Bayıl ərazisindəki tədqiqatların bir hissəsi yekunlaşıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Modern.az saytına məlumat verib. O bildirib ki, ərazidə hələki sakitlikdir:
“Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sonrakı tədqiqatların aparılıb-aparılmayacağını konkretləşdirməliyik. Çünki Nazirlər Kabineti sifarişçi kimi onlara tapşırmışdı. Fövqəladə Hallar Nazirliyi isə təklifləri gözləyir. Biz öz işimizi müəyyən lokal sahədə yekunlaşdırıb hesabat vermişik. Lakin fikrimcə, tək Bayıl ərazisini deyil, böyük bir sahənin hamısını – dənizə , Teleqüllənin arxa tərəfinə, Şəhidlər Xiyabanına, Nərimanov heykəlinə qədər bu tədqiqatlar getməlidir”.
Baş direktor deyib ki, qeyd edilən ərazilərin problemləri müəyyənləşməlidir:
“Sürüşmə hansı səbəblərdən törənir, hansı dərinliklərdə sürüşmə müstəvisi var və.s aşkarlanmalıdır. Tədqiqatlar bu cür davam etməlidir.
Yoxsa bu gün filan yer sürüşdü, onu tədqiq et, sabah başqa yer. Hesab edirəm ki, bu heç də düzgün məsələ deyil. Dediyim kimi Bayıl ərazisi ilə bağlı nəticəni çıxarmışıq. Yəni hansı dərinlikdə, neçə min kub metr sürüşmədir, əlavə sürüşməyə meylli ərazilər hansılardır – bunları müəyyən etmişik”.
Xatırladaq ki, bir neçə ay bundan öncə "Televiziya" qülləsi kompleksinin yaxınlığında, Bayıl yamacında torpaq sürüşməsi müşahidə olunub və sakinlərin həmin ərazilərdən köçürülməsinə başlanılıb.