Modern.az

Milli ruh: “ailə fəlsəfəsi”

Milli ruh: “ailə fəlsəfəsi”

Ölkə

20 İyul 2014, 12:23

Milli ruh hər hansı millətin özünəməxus dəyərləridir. Dini ruh bir neçə millətin ortaq dəyərləridir. Beynəlmiləl ruh bütün millətlərin ortaq dəyərləridir.

Milli ruh hər hansı millətin özünəməxsus dəyərlərdirsə, bu dəyərləri aradan qaldırmaq üçün ən güclü silah din və yaxud da ideologi fəlsəfi cərəyanlardır.

Məsələ, ingilis-amerikan praqmatizmi bir çox millətlərin həyatına daxil olaraq onların özlərinəməxsus dəyərləri aradan qaldırır. Bunu da fərdin azadlığı, demokratiya, insan haqqları və s. anlamlar altında həyata keçirir.  Yaxud da vaxtilə elmi kommunizm adı altında Rus imperiyası bunu həyata keçirmişdir və indi də müxtəlif yollar dənəyərək bunu davam etdirmək istəyir. Çin hələ də, komunizmi bu anlamda istifadə etməkdədir. Buna yəhudi massonçuluğunu da aid etmək olar... Yəhudilər din və millət anlayışını “bütövləşdirdik”dən sonra, beynəlmiləl ruhun timsalçısı rolunu oynamaq iddiasindadırlar...

Milli ruh elə bir sistemdir, quruluşdur ki, onu tasadüfən aradan qaldırmaq mümkün deyildir. Milli ruhu aradan qaldırmaq üçün önəmli vasitələrdən biri, bəlkə də birincisi “ailə fəlsəfəsi”nin pozulmasıdır. Əslində hər bir millətin ruhunun təməlində ailə və ailələr dayanır. Ailə fəlsəfəsi yoxdursa, millət, milli ruh dünəndən yoxdur. Ola bilər ki, burada “ailə fəlsəfəsi” kəliməsi qəribə görünsün. Əslində “ailə fəlsəfəsi” yoxdursa, cəmiyyətə qazanılacaq fərd də yoxdur. Fərd isə ailə də dünyaya gəlir. Ailə də millətin sütunudur. Ata və ana isə ailənin təməlidir. Nənələr və babalar da ailənin örnəkləridir.

Deməli, ailə ata, ana, körpə, nənə və babadan ibarət güclü, amma kiçik bir milli birlikdir. Bu milli birliyi bir arada tutan ailə törəsidir. Yəni bütün ailə üzvlərinin zorunlu olaraq əməl etməli olduqları yazılmamış qayda-qanunlardır. Bu törələrə görə. Hər bir ailə üzvü öz funksiyasını bilməli və ona əməl etməlidir. Ailə daima və əbədi olaraq bir sistemin içində olmalıdır. Zaman-zaman ailə daxilində müəyyən dəyişikliklər baş verə bilər. Amma istənilən dəyişiklik, islahat ailənin ümumi mahiyyətinə, təməl prinsiplərinə zərər gətirməməlidir. Ailə həmişə əsas prinisplərinə sadiq qalmalı, nə olursa-olsun onlardan imtina etməməlidir.

Məncə, ailənin əsas prinsipləri bütövlük, yekdillik, şərəflilik, inamlılıq, inanclılıqdır. Bütövlük ailənin başlıca sütunudur. Nəyin bahasına olursa-olsun ailə dağılmamalıdır. Ailənin şərəfini tapdalayan istənilən üzvün bəraəti yoxdur, o layiq olduğu cəzanı sözsüz-sorgusuz çəkməlidir. Yekdillik ailə üzvlərinin önəmli məsələlərdə ortaq nöqtədən çıxış etməsidir. Hər bir ailə üzvü çıxarılan qərara uymalıdır. Şərəflilik ailənin üzüdür. Bu üzü dəyişdirmək, ona başqa bir rəng qatmaq qəti qadağandır. İnamlılıq ailədə qarşılıqı etibardır. Ailə üzvləri bir-birlərinə nünasibətdə inamsızılığa yol verməməli, əgər hər hansı şübhə toxumları varsa onu cücərməyə qoymamalıdır. İnanclılıq tapındıqları dəyərləri mənimsəmək və dərk etməklə olmalıdır. Kor-koranə inancın əvvəli olmadığı kimi, sonu da yoxdur. İnanc ilk növbədə, Tanrıya tapınmaqdır. Tanrısını dərk edən, yaxud da, anlamağa çalışan millətini və vətənini də sevmək iqtidarında olacaqdır.

Bütün bunlar ailə sisteminin təməlləridir. Bunlar olmadan ailə sistemindən bəhs etmək mənasızdır.

Bu anlamda millətin etnik kimliyi, dini kimliyi, ədəbiyyatı, tarixi, mədəniyyəti, əxlaqı, adət-ənənələri ilk növbədə ailədən başlayır. Ailə məktəbi uşaqlar üçün kimlik, tarix və mədəniyyət məktəbidir. Ailə məktəbi bir növ millətin şah damarıdır. Ailə məktəbini önəmsəməyib uşaqlarını yalnız dövlət məktəblərinin, yaxud da cəmiyyət “məktəbləri”nin ixtiyarına buraxanlar ehtiyatlı olmalıdırlar. Xüsusilə, cəmiyyət “məktəbləri”nə daha çox həssas yanaşılmalıdır.

Məncə, arzu olunan hal ailə məktəbi ilə dövlət məktəblərinin prinisiplərinin üst-üstə düşməsidr. Yəni ailə və dövlət gələcək vətəndaşın hansı şəkildə formalaşması məsələsində ortaq nöqtədən çıxış edərsə nəticə də yaxşı olacaqdır. Ancaq ailə bir, dövlət başqa şey istəyirsə bu zaman əsas zərbə millətə dəyəcəkdir. Amma burada ən təhlükəlisi odur ki, ailə və dövlət gələcək vətəndaşın milli dəyərlərdən uzaq, yalnız maddiyyatı düşünəcək şəkildə formalaşmasına razı olmasıdır. Deməli, 1-ci hal arzuolunan, 2-ci hal arzuolunmayan, ancaq ümidlərin bitmədiyi durum; 3-cü hal isə arzuolunmazdır. Çünki 3-cü halda millət, din, vətən, əxlaq, şərəf arxa plana keçir, öndə isə fərdin “azadlığı”, “xoşbəxtliyi” və “karyera”sı dayanır.


Bu “azadlıq”, “xoşbəxtlik”, “karyera” milli dəyərlərin üstündən praqmatistcəsinə xətt çəkir. Artıq fərdin düşüncəsində millət, din, vətən kimi anlayışlar ya yoxdur, ya da “azadlıq”, “xoşbəxtlik”, “karyera”ya çatmaq üçün yalnız vasitədir. Bu zaman fərdin dərindən düşünməsinə heç ehtiyac da qalmır. Çünki onun yerinə düşünənlər var. Fərd düşünmədikcə, düşünməyə ehtiyacın olmadığı qənaətinə gəldikcə, daha da “azad” olur. Bu “azadlığ”ın onun köləliyi olduğunun ya fərqinə varmır, ya da fərqinə vardığı halda belə onunla razılaşır. Bununla da, həyatın dadını çıxartmağa, ömrüboyu adını belə duymadıqları Qərbə məxsus freydizm, həyat məktəbi, praqmatizm kimi “fəlsəfi təlimlər”in mahiyyətinə uyğun yaşamağa davam edirlər. Çünki özdən uzaqlaşanlar sürətlə özgələşirlər. Bir cəmiyyətdə bu cür özgələşənlər zahirən və dilcə bizlərə yaxın olsalar da, ruhca və mahiyyətcə bizdən deyillər.

XIX və XX əsrlərdə Rusiya işğal etdiyi Türk ellərində bu ideolojini türksoylu toplumlara uyğuladı. Rusiya bunu etmək üçün Qərbdən çox böyük dəsətək gördü. Çünki türk toplumlarında mövcud olan törəni pozmaq məsələsində Rusiya və Qərb həmişə həmrəy olmuşlar. Bu gün də həmrəydirlər. Əslində Rusiyada kommunizmin reallaşması bir Qərb layihəsi idi. Bunun Qərbdə gerçələşməyəcəyini yaxşı anlayan Avropa ideoloqları Rusiyaya əngəl olmadılar. Məqsəd kommunizm adı altında Rusiyadakı türk-müsəlmanların özdən uzaqlaşdırılıb özgələşdirilməsi idi. SSRİ dövründə kommunizm adı altında türk törələri alt-üst edildi. Halbuki çar Rusiyası dönəmində durum pis olsa da, bu qədər acınacaqlı deyildi. Komminizmi əldə bayraq edərək türk-müsəlmanlarin milli və dini kimlik inancları qəsb edildi, əxlaqi dəyərlərə yeni don geyindirildi.

Ailə milli kimliyi – millətin varlığını sürdürməsi baxımından çox önəmli faktordur. Hər bir ailə, ailə üzvü  milli kimliyini bilməlidir. Bu hər bir fərdin təbii haqqıdır. Fərd milli kimliyini bilməli və onun bir hissəsi olmalıdır. Ancaq buradakı milli kimlik tanımlanması yalnız soy və dil ilə bağlı deyildir. Burada soy və dil ilə yanaşı şüur, mədəniyyət və vətən anlayışları da önəmli yerə malikdir. Bu anlamda fərqli soy və dilin təmsilçiləri ortak milli kimlikdən çıxış edə bilərələr. Yəni mənim soyumdan olmayanlar, mənim dilimdə danışmayanlar bizdən deyildir demək  yanlış olardı. Çünki eyni soyu və dili paylaşdığınız halda elələri tapılar ki, bizdən olmasınlar, ancaq fərqli soyda və dildə olanlar isə bizdən olsunlar. Bu milli ruhla bağlıdır. Bəzi hallarda insanın kimliyini onun dili və soyu deyil, içindəki ruhu müəyyən edə bilər.

Ailə dini kimliyi – ailə inancının təməlidir. Ailə üzvləri, özəlliklə ata və ana inanc məsələsində diqqətli olmalı, Allah sevgisni, peyğəmbər sevgisini bütpərəstlik səviyyəsinə endirməmlidirlər. Tanrının böyüklüyünü həddən artıq nə mürəkkəbləşdirmək, nə də sadələşdirmək doğru deyildir. Ailədə elə bir dini kimlik formalaşmalıdır, onu hər yoldan ötənə qapdırmaq mümkün olmasın. Bunun təməlində paklıq, ülvilik və sevgi dayanmalıdır. Allahdan qoruxmaq şərdən, haramdan, yalandan uzaq durmaq anlamında dərk edilməlidir. Bu anlamda düşüncələrimizin fərqliyindən hər bir kəsin özünəməxsus qəbul etdiyi inanclar deyil, ortaq inanclar önə çəkilməlidir.

Ailə beynəlmiləlçiliyi - insanlığın bir parçasıdır. Hər birimiz təmsil olunduğumuz milli kimlik və dini inancımızdan asılı olmayaraq, Yer kürəsində təkbaşına yaşamadığımızı da yaxşı dərk edirik. Bu anlamda fərqli milli və dini kimlikləri görməzdən gələ bilmərik. Sadəcə, hər bir ailə bunları dəyərləndirmək və doğru nəticə çıxartmaq səviyyəsində olmalıdır. Ailədaxili tolerantlıq onun kənar təsirlər qarşısında əriməsi səviyyəsində olmamalıdır. Hər bir ailə milli və dini kimlik baxımından ona yad olan milli və dini kimlik daşıyıcılarına müəyyən həddə qədər münasibət bəsləməli, mənasız “bəşəri duyğusallığa”, “humanizm”ə qapılmamalıdır. Yadsoylu millətlərin təmsilçiləri ilə ailə qurulması məsələsinə, özəlliklə diqqət yetirilməlidir. Atalarımız demişkən: “Elini hürküt, axsağından yapış”. Çünki eldən çıxmayan eldən olmaz...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı