Nadir şah Əfşarın qətlə yetirilməsindən sonra Azərbaycanın həm Araz çayının quzeyindəki, həm də güneyindəki ərazilərində feodal dövlətlər - xanlıqlar yaranmağa başladı. 1747-ci ildə Mirmehdi xan Əfşar İrəvan xanlığının əsasını qoydu. Bu xanlığa 1759-1783-cü illərdə Hüseynəli xan Qacar başçılıq edib.
Çar Rusiyasının hakimiyyəti dövründə İrəvanda yerli türk-müsəlman əhalinin dini ibadətlərini həyata keçirdiyi 8 (bəzi mənbələrdə 12) məscid mövcud olub. Bütövlükdə İrəvan vilayətində isə XX əsrin əvvəllərində 310 məscid qeydiyyata alınmışdı. Onlardan biri də Hüseynəli xanın Qacarın XVIII əsrin 60-cı illərində inşa etdirdiyi Göy Məsciddir.
Eni 66 metr, uzunluğu 97.2 metr olan Göy Məscid İrəvan şəhərinin əsas - mərkəzi cami məscidi olub. Ümumilikdə 7.000 kvadrat metrlik ərazidə yerləşən məscid çoxsaylı hücrələrə, kitabxanaya, ibadət zalına və həyətə malikdir. Ermənilər Göy Məscidi XX əsrdə iki dəfə yandırsa da, Sovet hökuməti onun 4 minarəsindən 3-nü söküb dağıtsa da bu memarlıq incisi günümüzədək gəlib çıxıb.
İki gün öncə İrəvan xanı Hüseynəli xanın varislərinin tamamilə soyqırıma və deportasiyaya məruz qaldığı və onlardan bircə nəfərin belə hazırda yaşamadığı İrəvan şəhərində erməni vandalizminin şər oxlarından yayınıb sağ qalan yeganə məscidin mərasim zalına İran İslam Respublikasının vitse-prezidenti Seyid Həmid Purməhəmmədinin iştirakı ilə erməni şairinin adı verilib və müvafiq lövhənin açılışı keçirilib.
İslam dini müqəddəs kitabı və digər aidiyyəti nəzəri əsasları ilə saxtakarlığı, riyakarlığı, qəsbi, işğalı birmənalı şəkildə rədd edir. İrəvan şəhəri və ona ətraf ərazilərin 1827-ci ildə işğal olunması və onun mərhələli şəkildə müsəlmansızlaşdırılması inkarolunmaz faktdır. Görəsən, belə olan halda adında islam sözü olan ölkənin vitse-prezidenti Göy Məscidin divarlarına bu şəhərin on minlərlə türk-müsəlman əhalisinin qanına qəltan etmiş ermənilərə aid saxta adı vurmaqla nəyə nail olmaq istəyir?!
Maraqlıdır ki, "Şahnamə"nin türkəfobiyası ilə hərəkət edən İran rəsmiləri bu məsələdə maskalanmağa da ehtiyac duymadan demonstrativ şəkildə saxtalaşdırmada iştirak edir və anti-Azərbaycan fəaliyyətlərində yeni səhifələr açırlar.
Əlbəttə ki, islam dininin tələblərinə tamamilə zidd olan bu saxta və riyakar addım Azərbaycan xalqının tarixi yaddaşına və milli kimliyinə qarşı yönəlib.
Ermənistanda qalan türk-müsəlman mədəni irsinin məqsədyönlü şəkildə saxtalaşdırılmasında iştirak etmək nə islama, nə insanlığa və nə də qonşuluğa uyğun deyil və qəbuledilməzdir.
Qərbi Azərbaycandakı yüzlərlə məscidin məhv edilməsindən narahatlıq keçirməyən və bunu bir dəfə də hansısa rəngdəki cizgisinə çevirməyən rəsmi Tehran Azərbaycanın tarixi, dini və mədəni irsinin işğalında dolayısı ilə ermənilərlə işbirliyinə girərək Göy məscidi İran-Ermənistan əməkdaşlığının nümunəsinə çevirib.
Göy Məscid sadəcə inşaat materiallarından ibarət olan məçhul konstruksiya deyil. Bu məscid minillər boyu İrəvanda yaşamış və bu ərazini idarə etmiş Azərbaycan xalqının əcdadları olan insanların ruhunun, inancının, varlığının, zəhmətinin və yaddaşının izidir. Özü də sözün hər iki mənasında daşlaşmış izi...
Saxtakarlıq edərək Azərbaycan xalqına aid mədəniyyət abidəsinə yad adlar asmaqla, işğalçı ilə riyakarcasına əməkdaşlıq etməklə tarixi həqiqəti nə dəyişmək mümkündür, nə də onu yaddaşlardan silmək. Ermənilər və onları xüsusi şövqlə qardaşı adlandıran fars şovinistləri əmin olsunlar ki, xalqımızın Qərbi Azərbaycan ərazisində minillər boyu formalaşdırdığ izləri nə yer üzündən, nə də yaddaşımızdan silə bilməyəcəklər.
Elməddin Behbud