Modern.az

İcra səlahiyyətləri bələdiyyələrə verilsin, deputat sayı 175 olsun!

İcra səlahiyyətləri bələdiyyələrə verilsin, deputat sayı 175 olsun!

Analitika

Bu gün, 15:42

Azərbaycanda Konstitusiya dəyişiklikləri ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Parlamentin səlahiyyətlərinin artırılması, yerli icra hakimiyyətlərinin gələcəyi, seçki sistemində dəyişikliklər və rəqəmsal hüquqların konstitusion təminatı son dövrlər cəmiyyətdə daha çox müzakirə olunan məsələlər sırasındadır.
 
Modern.az xəbər verir ki, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirir ki, ümumiyyətlə, hər zaman Konstitusiya dəyişikliyinə əsaslı və bir qədər ehtiyatla yanaşmaq lazımdır.

“Konstitusiya adi hüquqi sənəd deyil. Bu, dövlətin hüquqi kimliyini göstərən pasportdur. Konstitusiya gələcəyə baxışı özündə əks etdirir. Ötən il, 2025-ci il “Konstitusiya və Suverenlik İli” oldu. Ötən il biz Konstitusiyanın 30 illiyini qeyd etdik və bu müddət ərzində hansı uğurlara nail olmuşuq, həmin məsələlər geniş surətdə müzakirə olundu. Müzakirələrdə iştirak edən şəxslərdən biri də mən idim və Konstitusiyaya əlavə dəyişikliklərin edilməsini zəruri hesab edirdim. Zaman-zaman bir çox deputatlarımız tərəfindən Konstitusiya dəyişikliklərinin edilməsi, hətta yeni Konstitusiyanın qəbul olunması məsələsi gündəmə gətirilmişdi. Onun son müsahibəsində də bu məsələlər ətrafında bir çox təkliflər səsləndirilib. Məncə, ilk növbədə bir məsələdə razılaşmalıyıq ki, Konstitusiya nə müqəddəs, toxunulmaz mətn, nə də tez-tez dəyişdirilməli olan siyasi sənəddir. Bunu qəti surətdə unutmayaq. Yəni Konstitusiyaya dəyişiklik etmək mümkündür, o, toxunulmaz mətn deyil, amma eyni zamanda tez-tez dəyişiklik edilməsi Konstitusiya dəyərlərini aşağı sala bilər. Əlbəttə ki, Konstitusiya cəmiyyətin inkişafı ilə ayaqlaşmalıdır. Həyat, ictimai münasibətlər, idarəetmə modelləri, vətəndaş-dövlət münasibətləri dəyişirsə, Konstitusiya da müəyyən mərhələdə həmin dəyişikliklərə cavab verməlidir. Həm Konstitusiya mövcud ictimai münasibətlərdəki dəyişikliklərə cavab verməlidir, həm də yeni ictimai münasibətlərin yaranmasında bir kompas rolunu oynamalıdır”.
 
Həmsöhbətimiz qeyd edir ki, bu günun Azərbaycan, əlbəttə ki, 1995-ci ilin Azərbaycanı deyil:

“Artıq ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş bir dövlətik. Qarabağ və Şərqi Zəngəzurda tamamilə yeni idarəetmə və inkişaf modeli formalaşdırılır. Dövlət idarəetməsində rəqəmsallaşma daha da genişlənir və süni intellekt əsas alətlərdən birinə çevrilir. İdarəetmənin özündə də yeni təhlükəsizlik çağırışları var. Vətəndaş-dövlət münasibətlərinin məzmununda da kəskin dəyişikliklər mövcuddur. Artıq funksional dövlətlilikdən çıxaraq xidmət edən dövlət konsepsiyasına keçirik. Bu günlərdə Milli Məclis tərəfindən “Dövlət-vətəndaş haqqında” Qanunun qəbul edilməsi də bunu göstərir. Bundan əvvəl də bir çox institusional dəyişikliklər baş vermişdi. ASAN Xidmət, DOST və digərləri. Rəqəmsal hüquqlar yaranır. İstər-istəməz bunlar Konstitusiya dəyişikliklərinin müzakirəsini aktuallaşdırır. Konstitusiyaya dəyişikliklər və ya yeni Konstitusiyanın qəbul edilməsi məsələsini gündəmə gətirir”.
 
Ə. Nuriyev düşünür ki, hazırkı mərhələdə əsas sual “Yeni Konstitusiya lazımdırmı?” sualı deyil: “İndi əsas məsələ “Mövcud Konstitusiya dövlətin və cəmiyyətin qarşısında duran yeni vəzifələri nə dərəcədə əhatə edir?” sualıdır. Əlbəttə ki, burada müzakirə olunan müəyyən məsələlər var. Məsələn, Prezidentin səlahiyyətli xüsusi nümayəndəlik institutu yaradılıb. Bu institut postmüharibə dövrünün zərurətindən irəli gəlib və praktikada hazırda özünü çox yaxşı doğruldur. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma prosesləri də çevik və kombinə olunmuş idarəetmə mexanizmlərinə ehtiyac yaradır. Bir hüquqşünas kimi düşünürəm ki, dövlət idarəetməsində mühüm yer tutan hər bir institutun hüquqi statusu, səlahiyyət sərhədləri və məsuliyyət mexanizmləri dəqiq müəyyən edilməlidir.
 
İkinci mühüm istiqamət yerli idarəetmə məsələsidir. Bu məsələ də zaman-zaman müzakirə olunub. Açığını deyim, uzun illərdir ölkədə yerli idarəetmənin gələcəyi ilə bağlı müzakirələr gedir. Hətta deyərdim ki, bu müzakirələr 1995-ci il Konstitusiyası qəbul ediləndən başlayıb və ilk bələdiyyə seçkilərindən, yəni 1999-cu ildən bir müddət keçdikdən sonra daha da aktuallaşıb. Bələdiyyələr mövcuddur, amma onların maliyyə və institusional imkanları ilə bağlı çoxsaylı suallar qalmaqdadır. Məncə, gələcəkdə dövlət idarəetməsinin daha səmərəli qurulması baxımından bu sahədə müəyyən müzakirələr qaçılmazdır və bu istiqamətdə dəyişikliklərin edilməsi zəruridir. Düşünürəm ki, bizdə ümumiyyətlə yerli idarəetmənin fəlsəfəsinə yeni baxış olmalıdır. Şəxsi qənaətim odur ki, yerli icra hakimiyyəti strukturları ləğv edilməlidir. Çünki bu institutlar özünü doğrultmadı və kommunist irsindən qalmadır. Ötən müddət ərzində bu institutda sosial deqradasiyanın olması və eyni zamanda mövcud tələblərə cavab verməməsi açıq şəkildə görünür. Ona görə də yaxşı olar ki, yerlərdə bütün səlahiyyətlər bələdiyyələrə verilsin. Bələdiyyələrin statusu dəyişsin, yarım-dövlət statusuna çevrilməsi məsələsi gündəmə gəlsin. Türkiyə və ya Fransa modelindən istifadə edilə bilər. Biz mərkəzi idarəetməni regional idarəetmə səviyyəsinə qaldırmalıyıq. Burada vilayətlər və ya qəzalar ola bilər. Əslində, iqtisadi zonalaşdırma özü regional idarəetmə üçün ciddi iqtisadi əsaslar yaradıb. 14 iqtisadi rayon var və onların üzərində belə bir model qurmaq mümkündür. Bu həm çevik idarəetmə forması olacaq, həm də səlahiyyətli idarəetmə modelini vilayət idarəetmə modeli formasında həyata keçirmək mümkün olacaq. Hesab edirəm ki, bu effektivdir və həm də dövlət vəsaitlərinə qənaət edilməsinə gətirib çıxara bilər. Eyni zamanda çevik, yüksək səviyyəli və operativ idarəetməni təmin etmək mümkün olacaq”.
 
Ə.Nuriyev hesab edir ki, parlamentin təhqiqat funksiyası olmalı, nəzarət funksiyası güclənməlidir. “Parlamentin say tərkibi məsələsinə də baxmaq lazımdır. Yenidən daha optimal say müəyyən edilməlidir. Çünki Azərbaycan əhalisinin sayına yaxın ölkələr var ki, oralarda parlament təmsilçiliyi daha çoxdur. Yəni deputat sayını 125-dən 150-yə və ya 175-ə çatdırmaq olar”.
 
Hüquqşünasın fikrincə, Nazirlər Kabineti ləğv edilməlidir: “Prezident idarəetmə forması Nazirlər Kabinetinin olmasını klassik model baxımından istisna edir. Eyni zamanda vitse-prezident institutu var. Birinci vitse-prezident institutu da çox uğurlu institut kimi özünü təsdiq edib və hesab edirəm ki, artıq Nazirlər Kabinetinə xüsusi ehtiyac yoxdur. Nazirlər Kabinetinin ləğv edilməsi və bütün funksiyaların Birinci vitse-prezidentə və digər vitse-prezidentlərə verilməsi daha doğru olardı və bütövlükdə bu, idarəetmə prosesini daha da çevikləşdirər, qərar qəbuletmə prosesini sürətləndirə bilərdi. Bütün bunlar referendumu zəruri edir.
 
Parlament respublikasına keçidi hazırkı mərhələ üçün zəruri hesab etmirəm. Gələcək perspektivdə bu barədə düşünmək olar. Amma indiki mərhələdə hesab edirəm ki, prezidentli respublika modeli uğurlu inkişafın əsas rəmzidir. Azərbaycanın yerləşdiyi geosiyasi məkan, regiondakı proseslər, təhlükəsizlik reallıqları nəzərə alınmaqla, bu məsələyə olduqca məsuliyyətlə yanaşmanın tərəfdarıyam və hesab edirəm ki, hazırkı Prezident respublika modeli Azərbaycanın idarə olunması baxımından ən uğurlusudur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın böyük şəhərləri VURULDU - Yaralılar var