Modern.az

TRİPP sazişi Paşinyanın seçkiqabağı kampaniyasının tərkib hissəsidir

TRİPP sazişi Paşinyanın seçkiqabağı kampaniyasının tərkib hissəsidir

Analitika

Bu gün, 10:23

Cənubi Qafqaz kontekstində dünənin baş xəbəri Ermənistan xarici işlər naziri Ararat Mirzoyan tərəfindən Ermənistan ilə ABŞ arasında TRIPP üzrə çərçivə sazişinin imzalanması oldu. Bu hadisənin bütövlükdə region, xüsusilə də Ermənistan üçün əhəmiyyətini qiymətləndirməkdən əvvəl qeyd edilməlidir ki, Ermənistan ərazisindən keçməli və Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməli olan Zəngəzur dəhlizinin 42 kilometrlik hissəsini əhatə edən TRIPP tranzit dəhlizi layihəsinin icrasına dair Bəyannamə ötən il avqustun 8-də Vaşinqtonda imzalandı və Azərbaycan ilə Ermənistan arasındakı razılaşmaların əsas elementlərindən birinə çevrildi.

Bu faktı nəzərə alsaq, sözügedən layihə üzrə iyunun 4-də imzalanmış çərçivə sazişi, mahiyyətcə, regionun postmünaqişə arxitekturasının mühüm amili kimi hesab etmək olar. Bu amil isə Bakı ilə İrəvan arasındakı sülh prosesinə inteqrasiya olunub və regional kommunikasiyaların açılmasına yönəlib ki, bu da nəqliyyat marşrutunun iştirakçılarına həm geosiyasi, həm siyasi, həm də iqtisadi cəhətdən müəyyən üstünlüklər qazandıracaq.

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

Onun sözlərinə görə, bu layihə Azərbaycana Naxçıvanla quru əlaqəsini bərpa etmək imkanı yaradır ki, bunun da nəticəsi qardaş Türkiyə ilə əlaqələrin daha da möhkəmlənməsi və Bakının Avrasiya nəqliyyat-loqistika şəbəkəsinin mərkəzi kimi rolunun artması olacaq.

K.Bayramov qeyd edib ki, Amerikanın maraqları baxımından isə bu marşrutun reallaşması Vaşinqtona Cənubi Qafqazda möhkəmlənməyə və Avrasiyanın tranzit marşrutlarında öz mövqelərini gücləndirməyə imkan verəcək. Yəni, ABŞ loqistika geosiyasətinin məsuliyyətini üzərinə götürməklə, nəqliyyat infrastrukturu vasitəsilə regional proseslərə təsir göstərmək imkanı əldə edir. Amerika Birləşmiş Ştatları üçün Ermənistana hazırda məqsədyönlü şəkildə qərbyönümlü siyasət yürüdən bir liderin rəhbərlik etməsi də az rol oynamır. Bu amil nəzərə alınmaqla, TRIPP layihəsi üzrə çərçivə sazişinin bu ölkədəki parlament seçkiləri ərəfəsində imzalanması Amerika tərəfi üçün prinsipial əhəmiyyət kəsb edir, çünki İrəvanın gələcək xarici siyasət kursu məhz bu seçkilərin nəticələrindən asılıdır.

Deputat həmçinin diqqətə çatdırıb ki, Ermənistanın özünə gəlincə, bu nəqliyyat marşrutu sözügedən ölkəyə investisiyalar, kommunikasiyaların açılması və Qərblə əlaqələrin güclənməsi formasında müsbət dividendlər vəd etməklə yanaşı, həm də müəyyən risklər, məsələn, Ermənistan-Rusiya və Ermənistan-İran münasibətlərində qarşıdurmanın kəskinləşməsini vəd edir. Bu kontekstdə qeyd etmək lazımdır ki, TRIPP üzrə saziş Paşinyan komandasının əsasında Azərbaycanla sülh dayanan seçkiqabağı strategiyasına tam uyğun gəlir və hazırkı baş nazir üçün onun elektorat arasındakı reytinqini qaldıra biləcək əhəmiyyətli bir amilə çevrilir.

"Bütün bunlar onu deməyə əsas verir ki, "Tramp Marşrutu" üzrə çərçivə sazişi Paşinyanın seçkiqabağı kampaniyasının tərkib hissəsidir. Bu addım baş nazirin Qərblə yaxınlaşma kursunun ölkəyə təkcə iqtisadi fayda deyil, həm də ABŞ-ın şəxsində beynəlxalq dəstək gətirdiyini sübut etməyə, habelə Avropa İttifaqı ilə siyasi dialoqun daha yüksək səviyyəyə çıxması perspektivlərini açmağa yönəlib. Avropa İttifaqı nümayəndələrinin daha əvvəl TRIPP layihəsində iştirak etməyə maraqlı olduqlarını dəfələrlə bəyan etdiklərini nəzərə alsaq, bu, tam məntiqlidir. Yəni, Ermənistan Brüssel üçün Avropa ilə Asiya arasındakı yeni nəqliyyat marşrutlarının mühüm elementinə çevrilir. Bu fonda Avropa İttifaqının İrəvana əlavə iqtisadi dəstəyi müzakirə etməsi olduqca vacib göstəricidir. Bura, xüsusən, 50 milyon avrodan çox həcmdə təcili maliyyə yardımı paketi, həmçinin Ermənistanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını sadələşdirmək tədbirləri daxildir. Bu addımlar Ermənistan iqtisadiyyatını Rusiyanın tətbiq etdiyi məhdudiyyətlərdən qorumaq məqsədi daşıyır. Bundan əlavə, iyunun 1-də Avropa İttifaqı bu ölkə ilə vizaların liberallaşdırılması üzrə dialoqu dəstəkləməyə yönəlmiş 2,2 milyon avro dəyərində iki illik proqrama start verib", - deyə K. Bayramov əlavə edib.

Deputatın fikrinə görə, böyük ehtimalla iddia etmək olar ki, TRIPP üzrə çərçivə sazişinin imzalanması İrəvanın xarici siyasətdə Qərbə doğru irəliləməsinin növbəti göstəricisidir. Beləliklə, Ermənistanın "Tramp Marşrutu"ndan əldə etdiyi əsas siyasi dividend ölkənin Qərbin Cənubi Qafqaz strategiyasının iştirakçılarından birinə çevrilməsidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycanlıların olduğu gəmilər vuruldu - ÖLƏNLƏR VAR