Modern.az

Heydər Əliyevin ruhu şaddır!

Heydər Əliyevin ruhu şaddır!

Aktual

30 Sentyabr 2022, 13:28

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən 2023-cü il “Heydər Əliyev ili” elan olunub. Bu sərəncam Heydər Əliyevin anadan olmasının yüzilliyi şərəfinə imzalanıb. Qeyd edək ki, sərəncama əsasən gələn il bu münasibətlə müxtəlif miqyaslı tədbirlərin həyata keçirilməsi gözlənilir. 

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, dövlət başçısının sərəncamında “Heydər Əliyev İli” ilə bağlı tədbirlər planı hazırlanması göstərişi də verilib.

 

Deputat deyib ki, həmin tədbirlər planı iqtisadi sahəni də əhatə edəcək.

 

 

Onun sözlərinə görə, ulu öndər Heydər Əliyev Azərbaycanın bir dövlət kimi mövcud olmasını təmin etmiş, onu məhv olmaqdan xilas etmiş bir şəxsiyyətdir:

 

"Əminliklə demək olar ki, ölkəmizdə bütün sahələrin, o cümlədən də iqtisadiyyatın formalaşması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Konkret olaraq iqtisadi sahənin inkişafından danışsaq, biz ilk növbədə Heydər Əliyevin SSRİ dövründə ölkəmizə rəhbərlik etdiyi illərə nəzər salmalıyıq. Ulu öndər  Azərbaycan KP MK-nın birinci katibi seçilənə qədər respublikada sosial-iqtisadi sahədə durğunluq hökm sürürdü. Açıq etiraf etmək lazımdır ki, Azərbaycan ittifaq ölkələri arasında iqtisadi göstəricilər baxımından aşağı sıralarda idi və əsasən xammal ölkəsi kimi tanınırdı.

1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsindən başlayaraq, iqtisadiyyatda köklü struktur dəyişiklikləri aparıldı,iqtisadi inkişafın təmin edilməsi üçün işlək proqramlar hazırlandı, yeni üsullar tətbiq olundu. Nəticədə Azərbaycan xammal ölkəsindən qabaqcıl sənaye  ölkəsinə çevrildi.

Ulu öndərin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı zamanı isə ölkəmiz tarixinin ən çətin dövrünü yaşayırdı. Bu zaman söhbət iqtisadi durğunluqdan deyil, tənəzzül etmiş, tamamı ilə çökmüş iqtisadiyyatdan gedirdi. AXC - Müsavat  hakimiyyətin yarıtmaz siyasəti və səriştəsizliyi nəticəsində ölkədə tam bir xaos hökm sürürdü. Belə bir çətin şəraitdə Heydər Əliyev ilk növbədə siyasi və iqtisadi sabitliyə nail oldu. Çünki, həmin dövrdə iqtisadi dirçəlməni təmin etməyin yeganə yolu xarici investisiyanı cəlb etməkdən keçirdi. Müstəqilliyin ilk illərində respublikada yaranmış ağır şərait, ictimai-siyasi sahədə qeyri-sabitlik səbəbindən investisiya baxımından Azərbaycan əlverişli bir region sayılmırdı. Amma Heydər Əliyev öz gərgin əməyi və parlaq zəkası ilə vəziyyəti dəyişməyə nail oldu. Hakimiyyətə qayıdışından cəmi bir il sonra Azərbaycan tarixinin ən böyük iqtisadi hadisələrindən biri baş verdi.  “Əsrin müqaviləsi” imzalandı.  “Əsrin müqaviləsi”nin unikallığı həm də ondan ibarətdir ki, ölkənin çətin vəziyyətinə rəğmən, bu sənəd ölkənin milli maraqları maksimum nəzərə alınmaqla imzalanıb. Bunu isə Heydər Əliyev kimi bir siyasət dühası edə bilərdi.

 

Müstəqillik dövrünün ən böyük iqtisadi hadisələrindən biri də Bakı–Tbilisi–Ceyhan neft boru kəmərinin reallaşmasıdır. Ulu öndərin bu ideyasının həyata keçirilməsi iqtisadi üstünlükləri ilə bərabər, ölkəmizin müstəqilliyinin qorunması, onun iqtisadi təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malikdir. Bu, həm də Ümummilli liderimizin Türk dünyası qarşısında əvəzsiz xidmətidir.

 

Ümumilikdə deyə bilərəm ki, Heydər Əliyev ölkəmizdə möhkəm iqtisadi təməllər qoyub. Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlər Ulu öndərin siyasi strategiyasının uğurla icra olunması və inkişaf etdirilməsinin nəticəsidir. Bu gün həmin iqtisadi və siyasi kurs dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən davam etdirilir. Mən hesab edirəm ki, “Heydər Əliyev İli” Azərbaycan üçün bütün sahələr, o cümlədən də iqtisadi sahə ilə bağlı inkişaf və uğurlarla yadda qalacaq”.

 

Azərbaycan Respublikasının Xalq artisiti Mənsum İbrahimov da bu qərarı yüksək qiymətləndirdiyini bildirib.

 

 

Onun sözlərinə görə, bu qərar olmasa belə, Azərbaycan xalqı Heydər Əliyevi daim xatırlayır:

 

“Ulu öndər yeni Azərbaycanın memarı, Azərbaycanı xaosdan, parçalanmaqdan xilas edən böyük bir şəxsiyyət,  bugünkü inkişafımızın təməlini qoyan dahi siyasətçi olub. Hətta bu qərar olmasa belə, hər zaman xalq onu  məhəbbətlə yad edir. Hər il anım günündə, doğum günündə Heydər Əliyevi demək olar ki, bütün xalqımız anır. Çünki həqiqətən də, Heydər Əliyev Azərbaycan üçün çox böyük işlər görən, ölkəsini, xalqını sevən dahi bir insan olub. O xalqını sevir, onunla fəxr edirdi. O deyirdi ki, “Mən fəxr edirəm ki, Azərbaycanlıyam”. Bunu ancaq canıyla, qanıyla millətini sevən şəxs deyə bilər".

 

M.İbrahimovun qeyd edib ki, Heydər Əliyev həmişə Azərbaycan xalqının ürəyində yaşayacaq:

 

"Heydər Əliyev həmişə deyirdi ki, bir gün mütləq Qarabağ və Şuşa azad olacaq. Məhz Ali Baş Komandan İlham Əliyev bu ata vəsiyyətini yerinə yetirərək Şuşanı, Qarabağı azad etdi. Buna görə də, Heydər Əliyevin ruhu şaddır. Yeri gəlmişkən qeyd edim ki, Ümumilli lider mədəniyyət sahəsinə də çox böyük diqqət göstərirdi.  Bütün sənətkarların hamısını tanıyırdı. Şəxsən özü sənət adamlarına yaxınlaşırdı. Onların əhvalını soruşurdu. Mən şəxsən xoşbəxtəm ki, mənə əməkdar artist fəxri adını ulu öndərimiz verib. Daha sonra  prezident mükafatı ilə məni mükafatlandırıb. Heydər Əliyevin adı həmişə Azərbaycanla bir çəkilir. Çünki onun xidmətləri çox böyükdür. Hara baxsaq, onun əl işini görürük. Azərbaycanda yaradılan su anbarlarından tutmuş bir çox zavod və fabriklər, digər böyük işlər onun sayəsində ərsəyə gəlib. O xalqını sevirdi. Xalq da onu sevir. Odur ki, Heydər Əliyev bizim qəlbimizdə hər zaman yaşayacaq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı