2027-ci ilin büdcə proqnozlarında aksiz vergisinə cəlb olunan məhsulların siyahısının genişləndirilməsi nəzərə alınıb.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan dövlət büdcəsi layihəsinə dair materiallarda qeyd edilib.
Gələn il Dövlət Vergi Xidmətinin xətti ilə aksizlərdən 1 milyard 669 milyon manat daxilolma gözlənilir. Bu, cari ilin proqnozundan 85 milyon manat və ya 5,4 faiz çoxdur.
Qeyri-neft-qaz sektorunda aksiz daxilolmalarının artımı məhsulların siyahısının genişləndirilməsi ilə yanaşı, siqaret, spirtli içki və pivə istehsalının artacağı proqnozu ilə də əlaqələndirilir.
İdxal olunan mallar üzrə aksiz daxilolmaları isə 240 milyon manat nəzərdə tutulur. Bu məbləğ cari ilin proqnozundan 6 milyon manat çoxdur. Sənəddə həmin artımın da bir sıra malların aksizli məhsullar siyahısına daxil edilməsi ilə bağlı olduğu göstərilib.
Təqdim olunan hissədə siyahıya əlavə ediləcək məhsulların adları açıqlanmayıb.