Azərbaycanın Milli Qəhrəmanı Slesaryov Mixail Aleksandroviç vəfat edib. Modern.az-ın xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətdən məlumat verilib. Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev və xidmətin şəxsi heyəti sabiq həmkarları Slesaryov Mixail Aleksandroviçin ailə üzvlərinə başsağlığı verib.
Mixail Slesaryov 8 may 1955-ci il Rusiyanın Smolensk şəhərində doğulub. 1970-ci ildə 4 saylı məktəbi bitirib. 1971-ci ildə traktorçu işləməyə başlayıb. 1975-1977-ci illərdə hərbi xidmət keçib.
Daha sonra Tbilisi Gizirlər Məktəbinə daxil olub. 7 yanvar 1999-cu il tarixində Qobustan həbsxanasında xidmətini yerinə yetirirərkən axşamüstü dustaqlar qiyam ediblər. Mixail cəld əməliyyat qrupu yaradıb, silahlı məhbuslar zərərsizləşdirilib.
Azərbaycan prezidentinin 12 yanvar 1999-cu il tarixli 73 saylı fərmanı ilə Slesaryov Mixail Aleksandroviç "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Son vaxtalaradək Ədliyyə Nazirliyinin "N" saylı hərbi hissəsində tağım komandiri vəzifəsində çalışırdı.
Modern.az