Modern.az

Türkiyə seçim qarşısında: Ərdoğanın rəqibi KİM OLACAQ...

Türkiyə seçim qarşısında: Ərdoğanın rəqibi KİM OLACAQ...

Güncel

16 Fevral 2022, 10:30

Bu yaxınlarda Türkiyədə 6 müxalifət partiyasının təmsilçiləri bir araya gəlib. Görüş CHP lideri Kamal Kılıçdaroğlunun dəvəti ilə baş tutub.

 

Məlumata görə, müxalifətin görüşündə İYİ Partiya sədri Meral Akşener, Səadət Partiyasının lideri Temel Karamollaoğlu, Demokrat Partiyasının sədri Gültekin Uysal, DEVA Partiyasının sədri Əli Babacan və Gələcək Partiyasının lideri Əhməd Davudoğlu iştirak edib.

 

Görüş zamanı seçkilərlə bağlı əməkdaşlıq imkanlarının öyrənilməsi, habelə prezidentliyə namizədin necə təyin olunacağı kimi məsələlər müzakirə olunub. Bundan əlavə, mediaya qapalı keçirilən iclasda 2023-cü ildə keçiriləcək ümumi seçkilərin yol xəritəsi müəyyənləşdirilib. 6 müxalifət partiyasının nümayəndələri ötən ilin oktyabrın əvvəlindən gücləndirilmiş parlament sistemi üzərində işləmək üçün razılığa gəliblər. Partiyaların müəyyən etdiyi nümayəndə heyətləri tərəfindən aparılan iş təxminən 2,5 ay davam edib. Araşdırma nəticəsində ortaya çıxan layihənin mətni müxalifət partiyalarının liderlərinə təqdim edilib.

 

Sonuncu iclasda bildirilib ki, gücləndirilmiş parlament sistemi ilə yanaşı, seçki prosesində müttəfiqlik imkanları, seçkidə qələbə qazanılacağı təqdirdə parlament sisteminə keçidin yol xəritəsi, prezidentliyə namizədin müəyyənləşdirilməsi üsulları da müzakirə olunacaq. Daha sonra gücləndirilmiş parlament sisteminin mətninin necə və nə vaxt ictimaiyyətə açıqlanacağı bəlli olacaq.

 

 

Türkiyəli ekspert İmbat Muğlu qardaş ölkədəki siyasi durumu və seçkiqabağı prosesləri Modern.az-a şərh edib.

 

Onun sözlərinə görə, hazırda əsas mövzu Prezident Rəcəb Tayyib Ərdoğana qarşı kimin namizəd olmasıdır:

 

“Erkən seçki, gücləndirilmiş Parlament sistemi layihəsi üçün yol xəritəsinin yaradılması və Ərdoğana kim rəqib olacaq mövzusu aktualdır. Maraqlı məqam budur ki, CHP lideri Kamal Kılıçdaroğlu özü namizəd olmayacaq və hazırda onun partiyasında siyasətlə məşğul olan birini namizəd göstərməyəcək. Məsələn, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Ankara Böyükşəhər Bələdiyyə Başçısı Mənsur Yavaşı namizəd göstərilməyəcək. CHP daxilindən namizəd göstərməyəcəksə, Millət Alyansındakı liderlərdən birini də qəbul edə bilməz. Bunu nə CHP rəhbərliyi, nə də seçicilər qəbul edər. Çünki ittifaqın ən güclü partiyası CHP-dir. Vəziyyət belə olanda yeganə yol qalır. Bu da kənardan kimisə gətirmək seçimidir. Biz bu hadisəni bir dəfə də yaşamışdıq".

 

 

Ekspert hesab edir ki, Türkiyədə tarix yenidən təkrarlanır. Artıq xalq prosesləri daha dərindən bilir və öz seçimini etmək iqtidarındadır:

 

"27 fevral 2001-ci ildə o vaxtkı Baş nazir Bülent Ecevit xilaskar adlandırıldı və hakimiyyətə gətirildi. Bu zaman ölkə az qala iqtisadi böhrana məruz qalmışdı. Supermen kimi təqdim edilən Kamal Dərviş iqtisadiyyatdan məsul şəxs kimi gətirildi. O, külli miqdarda borc götürüb və Türkiyənin borcunu iki qat artırıb. 2002-ci ilin avqustunda istefa verdi. Bu baxımdan o, xaricdən gətirilən adamdır. Siyasət təkrarlansa da, müxalifət hələ də çox şeyi öyrənməyib.

 

CHP sədri Kamal Kılıçdaroğlu 10 avqust 2014-cü ildə prezident seçkiləri üçün 16 iyun tarixində MHP lideri Dövlət Baxçalının yanına namizəd təklifi ilə gedib. Kamal Kılıçdaroğlu Dövlət Baxçalı ilə görüşündən sonra prezidentliyə namizəd olduğunu açıqlayıb. Hamının bildiyi kimi seçkinin nəticəsinə əsasən, 51,79 faiz səslə Rəcəb Tayyib Ərdoğan prezident seçilib. Tarix 24 iyun 2018-ci ili göstərdiyində də Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində yüzdə 52,59 səslə yenidən prezident seçildi. 2023-cü ildə nə olacaq?

 

Milli Alyans xaricdən kimisə gətirəcək. Namizədliyi irəli sürülən şəxs birbaşa aktiv siyasətdən uzaq biri olacaq. Bu namizəd isə ölkənin həm iqtisadiyyatında, həm də sosial həyatında rol oynayan biri kimi dəyərləndirilə bilər. Müxalifət bu işləri görərkən iqtidar 2023-cü il üçün bir çox perspektivləri nəzərdən keçirəcək və daha güclü olmaq üçün işlər görəcək. İndiki iqtidar seçkiyə qazancla hazırlaşır. Mənə görə, yenə tarix təkrar olacaq. İnanırıq ki, hazırkı prezidentimiz Rəcəb Tayyib Ərdoğan növbəti seçkidə də qalib gələcək”.

 

Qeyd edək ki, Türkiyədə 2023-cü ilin iyun ayında növbəti prezident seçkiləri keçiriləcək. Seçkilərə bir ildən çox vaxt qalmasına baxmayaraq, Türkiyə cəmiyyətində indidən müzakirələr qızışıb, prezidentliyə iddia edən bəzi namizədlər ortaya atılıb. Qardaş ölkədə baş verən bütün önəmli proseslər Azərbaycanda da diqqət mərkəzindədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı