Sentyabrın 26-da keçiriləcək referendumda Konstitusiyaya ediləcək dəyişiklərdən biri də bələdiyyələrlə bağlıdır.
Belə ki, referendumla Konstitusiyanın 146-cı maddəsinə (Bələdiyyələrin məsuliyyəti) yeni bənd əlavə olunacaq.
Əlavə olunacaq yeni bənddə göstərilir ki, bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanunazidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana, onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar.
Bəs, görəsən bələdiyyələrlə bağlı Konstitusiyaya əlavə ediləcək bu bənd bu gün fəaliyyətləri ürək açan olmayan yerli özünüidarəetmə orqanlarında nə kimi dəyişiklərə gətirib çıxaracaq?
Referendumdan sonra Türkiyə və Avropada olduğu kimi Azərbaycanda da böyük şəhər bələdiyyələri yaradılacaqmı?
Mövzu ilə bağlı Modern.az-ın suallarını Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev şərh edib.
“Bu gün bələdiyyələr yarıtmaz haldadır...”
Deputat deyib ki, Konstitusiyaya ediləcək bu dəyişiklik bələdiyyələrin vəziyyətini yaxşılaşdıra bilər:
“Referendumla Konstitusiyanın 146-cı maddəsinə əlavə müddəanın salınması ölkədə bələdiyyələrin işinin xeyrinə olacaq. Bu gün bələdiyyələrə onsuz da cənab Prezidenti tərəfindən dövlət qayğısı göstərilir.
Bəziləri deyirlər ki, guya bələdiyyələrə ehtiyac yoxdur. Amma əslində bələdiyyələr bu günə qədər öz işlərini düzgün qursa idilər, cəmiyyətdə də belə bir fikir formalaşmazdı. Referendumla Konstitusiyaya ediləcək dəyişiklikdən sonra bələdiyyələrin öz işlərini qurması üçün müsbət stimul yaranacaq.
Çünki bu gün hamı bilir ki, bələdiyyələr yaxşı işləmirlər. Onların işləri yarıtmaz haldadır və insanların bu günə qədər etimadını doğrulda bilməyiblər. Bir çox bələdiyyələr hələ də yerlərində sayırlar.
Əslində Konstitusiya dəyişiklikdən sonra bələdiyyələrin gələcək taleyini müəyyən edən müddəanın salınması bələdiyyələrə imkan verəcək ki, onlar öz səlahiyyətlərindən daha geniş şəkildə istifadə etsinlər”.
“Azərbaycanda böyük şəhər bələdiyyələri yaradılmalıdır...”
Tahir Rzayev söyləyib ki, bələdiyyələr yalnız torpaq satmalı deyillər: “Nəyə görə Azərbaycanda, Bakıda Türkiyədəki İstanbul, Ankaradakı kimi böyük şəhər bələdiyyələri olmasın?
Azərbaycanda da bələdiyyələr ən azı Türkiyədəki kimi işləməlidir. Onların işləməsi üçün nə çatışmır ki? Bələdiyyələr bilməlidirlər ki, onların vəzifəsi yalnız torpaq alveri ilə məşğul olmaq deyil.
Mən özüm bu gün Ağcabədi rayonundayam. Dünən referendumla bağlı yerli əhali və rayonun dövlət orqanları, icra qurumları ilə görüşlər keçirdik. Bələdiyyə sədrləri də orda idi. Onlara dedim ki, görürsünüz ki, insanlar, yerli əhali sizdən narazıdır. Siz işinizi düzgün qurmalısınız, öz xidmət, istehsal sahələrinizi qanunvericiliyə uyğun şəkildə həyata keçirməlisiniz, kəndlilərlə yaxın təmasda olmalısınız”.
“Yerli özünüidarəetmə orqanları fondlarını xalqa xərcləməlidir...”
Deputat hesab edir ki, artıq bələdiyyələr dövlət büdcəsinin əlinə göz dikməli deyillər:
“Bu gün bələdiyyələr əmlak və torpaq vergisi alırlar. Nəyə görə onlar alınan bu vergiləri sosial xidmətə sahələrinə yatırmasınlar ? Axı niyə onlara daxil olan bu pul vəsaitləri insanlara xərclənməsin?
Axı bələdiyyələrin gəliri ola-ola nə axta qədər dövlət büdcəsindən dotasiyalar alacaqlar? Nə zamana qədər gözlərini dövlətin əlinə dikəcəklər? Olmazmı ki, həmin əlavə dotasiyalar daha vacib və əhəmiyyətli dövlət sahələrinə ayrılsın? Əlbəttə ki, bunu etmək olar. Buna görə də bələdiyyələr öz büdcələri hesabına ayaq üstə durmalıdırlar.
Əgər bələdiyyələr öz üzərinə düşən işləri düzgün qurub həyata keçirməsələr mütləq şəkildə qanun qarşısında cavab verməlidirlər.
Bəli, bu gün bələdiyyə qulluqçuları yerli əhali ilə, xalqla yaxşı davranmırlar. Hətta kəndlilərin torpaqlarını mənimsəyən, satan bələdiyyələrdə var. Bu gün bələdiyyələr insanların hüquqlarını kobud şəkildə pozurlar. Özlərinin mülkiyyətində olan torpaqları dağıdırlar. Bələdiyyələrin məsuliyyəti mütləq şəkildə inzibati və digər qaydada hüquqi şəkildə tənzimlənməlidir.
Hesab edirəm ki, referendumla bələdiyyələr haqqında qanuna ediləcək dəyişik çox mütərəqqi, vaxtında və yerində atılmış addım olacaq”.
“Referendumdan sonra bələdiyyələrdə köklü islahatlar aparılmalıdır..”
Tahir Rzayev yalançı "böyük şəhər bələdiyyləri”nin yaradılmasının əleyhinədir:
“Referendumdan sonra yeni tipli və işlək bələdiyyələrin yaradılması labüd olacaq. Bu ən azı ondan irəli gəlməlidir ki, bələdiyyələr öz məsuliyyətlərini ciddi şəkildə başa düşsünlər.
Əgər Azərbaycanda böyük şəhər bələdiyyələri yaradılırsa, bu, bütövlükdə müvafiq şəhərin sosial və digər vacib, əhəmiyyətli problemlərini həll etməlidir.
Yoxsa bələdiyyələrin adlarını yalandan qoyaq böyük şəhər bələdiyyəsi, bununla problemləri həll edə bilmərik. Əgər yalnız adlar dəyişsə, bələdiyyələrin fəaliyyəti elə kiçik şəhər bələdiyyələri formasında da qalacaq.
Nəticədə isə adları dəyişib işləri dəyişməyən böyük şəhər bələdiyyələrində və ümumən bələdiyyə sistemində çox ciddi xaos yaranacaq.
Bu cür xaosun yaranmaması üçün referendumdan sonra Konstitusiyanın 146-cı maddəsinə əlavə və dəyişiklik edildikdən sonra mütləq bələdiyyə sistemində çox ciddi, köklü islahatlar aparılmalıdır. Əgər belə olmasa böyük şəhər bələdiyyələrinin yaradılmasından söhbət belə gedə bilməz.
Biz Avropada olarkən görürük ki, böyük şəhər bələdiyyələri bir neçə kiçik bələdiyyələrin bir mərkəzdə birləşdirilməsindən yaranan yerli özünü idarəetmə orqanları olur. Hətta Avropada regional bələdiyyələr və bələdiyyə asossasiyaları da var.
Azərbaycanda da bu sistem formalaşdırılmalıdır. Böyük şəhər bələdiyyələri bizdə də kiçik və öz işini yerinə yetirə bilməyən bələdiyyələrin bir mərkəzdə, şəhərdə birləşdirilərək yaradılmalıdır.
Referendumdan sonra bələdiyyələrə veriləcək yüksək səlahiyyətlərdən onlar sui-istifadə etməli deyillər. Artıq bundan sonra bələdiyyələr sözün əsl mənasında xalqa xidmət etməlidirlər”.
“Bələdiyyələr məktəb, bağça, kurslar açsalar sosial problemlər həll olunar...”
Deputat vurğulayıb ki, bələdiyyələr hər zaman sosial məsələlərin həllində yalandan bəhanələr gətirirlər:
“Bəziləri deyirlər ki, bələdiyyələrin sosial inkişafa stimul vermək səlahiyyətləri yoxdur. Amma belə deyil. Bələdiyyələr haqqında qanuna görə, hər bir yerli özünü idarə etmə orqanı öz fondu, büdcəsi hesabına, öz nəzdində məktəb, bağça və digər bu kimi sosial xidmət sahələri yarada bilərlər.
Amma bu gün Azərbaycanda bələdiyyələr bərbad gündə olduğundan, başları yalnız torpaq alverinə qarışdığından görə öz funksiya, vəzifə və səlahiyyətlərini unudublar.
Nəyə görə axı Türkiyə və digər Avropa ölkələrində olduğu kimi Azərbaycanda bələdiyyələr öz ictimai iaşə, servis xidmətlərini həyata keçirməsinlər? Məsələn, axı niyə onlar gözəllik salonu açmasınlar?
Nə üçün regionlarda və Bakıda əhali uşaqları çox baha ödənişlərlə bağçalara qoymağa məcbur olmalıdır ? Axı bələdiyyələr fondlarındakı büdcələri hesabına bağçalar aça bilərlər? Bu kimi sosial problemlərin həllində axı bələdiyyələr mühüm rol oynaya bilərlər. Hətta bələdiyyələrin dərslərdən əlavə kurslar, dərnəklər də açmaq səlahiyyətləri var. Amma bu gün yerli özünü idarəetmə orqanı olan bələdiyyələr yalnız torpaq alveri edirlər.
Referendumdan sonra bələdiyyələr ciddi şəkildə bütün növ sosial xidmət sahələrinə öz töhfələrini verməlidirlər. Onlar öz funksiyalarını düzgün başa düşsələr bu gün Azərbaycanın regionlarında mövcud olan sosial problemlər həllini tapmış olar”.
“Referendumdan sonra qanunsuzluq edən bələdiyyələr məsuliyyətə cəlb olunacaqlar...”
Tahir Rzayev sonda qanunsuzluq edən bələdiyyələrə ciddi xəbərdarlıq da edib:
“Əgər yerli özünü idarəetmə orqanları bundan yaxşı formada istifadə edə bilsələr problemlər aradan qalxacaq. Yox, əgər bələdiyyələr yenə də ancaq torpaq alveri ilə məşğul olsalar bu qurumlarda ciddi xaos yaranacaq. Bələdiyyələr işlərini düzgün qurmasalar iflasa uğrayacaqlar.
Bələdiyyələr torpaq alverindən əl çəkib öz işləri ilə məşğul olmasalar onlar ciddi şəkildə hüquqi məsuliyyətə cəlb olunmaldırlar. Çünki bu gün xalq bələdiyyələrdən çox şey gözləyir.
Düzdür, Türkiyə bələdiyyələri xeyli müddətdir ki, fəaliyyət göstərirlər və düzgün formalaşdırılıb. Ümid etmək istəyirəm ki, Azərbaycan bələdiyyələri də Türkiyə və Avropada olduğu kimi fəaliyyət göstərəcəklər.
Referendumdan sonra yeni tipli bələdiyyələrin yaradılması və onlarda geniş səlahiyyətlərin verilməsi bu işi daha da effektli edəcək”.
Ağa AKİFOĞLU