Modern.az

Dünya Bakıda görüşdü: WUF13-dən yadda qalan məqamlar - REPORTAJ

Dünya Bakıda görüşdü: WUF13-dən yadda qalan məqamlar - REPORTAJ

Reportaj

Bu gün, 15:17

17 may 2026-cı il, saat 11:58…

Bakı səhərini yağışlı bir günlə açsa da, buna baxmayaraq, şəhərdə böyük hərəkətlilik, aktivlik hiss olunurdu. Dünyanın müxtəlif ölkələrindən gələn iştirakçılar, jurnalistlər, ekspertlər və könüllülər Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının - WUF13-ün keçiriləcəyi məkana - Bakı Olimpiya Stadionuna doğru üz tuturdular.

İştirakçıların rahat gediş-gəlişi üçün ayrılmış avtobuslarla Bakı Olimpiya Stadionuna çatanda ilk diqqətimi çəkən məqamlardan biri könüllülər oldu. Onlar səhərin erkən saatlarından etibarən girişdə dayanıb gülərüzlə insanları qarşılayır, istiqamət göstərir, səmimi ünsiyyət qurmağa çalışırdılar. Forumun ilk günündən son günədək onların münasibətində eyni səmimiyyət, simalarında eyni təbəssüm hiss olunurdu.

Hər səhər “xoş gəlmisiniz”, günün sonunda isə "hələlik", “sabah görüşənədək” sözlərini eyni həvəslə demələri isə bir başqa aləm idi. Mən hələ onların xarici qonaqlarla ünsiyyət qurmaq, onlara kömək etmək üçün göstərdikləri cəhdləri, həvəsi demirəm... Bilirsiniz, onların hər biri gənc idi. Amma gənc olmalarına baxmayaraq, xarici qonaqlarla o qədər peşəkar səviyyədə ünsiyyət qururdular ki, sanki illərin təcrübəli kadrları, mütəxəssisləri idilər. Azərbaycan gənclərini belə istedadlı, ünsiyyətcil, qonaqpərvər görmək isə insanda qürur və fəxr hissi yaradırdı.

İçəri daxil olduqdan sonra artıq forumun əsas iş prosesi başlayırdı. Əllərində mikrofon canlı yayıma hazırlaşan jurnalistlər, süjet hazırlayan media nümayəndələri, müxtəlif ölkələrdən gələn televiziya komandaları demək olar ki, aktiv hərəkətdə idi. MediaHub isə jurnalistlərin əsas toplandığı məkanlardan birinə çevrilmişdi. Onların içərisində mənim də uzun müddət görmədiyim həmkarlarım var idi. Forum həm də media nümayəndələri üçün daha sıx kommunikasiya platformasına çevrildi. Əminəm ki, hər kəs bu forum, yüzlərlə panel sessiya, eləcə də dəyirmi masalar sayəsində yeni-yeni tanışlıqlar, dostluqlar qazandı. 

Media nümayəndələri üçün ayrılmış bu otaqda həm yerli, həm də xarici media nümayəndələri arasında maraqlı, interaktiv müzakirələr gedirdi. Hansı panelin daha vacib olduğu, hansı çıxışların gündəm yaradacağı, gün ərzində keçiriləcək tədbirlər müzakirə olunurdu. Mən deyərdim ki, burada ümumi atmosfer informasiya rəqabətindən daha çox həmrəylik üzərində qurulmuşdu.

İlk günün proqramı çox geniş olmasa da, günorta saatlarında Azərbaycan və BMT bayraqlarının rəsmi qaldırılması mərasimi keçirildi. Yağışlı hava forumun, işin gedişatına mane olmur, əsinə, yerli və xarici qonaqların marağı və iştirakçı sayı tədbirin əhəmiyyətini bir daha aydın nümayiş etdirirdi. 

Sonrakı günlərdə forum daha intensiv şəkildə davam etdi. WUF13-ün ikinci günündə Liderlər Sammiti, nazirlərin toplantıları, vətəndaş cəmiyyəti və qadınlar assambleyaları da təşkil olundu. Forum artıq sadəcə panel müzakirələrindən ibarət tədbir yox, böyük beynəlxalq platformaya çevrilmişdi.

Müxtəlif sessiyalarda qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin qurulması, iqlim dəyişiklikləri, dayanıqlı urbanizasiya, şəhər idarəçiliyində yeni texnologiyaların tətbiqi kimi mövzular müzakirə olundu. Paralel şəkildə yüzlərlə panel, dəyirmi masa və yüksək səviyyəli görüşlər keçirildi. Əsas müzakirələr qlobal mənzil böhranı, təhlükəsiz şəhərlərin qurulması, iqlim dəyişikliklərinə davamlı urbanizasiya və sosial bərabərlik mövzuları ətrafında aparılırdı.

Müxtəlif ölkələrdən gələn nümayəndələr öz şəhərlərində qarşılaşdıqları problemlərdən danışır, həll yollarını bölüşürdülər. Xüsusilə “hamı üçün mənzil” məsələsi forumun ən çox toxunulan mövzularından biri idi.

Forumun üçüncü günü diqqət çəkən hadisələrdən biri Şuşa və Trabzon şəhərləri arasında qardaşlaşma haqqında memorandumun imzalanması oldu. Bu hadisə forum çərçivəsində ən çox müzakirə olunan məsələlərdən biri idi. Çünki Şuşanın forum çərçivəsindəki tədbirlərdə, müzakirələrdə tez-tez gündəmə gətirilməsi iştirakçılar tərəfindən daim maraqla qarşılanırdı.

Forum çərçivəsində keçirilən sərgi zonası isə ən çox maraq göstərilən məkanlardan biri idi. Xüsusilə Azərbaycan pavilyonu diqqət çəkirdi. Burada Qarabağ, Şərqi Zəngəzur, Laçın və Kəlbəcərdə həyata keçirilən bərpa-quruculuq işləri təqdim olunur, müxtəlif əhəmiyyətli tədbirlər yer alırdı. Gələcək layihələr, şəhər planları və görülən işlər xüsusi tablolar və təqdimatlar vasitəsilə nümayiş etdirilirdi.

Forumun dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri və dayanıqlı şəhər inkişafı ilə bağlı sessiyalarla yadda qaldı. Gün ərzində ağıllı şəhərlər, yaşıl urbanizasiya, şəhərlərin ekoloji davamlılığı və gələcək idarəetmə modelləri müzakirə olunurdu. Panel müzakirələrində tez-tez səslənən fikirlərdən biri də şəhərlərin gələcəyinin yalnız infrastrukturla deyil, insan yönümlü yanaşma ilə qurulmasının vacibliyi idi. Əlbəttə xarici nümayəndələr tərəfindən bu istiqamətdə Azərbaycan tərəfindən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən innovativ şəhərsalma yanaşması, görülən genişmiqyaslı işlər xüsusi təqdir və maraq doğururdu. 

“Urban Expo” sərgisində yer alan pavilyonlarda diqqət çəkən məqamlardan bir digəri isə Azərbaycan mədəniyyətinin müxtəlif elementlərinin tədbir məkanında xüsusi şəkildə təqdim olunması idi. Pavilyonlarda milli geyim nümunələri, xalçaçılıq sənəti və tarixi dekorativ elementlər nümayiş etdirilir, bu guşələr xarici qonaqların xüsusi marağına səbəb olurdu.

Xüsusilə XIX əsrə aid Lahıc, Naxçıvan və Azərbaycanın müxtəlif bölgələrini əks etdirən kişi və qadın geyimləri forum iştirakçıları tərəfindən böyük maraqla qarşılanırdı. Milli ornamentlərlə bəzədilmiş geyimlər, qədim zərgərlik elementləri və xalça nümunələri Azərbaycanın zəngin mədəni irsini nümayiş etdirirdi. Gün ərzində bu pavilyonların önündə dayanıb şəkil çəkdirən, təqdim olunan məlumatlarla tanış olan xarici qonaqlara tez-tez rast gəlmək mümkün idi.

Forum məkanında milli geyimdə iştirak edən gənclər də xüsusi diqqət çəkirdi. Onlar həm tədbirin ümumi atmosferinə rəng qatır, həm də xarici iştirakçılar üçün Azərbaycanın mədəniyyətini canlı şəkildə təqdim edirdilər. Bir çox xarici qonaq milli geyimdə olan gənclərlə şəkil çəkdirir, geyimlərin tarixi və mənası ilə maraqlanırdılar.

Pavilyonların dizaynında da şəhərsalma və milli memarlıq elementlərinin sintezi hiss olunurdu. Divarlarda istifadə olunan naxışlar, dekorativ keçidlər və sərgi guşələrinin quruluşu forumun ümumi konsepsiyasına uyğun hazırlanmışdı.

Forumun son günü artıq fərqli ab-hava hiss olunurdu. Altı gün ərzində fasiləsiz, yorulmadan çalışan jurnalistlər son reportajlarını hazırlayır, könüllülər isə iştirakçıları son dəfə qarşılayırdılar. 

...nəhayət altı günlük forumun rəsmi bağlanış mərasimi gəlib çatdı. Bağlanış mərasimində də Azərbaycanın zəngin mədəniyyətinə xas milli musiqilər səsləndirilir, rəqs nömrələri təqdim edilirdi. Xarici qonaqlar Azərbaycan mədəniyyətini əks etdirən çıxışları maraqla izləyirdi. Şuşada, Cıdır düzündə səslənən “Bayatı-Şiraz” bu dəfə beynəlxalq əhəmiyyətli bir tədbirdə geniş auditoriya qarşısında canlı dinlənildi.

WUF13 altı gün ərzində Bakını dünyanın müxtəlif ölkələrindən gələn minlərlə insanın görüş nöqtəsinə çevirdi. Forum boyunca şəhərlərin gələcəyi, mənzil məsələləri, urbanizasiya və dayanıqlı inkişafla bağlı mühüm müzakirələr aparıldı. Bununla yanaşı, tədbir Azərbaycanın qlobal foruma ev sahibliyi imkanlarını, əvəzolunmaz şəhərsalma təcrübəsini və zəngin mədəniyyətini beynəlxalq aləmə nümayiş etdirdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı