Modern.az

İrəvanda “xatirəsinə” abidə qoyulan “Nemezis” əməliyyatı - ARAŞDIRMA

İrəvanda “xatirəsinə” abidə qoyulan “Nemezis” əməliyyatı - ARAŞDIRMA

27 Aprel 2023, 16:34

Azərbaycan və Türkiyə tərəflərinin böyük etirazı ilə qarşılanan İrəvanda "Nemezis" əməliyyatına abidə ucaldılması həm Bakı, həm də Ankara ilə münasibətlərini normallaşdırma prosesində olan Ermənistanın normal olmayan addımı kimi qəbul olunmalıdır.

 

Həm Azərbaycanın, həm də Türkiyənin Xarici İşlər Nazirlikləri məsələyə adekvat reaksiya verərək abidə ucaldılmasını pislədi. Bəs Ermənistanın paytaxtında abidə ucaltmağa layiq bildiyi "Nemezis" əməliyyatı nədir? Tarixi mənbələr bu bədnam əməliyyat barədə nələr deyir?

 

Fotoda: Bu yaxınlarda Ermənistanda "Nemezis" əməliyyatının "xatirəsinə" ucaldılmış abidə

 

Modern.az mövzu ilə bağlı kiçik bir araşdırma edib.

 

"Nemezis" əməliyyatı Daşnaksütun Partiyası tərəfindən planlaşdırılmış, təşkil olunmuş və bilavasitə icra edilmiş silsilə qətllərdən ibarət olan əməliyyatdır. 1920 və 1922-ci illərdə həyata keçirilib. Əməliyyatın adı yunan mifologiyasında qisas tanrısının adından götürülüb. "Nemezis" sözü də yunancadan "intiqam", "qisas" kimi tərcümə olunur. Əməliyyatın hədəfində Osmanlı imperatorluğunun son illərində hakimiyyətdə olan İttihad və Tərəqqi Firqəsinin olimpində təmsil olunan dövlət xadimləri və Azərbaycan Xalq Cümhuriyyətinin qurucu liderləri olub.

 

Fotoda: İrəvandakı "soyqırımı" muzeyində "Nemezis" əməliyyatına həsr olunmuş guşə

 

Belə ki, Daşnaksütun Partiyası qondarma "erməni soyqırımı" kimi qəbul etdiyi 1915-ci il hadisələrinə görə İttihad və Tərəqqi Firqəsinin rəhbərlərini, 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak qüvvələrindən azad etməsinə görə isə AXC liderlərini ittiham edərək "qisas" almaq arzusuna düşmüşdü.

 

"Nemezis" əməliyyatının ideyası 1918-ci ildə Ermənistan Demokratik Respublikası yarandıqdan və daşnaklar hakimiyyətə gəldikdən bir müddət sonra irəli sürülüb. 1919-cu ilin oktyabrında Daşnaksütun Partiyasının IX qurultayında gündəmə gətirilən ideyanın reallaşdırılması üçün sonradan xüsusi qrup formalaşdırılıb.

 

"Nemezis" əməliyyatının əsas müəllifləri erməni siyasətçiləri Şahan Natali və Qaregin Basdırmaçıyan hesab olunurlar.

 

 

Şahan Natali (əsl adı Akop Ter-Akopyan) 1884-cü ildə Osmanlı dövlətinin Elazığ bölgəsində anadan olub. 1904-cü ildə Daşnaksütun Partiyasına üzv olub. Boston Universitetində təhsil alıb. 1923-cü ildə ABŞ vətəndaşlığı alıb və Con Mehi adından istifadə etməyə başlayıb. Yazıçı və jurnalist kimi də fəaliyyət göstərib. "Nemezis" əməliyyatının ideya müəlliflərindən biri olmaqla yanaşı, əməliyyatın maliyyələşdirilməsi üçün qurulmuş fondun rəhbərliyini də həyata keçirib. Drastamat Kanayan və Qarejin Njde ilə fikir ayrılıqları yaşadığı üçün Daşnaksütun sıralarından xaric olunub. 1983-cü ildə 99 yaşında ABŞ-ın Massaçusets ştatında ölüb.

 

 

Qaregin Basdırmaçıyan 1872-ci ildə Osmanlı dövlətinin Ərzurum bölgəsində doğulub. Fransanın Nensi Universitetində oxuyub. Tələbəlik dövründə Daşnaksütun Partiyasının üzvlüyünə yazılıb. Bir müddət Fransa və İsveçrədə yaşadıqdan, Cenevrə Universitetində doktorantura təhsilini tamamladıqdan sonra Osmanlıya qayıdıb. Armen Karo adı ilə bir neçə quldurluq hadisələrində iştirak edib. 1908-1912-ci illərdə Osmanlı parlamentində deputat kimi Ərzurumu təmsil edib. I Dünya müharibəsi dövründə Çar Rusiyası Şərqi Anadolunu işğal edərkən Osmanlıya qarşı olan üsyanlarda aktiv iştirak edib. Ermənistan Demokratik Respublikası qurulduqdan sonra ABŞ-da səfir olub. 1923-cü ildə İsveçrədə ürək xəstəliyindən ölüb.

 

İlkin mərhələdə guya "soyqırımı"nda iştirak etmiş 650 nəfərin adları toplanaraq "qara siyahı" hazırlanıb. 650 nəfərdən 41 nəfəri başçı kimi ayrılaraq onların əsasında xüsusi siyahı tərtib olunub. Əməliyyatı həyata keçirmək üçün yaradılmış qrup iki hissəyə bölünüb. İlk yarımqrup birbaşa qətllərin təşkilinə məsuliyyət daşıyırdı və gizli fəaliyyət göstərirdi. İkinicisi isə rəsmi dərnək kimi görünərək xeyriyyə tədbirləri keçirir, ianələr toplayaraq əməliyyatın maliyyələşdirilməsi üçün istifadə olunan xüsusi fonda pul toplayırdı. Həmçinin kəşfiyyat məlumatları toplayan xüsusi şöbə də formalaşdırılmışdı ki, bu şöbənin əsas vəzifəsi qətlə yetiriləcək şəxslər barədə informasiya əldə etmək, əməliyyatın hazırlanması üçün detalları öyrənmək idi.

 

Bilavasitə icraçılar - qətli həyata keçirən şəxslərin seçilməsi üçün kasıb və işsiz partiya fəallarından 3-5 nəfərlik dəstələr hazırlanırdı. Hər bir qətlin icrası ayrı dəstəyə tapşırılırdı. Burada məqsəd qarşı tərəfdə qətllərin əvvəlcədən təşkil olunmuş şəkildə və vahid mərkəzdən idarə edilən formada həyata keçirilməsi barədə təsəvvürlərin yaranmasının qarşısını almaq idi.

 

Beləliklə hər şey hazır olduqdan sonra daşnaklar bədnam "Nemezis" əməliyyatına start verdi:

 

1) Hədəf: Fətəli Xan Xoyski. Məkan: Tiflis. Tarix: 19 iyun 1920-ci il.

 

 

İlk hədəf Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri olmuş Fətəli Xan Xoyski idi. Qatillər Aram Yerqanyan və Misak Kirakosyan idi. Əməliyyat zamanı AXC-nin sabiq ədliyyə naziri Xəlil bəy Xasməmmədov və hadisəni törədənlərdən Kirakosyan yaralandı. Xoyski isə öldürüldü.

 

2) Hədəf: Həsən bəy Ağayev. Məkan: Tiflis. Tarix: 19 iyul 1920-ci il.

 

 

Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində sədr müavini vəzifəsini tutmuş Həsən bəy Ağayev də "Nemezis" əməliyyatının qurbanlarından biri idi. Ağayevi də Aram Yerqanyan və Misak Kirakosyan qətlə yetirdi.

 

3) Hədəf: Tələt paşa. Məkan: Berlin. Tarix: 15 mart 1921-ci il.

 

 

Osmanlı imperatorluğunun baş naziri və daxili işlər naziri olmuş Tələt paşanın adı əməliyyat çərçivəsində qətlə yetiriləcək siyasi xadimlərin siyahısında ilk yeri tuturdu. Amma o, öldürülənlər arasında xronoloji baxımdan üçüncü oldu. Qətli tələbə Soğomon Teyleryan həyata keçirmişdi. Berlin məhkəməsinin qərarı ilə bəraət hökmü aldı.

 

4) Hədəf: Behbud xan Cavanşir. Məkan: İstanbul. Tarix: 19 iyul 1921-ci il.

 

 

Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri olmuş Behbud xanı Misak Torlakyan, Edvard Fundukyan və Arutyun Arutyunyants qətlə yetirib. O, həmin dövrdə işğal altında olan İstanbulda ingilis hərbi məhkəməsi tərəfindən mühakimə olunub. Hadisə yerində cinayəti törətdiyi silahla saxlanılan Torlakyan əqli qüsuru olduğu əsas göstərilərək həbsdən yayındırılıb.

 

5) Hədəf: Said Halim paşa. Məkan: Roma. Tarix: 5 dekabr 1921-ci il.

 

 

Osmanlı dövlətində vəzirliyə qədər yüksəlmiş paşa atla gəzərkən qətlə yetirilib. Onun qatili Arşavir Şirakyan hadisədən sonra qaçmağa müvəffəq oldu və onu tuta bilmədilər. Məlumata görə, qətlin təşkilatçılarından biri də Ermənistanın Romadakı sabiq səfiri Mikael Vartanyan olub.

 

6) Hədəf: Camal Azmi. Məkan: Berlin. Tarix: 17 aprel 1922-ci il.

 

 

Camal Azmi keçmiş Trabzon valisi olub. Arşavir Şirakyan və Aram Yerkanyan tərəfindən qətlə yetirilib.

 

7) Hədəf: Bahəddin Şakir. Məkan: Berlin. Tarix: 17 aprel 1922-ci il.

 

 

Bahəddin Şakir Osmanlının kəşfiyyat və xüsusi xidmət orqanı olan "Teşkilati Mahsusa"nın qurucusudur. Hadisə zamanı onun mühafizəçisi həyatını itirmişdi. Bahəddin Şakiri də Arşavir Şirakyan və Aram Yerkanyan cütlüyü öldürmüşdü.

 

 

8) Hədəf: Camal paşa. Məkan: Tiflis. Tarix: 25 iyul 1922-ci il.

 

 

Camal paşa Osmanlı dövlətinin hərbi dəniz qüvvələri naziri olub. Ənvər və Tələt paşalarla birlikdə İttihad və Tərəqqi Firqəsini idarə edən triumviartın nümayəndəsi olub. Cinayəti Petros Ter-Poğosyan və Artaşes Gevorqyan həyata keçirib. Təşkilatçılıqda Zar Melik-Şahnazaryan və Stepan Tsaqikyan da iştirak edib.

 

Əməliyyatda ermənilər də öldürülüb...

 

"Nemezis" əməliyyatı çərçivəsində AXC və Osmanlı dövlət xadimləri ilə yanaşı, bəzi ermənilər də öldürülüb. Məsələn, 1920-ci ildə İstanbulda "türklərə yardım etdiyi üçün" Mıkırtıç Arutyunyan adlı erməni Tələt paşanın qatili Soğomon Teyleryan tərəfindən öldürülmüşdü. "Türklərə məlumat ötürməkdə" günahlandırılan Vahe Yesayan isə Arşavir Şirakyan tərəfindən qətlə yetirilmişdi. Tələt paşanın qətli ilə bağlı hadisədə polisə informasiya verdiyi üçün isə Hınçaq Partiyasının üzvü Hamayak Aramyantsın həyatına Arşak Yezdanyan tərəfindən son qoyulmuşdu.

 

Fotoda: Ermənistanda Soğomon Teyleryana ucaldılmış abidə - Qətlə yetirdiyi Tələt paşanın başı Teyleryanın ayağı altında təsvir olunub

 

Bundan başqa, "Nemezis" əməliyyatı çərçivəsində öldürülməsi planlaşdırılan bəzi siyasi xadimlərin qətlə yetirilməsi isə mümkün olmamışdı. Məsələn, Osmanlının müdafiə naziri Ənvər paşa, İttihad və Tərəqqi Firqəsinin baş katibi olmuş Doktor Nazim bəy də qətlə yetiriləcəklərin siyahısında olsa da, daşnaklar məqsədlərinə müvvəffəq ola bilməmişdilər.

 

Bəzi mənbələrə görə, bolşeviklərin ordusu Azərbaycana daxil olandan sonra müəmmalı şəkildə Kürdəmir ərazisində qətlə yetirilmiş baş nazir Nəsib bəy Yusifbəyli də "Nemezis" əməliyyatının qurbanlarındandır. Lakin qətlin təfərrüatları barədə kifayət qədər məlumat olmadığı üçün bu məlumatların həqiqiliyini yoxlamaq mümkün deyil.

 

Modern Təhlil Qrupu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər