ABŞ-da prezident Donald Trampın ikinci prezidentlik dövründə keçirilən 3 noyabr 2026-cı il tarixli aralıq seçkilər ölkənin siyasi tarixində bir sıra yeniliklərlə yadda qalıb. Seçkilərin ilkin nəticələri Konqresdə qüvvələr nisbətinin dəyişəcəyini göstərməklə yanaşı, müxtəlif ştatlarda indiyədək qeydə alınmayan siyasi hadisələrin də baş verməsinə səbəb olub.
Modern.az xarici KİV-lərin təhlillərinə istinadən xəbər verir ki, ABŞ vətəndaşları Konqresin yeni tərkibini müəyyənləşdirməklə yanaşı, 36 ştatda qubernatorları və yerli qanunverici orqanların üzvlərini seçmək üçün səsverməyə qatılıblar.
İlkin qeyri-rəsmi nəticələrə əsasən, hakim Respublikaçılar Partiyası həm Nümayəndələr Palatasında, həm də Senatda çoxluğu itirib. Bununla belə, builki seçkilər yalnız Konqresdəki siyasi mənzərənin dəyişməsi ilə deyil, ABŞ siyasi tarixində bir sıra ilk hadisələrlə də diqqət çəkib.
Erkən səsvermədə rekord qeydə alındı
ABŞ-ın bir sıra ştatlarında müxtəlif tarixlərdə başlayan erkən səsvermə prosesində iştirak göstəricisi rekord həddə çatıb.
Seçkilərlə bağlı məlumatları açıqlayan Florida Election Lab-ın hesabatına görə, ölkədə təxminən 210 milyon qeydə alınmış seçici olduğu halda, onların 59 milyona yaxını seçkilərin əsas gününü gözləmədən səsvermədə iştirak edib.
Beləliklə, 2022-ci il aralıq seçkilərində qeydə alınan 45,9 milyon nəfərlik erkən səsvermə göstəricisi geridə qalıb.
Nyu-Cersi tarixində ilk müsəlman konqresmen
Nyu-Cersi ştatının 12-ci seçki dairəsində də tarixi hadisə yaşanıb.
Respublikaçı rəqibi Qreq Meleyə qalib gələn Demokratlar Partiyasının namizədi Adam Hamaui ştat tarixində Nümayəndələr Palatasına seçilən ilk müsəlman olacaq.
Bu nəticə Nyu-Cersinin siyasi təmsilçilik tarixində mühüm yenilik kimi qiymətləndirilir.
Nümayəndələr Palatasına ilk qaradərili spiker
Demokratların Nümayəndələr Palatasında çoxluğu əldə etməsi partiyanın lideri Hakim Ceffrisin ABŞ tarixində ilk qaradərili spiker kimi fəaliyyət göstərməsinə yol açacaq.
Beləliklə, Ceffris ölkə tarixində Nümayəndələr Palatasının spikeri vəzifəsini tutan ilk qaradərili siyasətçi olacaq.
Kanzasda 94 ildən sonra ilk demokrat senator
Respublikaçıların ənənəvi olaraq güclü mövqeyə malik olduğu Kanzas ştatında da gözlənilməz nəticə qeydə alınıb.
İlkin qeyri-rəsmi nəticələrə əsasən, Demokratlar Partiyasının namizədi Adam Hamilton Senat seçkilərində rəqiblərini qabaqlayıb.
Hamilton 94 ildən sonra Kanzas ştatından senator seçilən ilk demokrat namizəd kimi tarixə düşüb.
Meyndə 1995-ci ildən sonra ilk demokrat senator
Meyn ştatında keçirilən aralıq seçkilərdə senatorluğa namizəd Troy Cekson qalib gəlib.
Onun qələbəsi ilə ştatda 1995-ci ildən bəri ilk dəfə Demokratlar Partiyasının nümayəndəsi Senatda yer qazanıb.
Cənubi Karolinada 28 ildən sonra demokrat senator
Respublikaçıların güclü mövqeyə malik olduğu Cənubi Karolina ştatında da uzun fasilədən sonra demokrat namizədin qələbəsi qeydə alınıb.
İlkin qeyri-rəsmi nəticələrə görə, Demokratlar Partiyasının namizədi Enni Endryus 28 ildən sonra ştatdan senator seçilən ilk demokrat olub.
Florida tarixində ilk qaradərili qubernator
ABŞ-da seçkilərin ən gərgin keçdiyi ştatlardan biri hesab olunan Floridada qubernatorluq uğrunda mübarizə də tarixi nəticə ilə yekunlaşıb.
İlkin qeyri-rəsmi nəticələrə əsasən, Respublikaçılar Partiyasının namizədi Bayron Donalds Demokratlar Partiyasından olan rəqibi Devid Colini geridə qoyaraq qalib gəlib.
Donalds Florida tarixində ilk qaradərili qubernator olacaq.
Texasın ilk latınamerikalı qadın qubernatoru
Texas ştatında keçirilən qubernator seçkiləri həm Respublikaçılar Partiyası üçün ciddi məğlubiyyət, həm də ştatın siyasi tarixi baxımından əlamətdar hadisə ilə yadda qalıb.
Uzun müddət Respublikaçıların əsas dayaqlarından biri hesab olunan Texasda Demokratlar Partiyasının namizədi Cina Hinohosa Respublikaçı rəqibi Qreq Ebbottu məğlub edib.
Hinohosa bununla da Texas tarixində latınamerikalı mənşəli ilk qadın qubernator seçilib.
ABŞ tarixində ilk yerli xalq mənsubiyyətli qadın qubernator
ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyasında daxili işlər naziri vəzifəsində çalışmış Deb Haaland da seçkilərin diqqətçəkən qaliblərindən olub.
O, Nyu-Meksiko ştatında keçirilən qubernator seçkilərində rəqiblərini qabaqlayıb.
Haaland ABŞ tarixində ştat qubernatoru seçilən ilk yerli xalq mənsubiyyətli qadın olacaq.
Onun qələbəsi ölkədə yerli xalqların siyasi təmsilçiliyi baxımından da mühüm hadisə hesab olunur.
Ə.Qafarlı