Modern.az

Şəhid mayorun son fotosu: “Mən ölməyə yox, öldürməyə gedirəm!”

Şəhid mayorun son fotosu: “Mən ölməyə yox, öldürməyə gedirəm!”

Reportaj

Bu gün, 08:30

Şəhid xanımı: "Mən ona ölümü heç yaraşdırmırdım, 23 ilin zabiti idi..."

Modern.az saytının “Şəhiddən qalan son foto” rubrikası davam edir. Budəfəki təqdimatımız Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan mayor Elnur Yaqub oğlu Hacıyevə həsr olunur.

Şəhidin həyat yoldaşı Elnarə Hacıyevanın sözlərinə görə, Elnurun son fotosu ailəsi ilə birlikdə evdə, müharibəyə yola düşdüyü gün çəkilib.

“27 sentyabr 2020-ci il… Qardaşımın doğum günü idi. Hazırlaşırdım ki, anamgilə gedim. Bu vaxt Elnurdan zəng gəldi. Sevincək dedi ki, məni çağırdılar, müharibəyə gedirəm. Çox məyus oldum. Səsimdən də pis olduğumu hiss etdi, dedi ki, niyə pis olursan? Dedim, onda mən də ad gününə getmirəm. Dedi ki, olmaz, mütləq gedəcəksən, mən də ora gələcəyəm”.

Elnarə Hacıyeva deyir ki, həmin gün şəhidlərimiz olduğuna görə doğum gününü ailə daxilində kiçik bir yığıncaq şəklində keçiriblər:

 “Ailə arasında kiçik yığıncaq etdik, eyni masa arxasında bir tikə çörək yedik. Evə getməyə doğru idi... Elnur gördü ki, çox kefsizəm. Mənə dedi ki, əgər ağlayacaqsansa, sən anangildə qal, mən özüm əşyalarımı yığıb gedərəm. Dedim yox, mən də gələcəyəm. Dedi, onda söz ver ki, ağlamayacaqsan. Nə qədər çətin də olsa, ona söz verdim.

Onunla birlikdə lazım olan əşyalarını yığmağa başladım. Hər şeyi hazırladıq. Sentyabrın 27-si axşam saat 11-ə işləmiş olardı, qardaşım onu aparacaqdı. İnanın ki, qapının ağzına gəldik və elə oradaca dedim: “Elnur, bəlkə şəkil çəkdirək?” Dedi, “hə, çəkdirək”. Əyninə gödəkçə geyinmişdi. Divanda əyləşdik, qızım bizim şəkillərimizi çəkdi, mən də qızımızla birlikdə Elnurun şəklini çəkdim. Beləcə son şəkillərimizi çəkdirdik. Təəssüf ki, üçümüzü eyni anda çəkə bilmədim…”



Şəhid xanımı deyir ki, Elnur o qədər məğrur və igid hərbçi olub ki, heç vaxt qorxu hissini yaxın buraxmayıb:

“Bir söz dedi: “Narahat olma, mən ölməyə yox, öldürməyə gedirəm!”

Bizimlə sağollaşdı. Qapının ağzında vidalaşıb çıxırdı, amma birdən geri qayıtdı, otağa gəldi və alnımdan öpdü. Mən o zaman bunun halallıq demək olduğunu bilmirdim. Sonradan öyrəndim ki, həyat yoldaşının alnından öpmək ona halallıq vermək deməkdir.

Mən ona ölümü heç cür yaraşdırmırdım. Deyirdim ki, 23 ilin zabitidir, ön cəbhədə xidmət edib. Hər halda orada da həm özünü, həm də əsgərlərini qoruyaraq sağ-salamat geri qayıdacaq”.

Elnur Yaqub oğlu Hacıyev 1979-cu il iyunun 12-də Ucar şəhərində anadan olub. 1986-1996-cı illərdə Ucar şəhərindəki 5 nömrəli tam orta məktəbdə təhsil alıb. 1997-2002-ci illərdə isə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində oxuyub. 2002-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. O, 2002-2006-cı illərdə Qobustan, 2006-2011-ci illərdə Tovuz, 2011-2015-ci illərdə Ağdam, 2015-2019-cu illərdə Gədəbəy, 2019-cu ildə isə Ağstafa rayonunda yerləşən "N" saylı hərbi hissələrdə xidmət edib.
Elnurun Hacıyevin özündən sonra bir qızı yadigar qalıb.

Mayor Elnur Hacıyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Oktyabrın 17-də Füzuli döyüşləri zamanı şəhid olub. Ucar Şəhidlər Xiyabanında dəfn edilib.

Mayor Elnur Hacıyev xidməti boyunca qüsursuz fəaliyyətinə görə, sağlığında "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalına layiq görülüb.

Şəhid olandan sonra isə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV