Xalq artisti Muxtar Maniyev vəfat edib. Bu haqda Modern.az-a onun ailə üzvləri məlumat verib.
Qeyd edək ki, aktyor uzun müddət idi ki, bir neçə xəstəlikdən, o cümlədən şəkərli diabetdən əziyyət çəkirdi.
2015-ci ildə aktyorun əvvəlcə sol ayağı, daha sonra sağ ayağı da amputasiya edilib.
Muxtar Maniyev 1935-ci ildə Bakıda doğulub. Muxtar Maniyevin kinoya gəlişi "Onu bağışlamaq olarmı?" filmi ilə başlayıb. Çox keçmədən ardınca "Koroğlu" filminə çəkilib. Kinorejissor Hüseyn Seyidzadə bu filmə aktyor axtarışı üçün instituta gələndə, Muxtarı elə ilk baxışdan gözü tutub və onu dəmirçi oğlu Polad rolunda çəkib. O vaxt Muxtar Maniyev hələ birinci kursda oxuyurdu. Bu möhtəşəm qəhrəmanlıq dastanında ona həvalə edilən Poladın obrazı haqqında o vaxt tənqidçilər də müsbət fikir söyləmişdilər. Deyirdilər ki, kinoya yeni nəfəs, yeni ampluada aktyor gəlib. Sonrakı illər bir-birinin ardınca "İnsan məskən salır", "O qızı tapın", "Bizim Cəbiş müəllim" filmlərində Muxtar çox uğurlu qəhrəmanları ekranda canlandırmaqla özünü təsdiq edib.
Aktyor 130-dan çox ekran əsərində müxtəlif rollar ifa edib.
Allah rəhmət eləsin...
Gülşən RAUFQIZI