Modern.az

Mollaların dərdi nədir?!

Mollaların dərdi nədir?!

Ülke

25 Oktyabr 2011, 17:14

Zaman-zaman İran tərəfindən Azərbaycanın daxili işlərinə qarışmaq kimi hallara rast gəlmişik. Mütəmadi olaraq molla rejimi tərəfindən Azərbaycanın maraqlarına zidd addımlar atılıb, dinməmişik. Sözdə “azərbaycanlılar bizim din qardaşımızdır” deyib, əməldə azərbaycanlıların qanını tökən, "qardaş" ölkə dediyi Azərbaycanın torpaqlarını işğal edən ermənilərə hər türlü yardımlar edilib, danışmamışıq. İndi isə iranlı mollalar başlayıblar Azərbaycanın daxili işlərinə qarışmağa, məktublar göndərməyə, təhdid dolu açıqlamalar verməyə. Bir müddət bundan öncə İranın bir neçə din xadimi hicab məsələsi ilə bağlı Azərbaycanı tənqid etmişdi. Bundan sonra ayətullah Cəfər Sübhani ölkə başçısına məktub ünvanlamışdı ki, orta məktəblərdə şagirdlərin hicab bağlamasına qadağa BMT-nin deklarasiyasına ziddir. İndii isə mərceyi-təqlid ayətullah Şirazi İranın Qum şəhərinin Əzəm məscidində etdiyi çıxışında Azərbaycanda islamafobiyanın genişləndiyini bildirib. O, Azərbaycanda təqlid mərcələrinin risalələrinin yayılmasına qadağanın qoyulduğunu da deyib. Guya Azərbaycan hicaba qadağa qoyur ki, bu da o anlamı verir ki, BMT deklorasiyasına ziddir. Çox maraqlıdır, gündə onlarla insanı siyasi baxışına görə dar ağacından asmaq BMT-nin deklarasiyasına uyğundur məgər? İnsan haqlarını kobud şəkildə pozan, 35 milyondan artıq Azərbaycan türkünün bütün hüquqlarını əlindən alan, insanları təqib və təzyiqə məruz qoyan İran rejiminin bu əməllərinə göz yumaraq dəstək vermiş olan ayətullahların, Azərbaycanda dinlə, hicabla bağlı problemlərin olduğunu, qadın hüquqlarının pozulduğunu deməsi məntiqsizdir. Məsələ burasındadır ki, ümumiyyətlə, Azərbaycanda rəsmi olaraq hicaba qadağa qoyulmayıb. Kim istəyir hicab bağlayır, kim istəmir bağlamır. Çünki Azərbaycan dünyəvi bir dövlət prinsipi ilə idarə olunur. Yoxsa İrandakı kimi məcburi şəkildə qadınlar hicablandırılmır.

Bir də ki, Azərbaycan müstəqil, suveren bir dövlətdir və müstəqil siyasətini həyata keçirir. Hansı qərarı da verirsə, bu, Azərbaycanın daxili işi deməkdir. İranın Azərbaycanın daxili işlərinə burnunu soxması isə, prinsiplərə uyğun deyil.

Molla rejiminin dərdi Azərbaycanda İslam dininə necə riayət edilib-edilməməsi deyil. Məsələ Azərbaycanda radikal dini qrupları qıcıqlandırmaqdır. Çünki molla rejimi Azərbaycanın müstəqilliyini, demokratik inkişafını bir türlü sinirə bilmir. Heç kim üçün sirr deyil ki, Azərbaycan Respublikası öz müstəqilliyini elan etdiyi gündən bəri  İran İslam Respublikasının müstəqil dövlətimizə qarşı apardığı təxribat xarakterli fəaliyyətlərin ardı-arası kəsilməyib. İran dövlətinin daş-qalaq, edam, şallaq, qol kəsmək, göz çıxarmaq, qadınlara zorla hicab geydirmək və s. kimi insani və əxlaqi dəyərlərə tamamilə zidd olan bərbəriyyət dövrünün qayda-qanunlarını basqı yolu və əlaltılarının təzyiqi ilə dünyəvi dövlətimizə təhmil etmə cəhdləri bu təxribatların bir örnəyidir. Bütün bunların isə islam adı altında gerçəkləşdirilməsi üzsüzlüyün və riyakarlığın artıq son zirvəsidir. Müsəlman Azərbaycan xalqına qarşı savaş açmış, müsəlman Azərbaycanın torpaqlarını işğal etmiş erməni işğalçılarına  hər cür yardımı edən bir dövlətin islamdan danışmağa, kəsinliklə üzü olmamalıdır. Demək ki, əsl mahiyyət  tamamilə başqadır.

Güney Azərbaycanda 30 milyondan artıq soydaşımızı ən ibtidai insani və milli haqlarından məhrum etmiş İran Azərbaycan adında müstəqil dövlətimizin müqəddəs varlığını öz varlığı üçün ciddi təhlükə hesab etməkdədir. Azərbaycan Respublikasının gündən-günə öz müstəqilliyini daha da möhkəmləndirməsi və mütərəqqi dünya dövlətləri içərisində daha da sayqın yer alması İran rasist-şovinist dövlətinin təşvişini daha da artırıb.  Məhz buna görə də bütün imkanlarını səfərbər edərək Azərbaycan dövlətinin inkişafı qarşısında əngəllər yaratmaq üçün dəridən-qabıqdan çıxır.

Azərbaycanı din qardaşı adlandıran İran bu gün Ermənistanı ayaqda saxlayan bir dövlətdir. Qarabağda fəal hərbi əməliyyatlar getdiyi zaman erməni tankları İran neft ilə Azərbaycana bomba atırdılar. Amma İran gəlib Azərbaycana "Ermənistanla əlaqə saxlayımmı, saxlamayım" deyibmi? Təbii ki, deməyib. Desəydi yəqin ki bilərdik. Heç deməsi də gərəkmir. Çünki bu, İranın daxili işidir. Kimlə istəyir, onunla dost və ya düşmən ola bilər. Bir məsələ də var ki, bizləri din qardaşı hesab edən İran Xocalıda, Şuşada, Laçında müsəlmanların qanına susayan erməniləri hər sahədə müdafiə edir. Azərbaycan tərəfindən buna rəsmi münasibət, etiraz edilirmi? Hansı ki, İsrail prezidenti Şimon Peres Azərbaycana gələcək informasiyasını alan kimi, İran tərəfindən ölkəmizə notalar üst-üstə gəldi. Halbuki hansı ölkə ilə əməkdaşlıq etmək, müttəfiqlik münasibətləri qurmaq Azərbaycanın daxili işidir. İran mollaları bilməlidirlər ki, Azərbaycan müstəqil dövlətdir və hansı siyasi qərarı verirsə, bu, Azərbaycanın öz işidir və heç bir kənar dövlət buna qarışa bilməz. Və İran şovinistləri anlamalıdırlar ki, Azərbaycan qüdrətli, güclü bir dövlətdir. Bu dövləti təhdid etməyin, qorxutmaq üçün hansısa bəyanatlar verməyin heç bir mənası yoxdur.

Anar Bayramoğlu

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı