Şəhid anası: “Vüsal bizi çox sevirdi, amma Vətən sevgisi onun üçün hər şeydən üstün idi"
"Şəhid olduqdan sonra müharibəyə könüllü yollandığından xəbər tutduq"
Modern.az saytının “Şəhiddən qalan son foto” rubrikası davam edir. Budəfəki təqdimatımız şəhid Vüsal Zakir oğlu Musayev haqqındadır.
Şəhidin anası Vüsalə Musayevanın sözlərinə görə, Vüsalın son şəkli atası və qardaşı ilə birgə çəkilib.

"15 günün içində çox arıqlamışdı, müharibəyə yollanmağının üzərindən az müddət keçmişdi ki, Vüsal şəhid oldu...
...müharibə başlanmazdan 5-6 gün əvvəl idi. Həyat yoldaşımla evlilik ildönümümüz idi. Vüsal bizi şəhərdə dəniz mənzərəli restoranlardan birinə balıq yeməyə aparmışdı. Bir neçə gün əvvəl də hərbi komissarlıqdan ona çağırış mesajı gəlmişdi. Amma bunun hansı gün olacağını, müharibənin başlayacağını heç ağlımıza belə gətirməzdik.
Vüsal həmin gün (evlilik ildönümümüzdə) çox durğun idi. Baxışlarından da hiss olunurdu ki, gözlərində qəribə bir kədər var. Elə bil gözləri yol çəkirdi. Çox qayğılı görünürdü. Halbuki Vüsal çox şən, gülərüz biri idi. Müharibəyə yollanmazdan 2-3 gün əvvəl isə tamam dəyişmişdi. Çox səssiz idi. Elə bil harasa tələsirdi, nəyəsə çatmağa çalışırdı. Tez-tez “tez olun, gedək” deyirdi.
Restoranda oturduq, güldük, söhbət etdik, yemək yedik. Sonra Vüsal ofisiantlara çoxlu pul verdi. Həmişə deyirdi ki, harada yemək yeyirsinizsə, ofisiantlara hörmət edin. Çünki özü də uşaqlıq illərində restoranlarda ofisiant işləmişdi. Daha sonra bizi tələsik evə gətirdi, özü isə dostları ilə görüşməyə getdi. Səhəri gün artıq təlimə yollandı".
Vüsalə xanım deyir ki, iki oğlu var və Vüsalı heç vaxt yox kimi qəbul etmir, onu hər zaman ailənin bir parçası hesab edir:
"Mənim iki oğlum var - biri Vüqar, biri Vüsal. Mən həmişə deyirəm ki, Vüsal var. Onu heç vaxt yox kimi qəbul etmirəm. Evimizin sonbeşiyi idi. Ən əzizimiz, ən şirinimiz, ən canayaxınımız... Hamımızı çox sevirdi.
Vüsal general Polad Həşimov şəhid olduqdan sonra xidmətə getmək üçün könüllü olaraq yazılmışdı. Ondan əvvəl Aprel döyüşlərində də könüllü olmaq istəmişdi. Elə buna görə də ilk çağırılanlardan oldu. Öz istəyi ilə getdi. Bizi nə qədər çox sevsə də, Vətən sevgisi hər şeydən üstün idi. Hətta könüllü yazıldığını bizə deməmişdi. Biz bunu şəhid olduqdan sonra öyrəndik.
Mənim üçün onun haqqında danışmaq çox çətindir. Amma Vüsal çox vətənpərvər, ailəsini və Vətənini sevən, hər kəsə yaxşılığı dəyən bir insan idi. Şən, xeyirxah və mərhəmətli idi".
Vüsal Zakir oğlu Musayev 12 iyun 1996-cı ildə Abşeron rayonunun Xırdalan şəhərində anadan olub. 2014-cü ilin ikinci yarsından həqiqi hərbi xidmətə Naxçıvanda başlayıb. Kəşfiyyatçılar üçün təlimləri yüksək nəticələrlə başa vurub. Sonralar xidmətini düşmənlə sərhəddə yerləşən “N” saylı hissədə davam etdirib.
Kəşfiyatçı kimi Vətənə xidmət borcunu şərəflə yerinə yetirən Vüsal Musayev ordudan tərxis olunandan sonra bir müddət Bakıda mobil telefonların satışı mağazasında çalışıb. 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşləri zamanı könüllü səfərbərlik qeydiyyatına yazılıb. 21 sentyabr 2020-ci ildə səfərbərliyə çağırılıb və bir neçə günlük hərbi təlim toplantısından sonra 27 sentyabrda başlayan Vətən müharibəsinə - Füzuli cəbhəsində qatılıb.
Torpaqlarımızın işğaldan azad olunması uğrundə gedən döyüşlərdə şücayət göstərərək düşmənin canlı qüvvəsini və texnikasını məhv edib. Xocəvənd-Füzuli istiqamətində keçirilən döyüş əməliyyatlarında sona qədər düşmənə qan uddurmağa davam edib. 13 oktyabrda Ərgünəş dağında şəhidlik məqamına yüksəlib. Xırdalan şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub. Prezident İlham Əliyevin sərancamları ilə ölümündən sonra “Vətən ugrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.