Türkiyə mediasının müəyyən sol-liberal və müxalif qanadlarında (xüsusilə "T24" və "Evrensel" kimi platformalarda, əslində radikal islamçı adı ilə Türk düşmənləri olanlar) son dövrlər dərc olunan materiallar dərindən araşdırıldıqda tamamilə fərqli və təhlükəli bir ssenariyə xidmət etdiklərini büruzə verirlər.
Ermənistandakı seçkilər ərəfəsində Nikol Paşinyanın "sülhməramlı" obrazında canlandırmaq və Azərbaycanın dövlət şirkətlərinin beynəlxalq enerji layihələrinə qara don geyindirmək, birbaşa regional güc mərkəzinə çevrilən Əliyev-Ərdoğan dostluğuna və Ankara-Bakı strateji müttəfiqliyinə qarşı idarə olunan sistemli qarayaxma kampaniyasıdır.
Bu cür yazıları jurnalist araşdırması kimi qəbul etmək həddən artqı sadəlövhlük olardı. Onlar Cənubi Qafqazda və bütövlükdə Ön Asiyada formalaşan yeni reallıqları həzm edə bilməyən xarici qüvvələrin diktəsi ilə hərəkət edən regional proksilərin trollarıdır.
Türkiyənin bəzi media platformalarında Ermənistan seçkiləri kontekstində irəli sürülən iddialar iki qardaş ölkə arasına nifaq salmaq, Türkiyə ictimaiyyətində "Azərbaycan bizim xarici siyasətimizi əsir alıb" rəyini formalaşdırmaq məqsədi daşıyır.
Paşinyanın pencəyinin üzərində gəzdirdiyi və Ermənistanın mövcud rəsmi sərhədlərini əks etdirən nişan üzərindən ona "sülh göyərçini" donu geyindirənlər, İrəvanın hələ də öz Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını saxladığını ört-basdır edirlər, yaxud bunu görməzdən gəlirlər. Bu binəvalar yaxşı bilirlər ki, regionda revanşist qüvvələrin mövcudluğunu bu dünyada Əliyvlə Ərdoöğandan daha düzgün təsbit edən kimsə yoxdur.
Sifarişli narrativlərlə zəngin olan belə yazılarda Ermənistanla sərhədin açılması kontekstində Azərbaycanın diplomatik bəyanatlarının "Türkiyəyə şərt diktə etmək" kimi təqdim olunması siyasi savadsızlıqdan daha çox, qəsdən törədilən media təxribatıdır. Türk toplumunun emosiyası ilə oynamaq cəhdidir.
Bu bədbəxtlər anlamalıdırlar ki, Şuşa Bəyannaməsi ilə rəsmiləşən və Əliyev-Ərdoğan birliyinə əsaslanan xarici siyasət "diktə" deyil, tam koordinasiyalı strateji tərəfdaşlıqdır.
Türkiyə ilə Azərbaycan regionda vahid güc mərkəzi olaraq hərəkət edirlər. "Azərbaycan Türkiyəni təzyiq altında saxlayır ki, Ermənistanla sərhədi açmasın" tezisi, Bakının Ermənistanı tam asılılığa salmaq üçün Ankaradan alət kimi istifadə etdiyini iddia edəcək qədər absurd və mənfur bir yanaşmadır. Əslində isə Ankara da, Bakı da çox yaxşı anlayır ki, Ermənistan Konstitusiyasındakı revanşist bəndlər dəyişmədən və yekun sülh müqaviləsi imzalanmadan atılacaq hər bir tələsik addım sabah qüvvəsiz ola və gələcəkdə regionu yeni bir müharibə alovuna sürükləyə bilər.
Kampaniyanın digər çirkin tərəfi isə "Evrensel" kimi platformalar vasitəsilə Türkiyə cəmiyyətinin ən həssas nöqtəsi olan "Fələstin mövzusu" üzərindən yürüdülür. Azərbaycanın milli dövlət şirkəti olan SOCAR-ın İsrailin "Tamar" qaz yatağından 10% pay almasını qəsdən təhrif edərək, bunu "Qəzza soyqırımına tərəfdaşlıq" və "imperialist planlara ekonomik dəstək" kimi təqdim etmək əxlaqsızlığın və mənəvi manipulyasiyanın ən pik nöqtəsidir.
Azərbaycan hər zaman Fələstin xalqının haqlarını beynəlxalq arenada müdafiə edib və humanitar dəstəyini əsirgəməyib. Bununla yanaşı dövlətlərin xarici siyasəti və qlobal enerji strategiyaları emosiyalardan uzaq, milli maraqlarla tənzimlənir. SOCAR-ın Şərqi Aralıq dənizində, Avropa İttifaqının dəstəklədiyi "yaşıl enerji koridorları" və trans-milli layihələrdə pay sahibi olması Azərbaycanın böyük qlobal oyunçuya çevrilməsinin göstəricisidir.
Bunu "avtoritar rejimlərin işbirliyi" kimi qələmə verən dairələrin əsl məqsədi, Türkiyə daxilində Ərdoğan hökumətinə qarşı yürüdülən daxili siyasi mübarizəyə Azərbaycanı da alət etməkdir. Eyni zamanda Azərbaycanın dünya çapında əldə etdiyi nüfuza guya öz aləmlərində həssas yerdən zərbə vurmaq deməkdir. Onlar yaxşı anlayırlar ki, Ərdoğanla Əliyevin birgə iradəsi təkcə Qafqazda deyil, Aralıq dənizindən Mərkəzi Asiyaya qədər uzanan nəhəng bir coğrafiyada Qərbin və bəzi regional imperialist güclərin planlarını alt-üst edir. Bu qarayaxma kampaniyasının arxasında dayananlar əslində özlərini çox açıq ələ verirlər. Qarabağın azad olunmasını, Zəngəzur dəhlizi layihəsini və Orta Dəhlizin qlobal logistik mərkəzə çevrilməsini öz varlıqlarına təhlidə görən anti-türk mərkəzlər, birbaşa hərbi və ya diplomatik yolla sarsıda bilmədikləri Türkiyə-Azərbaycan birliyini daxildən medianı iyrənc alətə çevirərək zəiflətməyə çalışırlar. Türkiyə mediasındakı bu uzantılar qardaş iki xalqın şüuruna subyektiv şübhələr toxumu səpməklə, "Bir millət, iki dövlət" fəlsəfəsini iqtisadi maraqlar və süni rəqabət müstəvisinə çəkmək istəyirlər.
Lakin unudurlar ki, Əliyev Ərdoğan dostluğu ortaq tarix və sarsılmaz xalq iradəsinin təzahürüdür. Bu dostluğa kölgə salmaq, xarici qüvvələrin rəzil ssenarilərinə nökərlik etmək istəyənlərin cəhdləri növbəti dəfə fiaskoya məhkumdur.
Regional sabitliyin, sülhün və inkişafın yeganə təminatçısı olan Bakı-Ankara xətti bu gün hər zamankından daha güclü, daha qətiyyətli və daha ayıq-sayıqdır.