Modern.az

Azərbaycan dövlət idarəçiliyində dünya üçlüyünə girdi - UĞUR

Azərbaycan dövlət idarəçiliyində dünya üçlüyünə girdi - UĞUR

Analitika

Bu gün, 12:44

Dövlət idarəçiliyi sahəsində ölkələr üzrə hökumətlərin bacarıq və səmərəliliyini qiymətləndirən nüfuzlu "Chandler Good Government Index"in (CGGI) 2026-cı il üzrə illik hesabatı dərc olunub.

Modern.az xəbər verir ki, qlobal miqyasda 133 ölkənin dövlət idarəçiliyi sistemini 7 əsas istiqamət və 35 göstərici üzrə araşdıran hesabata əsasən, bu il ölkələrin 61%-i öz idarəetmə keyfiyyətini yüksəldib. Bununla da qlobal idarəetmə balı son 5 ilin ən yüksek səviyyəsinə çatıb. Reytinqə ardıcıl olaraq dördüncü ildir ki, Sinqapur liderlik edir.

Ümumi reytinqdə ilk 10-luqda müvafiq olaraq Sinqapur, Norveç, Danimarka, Finlandiya, İsveç, İsveçrə, Almaniya, Niderland, BƏƏ və Lüksemburq qərarlaşıb.

Hesabatda builki göstəriciləri ilə ən çox diqqət çəkən ölkələrdən biri məhz Azərbaycan olub. Ölkəmiz dövlət idarəçiliyinin effektivliyi baxımından ümumi reytinqdə 57-ci yerdə qərarlaşsa da, ayrıca "Maliyyə idarəçiliyi" istiqamətində dövlət təsisatlarının səmərəliliyi, büdcə intizamı və qəbul edilən strateji qərarların operativliyi kriteriyaları üzrə yüksək ballar toplayaraq dünyada 3-cü yerə yüksəlib.

Azərbaycanın digər 6 istiqamət üzrə göstəriciləri isə aşağıdakı kimidir:

Liderlik və uzaqgörənlik: 39-cu yer

İnsanların yüksəlişinə dəstək: 57-ci yer

Möhkəm qanunlar və siyasətlər: 67-ci yer

Cəlbedici bazar mühiti: 68-ci yer

Güclü təsisatlar: 94-cü yer

Qlobal təsir və nüfuz: 94-cü yer

Hesabatda regional ölkələrin də idarəetmə göstəriciləri əks olunub.

Türkiyə ümumi reytinqdə 75-ci yerdə qərarlaşıb. Rəqəmsal dövlət xidmətləri və cəlbedici bazar mühiti ilə regionda sabit mövqeyini qoruyan ölkə ən yaxşı nəticəni "Qlobal təsir və nüfuz" sütununda (37-ci yer), ən zəif nəticəni isə "İnsanların yüksəlişinə dəstək" kateqoriyasında (100-cü yer) göstərib.

Rusiya ümumi sıralamada Türkiyədən 3 pillə aşağıda - 78-ci yerdədir. Son illərdə yaşanan maliyyə sıxıntılarına baxmayaraq, ölkə xərclərin səmərəliliyi və büdcə intizamı sahəsində müəyyən bərpa nümayiş etdirib. Rusiya ən yaxşı nəticəsinə "Qlobal təsir və nüfuz" (54-cü yer), ən pis nəticəsinə isə "Cəlbedici bazar mühiti" (112-ci yer) sütununda imza atıb.

Gürcüstan ümumi reytinqdə region ölkələri arasında ən yüksək sırada - 43-cü yerdə qərarlaşsa da, heç bir ayrıca kateqoriyada ilk 10-luğa daxil ola bilməyib. Ölkə əsasən dövlət təsisatlarında şəffaflıq və möhkəm qanunvericilik bazası sütunları üzrə orta sıralarda yer alıb.

Ermənistan isə indeksdə 64-cü yerdə qərarlaşıb. Ölkənin ən yaxşı göstəricisi "Maliyyə idarəçiliyi" (57-ci yer), ən aşağı nəticəsi isə "Liderlik və uzaqgörənlik" (89-cu yer) sütununda qeydə alınıb.

 

Töhfə Səməd

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Ermənistana sərt sözlər - Seçkidə SAXTAKARLIQ VAR!