Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən Ermənistan və ABŞ arasında TRIPP (Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu) üzrə çərçivə sazişinin imzalandığı elan edilib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sənədin mümkün ratifikasiyasının vaxtını və saziş qüvvəyə mindikdən sonra layihənin həyata keçirilməsi mərhələlərini dəqiqləşdirməyib.
Ermənistanla ABŞ arasında TRIPP (Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu) üzrə çərçivə sazişinin imzalandığının elan edilməsi bir sıra məqamlara diqqət çəkir. Bunlardan biri artıq Ermənistanın Zəngəzur dəhlizindən boyun qaçıra bilməyəcəyi, digəri isə Paşinyan hökumətinin seçilməyə arxayın olmasıdır. Çünki bu məsuliyyəti götürməklə indiki hakimiyyət onu sabah ratifikasiya edə biləcəyinin mesajını verir.
Modern.az-a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov isə bildirib ki, rəsmi İrəvanla Vaşinqtonun TRIPP-lə bağlı çərçivə sazişini imzalaması Paşinyan hökumətinin seçkiqabağı özünü rahat hiss etdiyinin göstəricisidir:
“Əlbəttə, ABŞ-lə Ermənistan arasında TRIPP-lə əlaqədar sazişin imzalanması vacib məsələdir. Lakin bu sənəd hələ parlamentdə ratifikasiya edilməlidir. Çox güman ki, saziş seçkilərdən sonra ratifikasiya ediləcək. Məncə, bu sənədin imzalanması Paşinyan hökumətinin özünü seçkiqabağı çox yaxşı hiss etdiyinin göstəricisidir. Yəni onlar bununla seçkini qazanacaqlarını və daha sonra sənədi də ratifikasiya edə biləcəklərini göstərirlər. Paşinyanın seçkiqabağı özünü çox yaxşı hiss etməsi müsbət haldır”.
Sabiq nazir Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı isə belə düşünür:
“Düşünürəm ki, seçkiləri Paşinyanın partiyası qazana bilər. Ən maraqlı nüans isə Moskvanın buna necə reaksiya verəcəyi ilə bağlıdır. Moskva Paşinyan hakimiyyətinin Avropa İttifaqı ilə daha sıx əməkdaşlıq qurmaq istədiyini söyləyir. Bu fikirlər Paşinyanın bir neçə dəfə Avropa ilə yaxınlaşmanın Avrasiya İqtisadi İttifaqından çıxmaq anlamına gəlmədiyini deməsinə və seçkidən sonra ilk səfərin Moskvaya ediləcəyini söyləməsinə baxmayaraq irəli sürülür. Bununla Paşinyan Rusiya hakimiyyətini sakitləşdirmək istəyir. Diqqətçəkən məsələ Moskvanın seçkilərdən sonra hansı addımları atacağıdır.
Yeri gəlmişkən, Ermənistanda 7 iyun seçkilərində kimin qalib gəlməyindən asılı olmayaraq, Zəngəzur dəhlizi artıq qaçılmaz reallıqdır. Amma ssenari dəyişsə və hakimiyyətə revanşistlər gəlsə, imzalanan sənədi ratifikasiyaya göndərməsələr, sənəd elə öz-özünə öləcək. Vaxtilə Türkiyə ilə Ermənistan sərhədlərin açılması ilə bağlı sənəd imzalamışdı. Lakin sonra Türkiyə hökuməti sənədi heç ratifikasiyaya göndərmədi. Ermənistanda da revanşistlər hakimiyyətə gəlsə, sənəd imzalansa da, yox olub gedə bilər”.
Sabiq nazir hakimiyyət dəyişikliyi səbəbindən Zəngəzur dəhlizi ilə bağlı məsələdən Ermənistanın geri çəkiləcəyi təqdirdə ona təzyiq göstəriləcəyini vurğulayıb:
“Təbii ki, belə olan halda ABŞ və Azərbaycan tərəfindən Ermənistana qarşı təzyiq mexanizmləri yüz faiz olacaq. Çünki sənədin imzalanması elə-belə məsələ deyil. Mən Zəngəzur dəhlizi ilə bağlı pozitiv düşünürəm. Bir sözlə, gec-tez Zəngəzur dəhlizi açılacaq”.