Bakının Səbail rayonunda yerləşən, ümumi sahəsi 8 min kvadratmetrdən çox olan qeyri-yaşayış sahəsi elektron hərraca çıxarılır.
Modern.az xəbər verir ki, Xəqani küçəsi 87 ünvanında yerləşən 8 014,6 kvadratmetrlik qeyri-yaşayış sahəsi üzrə hərrac 26 noyabr 2026-cı il tarixində saat 14:30-da başlayacaq.
Əmlakın ilkin bazar dəyəri 25 milyon 311,1 min manat müəyyən edilib. Hərrac üzrə minimum satış qiyməti isə bazar dəyərinin 85%-i həcmində, yəni 21 milyon 514,4 min manat təşkil edir. Beləliklə, əmlak ilkin qiymətləndirmədən təxminən 3,8 milyon manat aşağı qiymətə satışa təqdim olunur. Məlumat hərrac platformasında qeyd edilib.
Hərrac elanına əsasən, orta təmirli əmlak 64 otaqdan ibarətdir. Onun yerləşdiyi torpaq sahəsi 0,5961 hektardır. Əmlaka dair hüquqmüəyyənedici sənəd çıxarışdır. Qeyri-yaşayış sahəsinin bir hissəsinin hazırda istifadə olunduğu bildirilir.
Hərracda iştirak üçün 30 min manat beh və 15 manat iştirak haqqı müəyyən edilib. Elektron hərrac 7 təqvim günü davam edəcək. Qalib iştirakçı əmlakın satış qiymətini 7 iş günü ərzində ödəməlidir.
(Banker)