Modern.az

Hədəflər bəlli: Azərbaycan naminə

Hədəflər bəlli: Azərbaycan naminə

Aktual

11 Dekabr 2012, 10:47

Dünyada barıt qoxusu azalmır. Azərbaycanda da topların, avtomat tüfənglərinin səsi müvəqqəti kəsilsə də, müharibə təhlükəsi daim başımız üzərində kabus kimi dolaşır. Doğrudur, Qarabağ məsələsinin siyasi-diplomatik üsullarla nizamlanmasında bütün səylərin tükənmədiyi qənaəti yavaş-yavaş üstünlük qazanır. Amma onun yolu hərbi üsula verəcəyi gümanı da azdır.

Çünki tədricən dünya qapalı gözlərindən əllərini çəkir və həqiqətləri dərk etməyə meyllənir. Amma fərdi maraqlar, ikili standartlar, islamofobiya və s. təzahürlər, üstəlik müxtəlif lobbi qruplaşmalarının ciddi cəhdləri ədalətə söykənən Azərbaycan gerçəyinin tam mənada anlanmasına hələ də mane olur. Əslində, ölkəmizə rəqib və düşmən qüvvələr elə bunu belə də istəyirlər: Azərbaycan qılafdan çıxa bilməsin.

Bəlli həqiqətdir ki, Handiqton kimi, sivilizasiyaları toqquşdurmaq niyyətləri güdən siyasi çevrələr var. Mədəniyyətlərin yaxınlaşması və qarşılıqlı zənginləşməsi onlara sərf etmir. Diqqət edək, lap elə bu yaxınlarda İslam müqəddəslərinin təhqir olunduğu bir filmlə bağlı kütləvi etiraz dalğası baş qaldırdıqda Azərbaycan buna öz layiqli cavabını çox təmkinlə və məntiqli verdi. Həmin günlərdə Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə yaradılan Mədəniyyət Mərkəzinin açılış mərasimi keçirildi. Bu Mədəniyyət Mərkəzi vasitəsilə Azərbaycan öz zəngin mədəniyyətini, tarixini, incəsənətini fransalılara, eləcə də bütün Avropaya geniş şəkildə təqdim edəcək. Başlıcası isə tipik Şərq ölkəsi olan ölkəmizin “saqqalı bit basmış, yırtıq-yamaq çuxalı, əli silahlı ekstremist” obrazından nə qədər uzaq olduğunu bir daha isbatlayacaq.

Təbii ki, bu, Qərb ictimaiyyətinə açılan ilk pəncərə deyil. Buna qədər Heydər Əliyev Fondu vasitəsi ilə Azərbaycan mədəniyyətinin tanıdılması üzrə böyük işlər görülüb. Strategiya dəqiq və aydındır: çağdaş zamanda Azərbaycan kimi ölkələr nəyi ilə sivilizasiyada nüfuz sahibi ola, yaxud da özünü tanıda bilər? Mədəniyyətlə... Bu, obrazlı desək, bir vaxtlar Rusiya tarixində I Pyotr Avropaya pəncərə açdığı kimi, Azərbaycan da zərərsiz alətlə mədəniyyətini tanıdır və ümumbəşəri sivilizasiyanın bir parçası olduğunu isbatlayır. Məhz Heydər Əliyev Fondunun səyləri nəticəsində YUNESCO-nun dünya inciləri siyahısına düşmüş muğam Şərq musiqisinin ən gözəl nümunəsi kimi soyuqqanlı avropalıların qəlbinə yol açdı, daha sonra aşıq musiqisinin tanıdılmasına başlanıldı. Xalq yaradıcılığının ən qədim forması olan dastanlarımız Qərb kitabxanalarına yol tapdı. Bunlar sıradan məsələlər deyil.

Bəs nəticə?

İlk növbədə, ölkəmiz barədə orta statistik qərblinin düşüncəsi dəyişir. Çünki onun Azərbaycan haqda bilikləri beş-on kəlmədən artıq deyil. Coğrafiyadan zəif avropalı və amerikalılar bəzən siyasi xəritədə belə, ölkəmizi tapmaqda çətinlik çəkirlər. Və ən başlıcası Qərb ictimaiyyəti tarixən formalaşmış və mövcud siyasi konyukturanın diktə etdiyi obrazlardan qurtula bilmir. Bu mənada Şərq sivilizasiyasının tərkib hissəsi olan və Avropa-Asiyanın qovşağında yerləşən Azərbaycanın özəl mədəniyyəti yad təfəkkürlərdə qalınlaşmış buzlağı yarmaq üçün ən etibarlı, sınanmış vasitədir. Və artıq köhnə təfəkkürlərdəki yaranmış çatları görmək mümkündür. Azərbaycan mədəniyyəti qərarlı addımları ilə könüllərə yol tapmaqla bərabər, ölkəmiz haqda müsbət imicin təşəkkülünə öz töhfəsini verir. İnsanları düşünməyə vadar edir: bu cür mədəniyyətə malik xalq vəhşi ola bilməz! Bu cür mədəniyyəti olan xalq Qafqazda gəlmə ola bilməz! Bu cür mədəniyyəti olan xalq ədalətsiz ola bilməz!..

Bir sözlə, diplomatiyanın, hərbi gücün, hətta tələbatı ilbəil artan neftin nüfuz edə bilmədiyi yerləri az qala mədəniyyət “istila edir”. Bu isə Azərbaycanın indisinə və gələcəyinə xidmət edir. Yüksək mədəni dəyərləri şübhəsiz ki, yüksək mədəni gücü olan xalqlar yaradır. İndi xalqımızın bu güclülər sırasında olması Heydər Əliyev Fondunun adı ilə bağlıdır. Bu Fond xalqımızın mədəni kimliyinin özünə qaytarılmasında, bu kimliyin dünyada tanıdılmasında əvəzsiz işlər görür. Xalqa arxalanan bu qurumun ümumxalq dəstəyinə malik olması şəksizdir. Çünki ortada iş var. Konkret, hədəfləri bəli və Azərbaycan naminə...

Pərvin ARZUQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı