları var, ölkədə və yurd dışında sərgiləri keçirilib, beynəlxalq yarışmalarda ödüllər qazanıb.

Onun illər öncə rəssamlığıyla bağlı  şöhrətlənməsi baş verdi. Yolruhun imkanı vardı ki, öz rahat, şöhrətli sənətkar həyatını yaşasın. Ancaq o, bu sayaq yaşamaqdan keçdi, çətinliyi seçdi, bütün gücünü Ocaqçılığa verdi, ömrünü ruhaniyyata bağladı.

***

14-cü ilin sonlarında (1992-ci ilin yanvarı) qış imtahanlarını verib kəndimizə getmişdim. Evdəkilərə yenicə qəbul olunduğum Ocaqdan, Asif Atadan böyük bir heyrətlə danışırdım. Onda məni ilk eşidən, duyan Yolruh oldu.

Bu gün soyum içərisində ruhaniyyatçı obrazım daha ciddi şəkildə təsdiq olunmaqdadır, ancaq bütün hallarda Yolruhu ilk təsdiqim sayıram.

*** 

Yolruh 15-ci ilin Yağış ayının 21-də (21 noyabr 1993) Ocağa Evlad qəbul olundu. Onun həmin vaxtkı sevincini gözəl xatırlayıram.

Biz Yolruhla İnam Atanın çoxlu fikirlərini bir yerə yığdıq, kitablar bağladıq. Vaxt gələcək, həmin kitablar çap olunacaq.

*** 

Yolruhun son illər yeni səviyyədə ruhaniyyatla məşğul olması, ruhani imkanlarını üzə çıxarması Ocağımızın sərvətidir. O, qırımlı, qətiyyətli, dönməz, güzəştsiz ruhani döyüşçüdür. 31-ci ilin Xəzan ayında (oktyabr, 2009) o, Ocağın içəridən arınmasında əsl Ocaqçı mövqeyi göstərdi, Mütləqə İnam Həqiqətini ləyaqətlə qorudu.  

***

Yolruh Atalı peşəkar ruhaniyyatçıdır, öz yaradıcılıq yönü olan Ocaq filosofudur. Mütləqə İnam Ruhaniyyatının incəliklərini duya, ruhani anlamların dərinliyinə gedə, həmin məqamlara özünəməxsus, yaradıcı yanaşa bilir. Romantik olduğu kimi gerçəkliyi də gözəl bilir. Bu, Ocaqçılıqda başlıca özəllikdir.

***

Yolruhun ayrıca olaraq son iki ildə yazdığı içsəsləri, Ocaq Mərasimlərində çıxışları onun artıq Azərbaycan ictimai mühitində öz ruhaniyyatçı obrazını yaratmasından soraq verir.

Yolruh Atalının Ocaqda adıyla bağlı olan çoxlu hünərlər var – saymaqla qurtarmaz. O, hər gün yeni hünərlər yaradır. O, Ruhani qəhrəmandır.

***

Çətin günləri çox olub Yolruhun. Hamısını ləyaqətlə aşıb, sarsıntıları ötüb. O, hərtərəflidir, bir neçə işi eyni ustalıqla bacarır. Çətinliyi sevir, onu özünə tabe etməyi bacarır. O, təkcə ruhani döyüşçü deyil, həm də gerçək döyüşçüdür. İllərdir ki, Çin döyüş sənəti olan uşu ilə peşəkar şəkildə məşğul olur. Bu baxımdan o, bədənin və ruhun kamilliyini bir arada tuta, apara bilən İnsandır, ruhaniyyatçıdır.

***

Yolruh Mütləqə İnam Ocağı tarixində ilk ruhaniyyat mətbuatı “İnama Doğru”nun yaradıcısı və redaktorudur. Ayda bir dəfə işıq üzü görən dərgimiz Mütləqə İnam soraqlarının yayılmasında böyük rol oynayır.

***

Uca qardaşım Yolruh!

Sənin ruhani 18 yaşın Ocağımızın böyük sərvətdir. İnam Atamızın, Ocağımızın adına layiq ruhani yaşam yaşamağını diləyirəm.

Varlığınla öyünürəm.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı