Modern.az

Sürət Hüseynovun Elçibəyə qarşı qiyamı - 33 il əvvəlki HADİSƏ

Sürət Hüseynovun Elçibəyə qarşı qiyamı - 33 il əvvəlki HADİSƏ

Analitika

Bu gün, 09:44

Bu gün 1993-cü ildə baş vermiş “4 iyun Sürət Hüseynov qiyamı”nın 33 ili tamam olur. 

Modern.az saytı xəbər verir ki, “4 iyun hadisələri” illər keçdikcə, yenə də müzakirə obyektidir. 

1993-cü ilin 4 iyununda Gəncədə Azərbaycan ordusunun o vaxtkı korpus komandiri, polkovnik Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verib. O zamankı korpus komandiri Surət Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı hökumətin həyata keçirdiyi əməliyyat uğursuzluqla nəticələndi. Məlum hadisə nəticəsində qiyamçı hərbi qüvvələrlə hökumət qüvvələri arasındakı toqquşmada ümumilikdə 35 nəfər həlak olub.

“Gəncə hadisələri” kimi tarixə düşən 4 iyun olayı Azərbaycanda Elçibəy hakimiyyətinin yıxılması ilə nəticələnib.

Surət Hüseynov 1992-1993-cü illərdə Azərbaycan Ordusunun korpus komandiri olmaqla yanaşı, prezidentin fövqəladə səlahiyyətli nümayəndəsi idi. 1992-ci ilin iyun-oktyabr aylarında Qarabağ ərazisində həyata keçrilən uğurlu döyüş əməliyatlarından sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdi. Prezident bununla bağlı 9 oktyabr 1992-ci il tarixli fərman imzalamışdı.

Hələ 1993-cü ilin fevralında prezident Əbülfəz Elçibəy 709 saylı hərbi hissənin ləğvi haqqında sərəncam vermişdi. Ancaq bu sərəncamı həmin hissəyə faktiki rəhbərlik edən Sürət Hüseynov icra etməkdən imtina etmişdi.

O, nəinki sərəncamda qeyd edildiyinin əksinə olaraq Yevlax Yun Zavoduna rəhbərlik etməyə getmədi, üstəlik Kəlbəcərin işğalından sonra, prezidenti həmin hərbi hissənin bərpasına inandıra bildi. 


Şahidlərin sözlərinə görə, Sürət Hüseynov Elçibəyə demişdi ki, əgər Qarabağda komandanlıq ona verilməsə və 709 saylı hərbi hissə bərpa edilməsə, ermənilər Gəncəni tutacaq. Prezident Gəncənin müdafiəsi və Sürət Hüseynovu neytrallaşdırmaq məqsədi ilə bu sərəncamı verdi. Sürət Hüseynovun yaxın adamlarından biri həmin hissəyə komandir təyin edildi…

Ancaq bu sərəncamdan heç bir ay keçməmiş Sürət Hüseynov prezidentə yazılı ultimatum göndərərək onu tanımadığını açıqca bəyan etdi…

Prezident 709 saylı hərbi hissənin rəhbərliyinin dəyişdirilməsi və onun Ağcabədi rayonuna köçürülməsi haqqında yeni bir sərəncam verdi. Gəncədə bu sərəncamı da yerinə yetirməkdən imtina etdilər, üstəlik ora gələn hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri girov götürüldülər.

Şahidlərin deməsinə görə, 709 saylı hərbi hissəyə silahlarının «maqazin»lərini təhvil verib geri qayıtmaq istəyən Prezident Qvardiyasının komandiri və 18 əsgər avtobusdaca gülləbaran edildi. Bu isə Azərbaycanın həmin vaxt qüvvədə olan qanunvericiliyinə görə hakimiyyəti zorla ələ alma və ya saxlama - yəni bir sözlə qiyam adlandırılırdı.


Azərbaycan tarixinə qara ləkə kimi həkk olunan “4 iyun qiyamı”nın banisi Surət Hüseynov bir neçə rayonun işğal edilməsində də günahkar bilinir. Məhz onun rəhbərlik etdiyi ordu bölmələri Ağdərə istiqamətində öz mövqelərini qoyaraq Bakıya doğru hücuma qoşuldu. Bundan məharətlə istifadə edən erməni ordusu 7 iyul 1993-cü ildə Ağdərə şəhərini və ətraf kəndləri yenidən işğal etdi. 

1993-cü ildə baş verən “4 iyun hadisələri” nəticəsində ölkə vətəndaş müharibəsi astanasına çatdığından, vəziyyətdən çıxmaq üçün Naxçıvan Ali Məslicinin o vaxtkı sədri Heydər Əliyev Bakıya dəvət edildi.

Ardınca prezident Elçibəy Kələkiyə - doğulduğu kəndə çıxıb getdi.

Beləliklə, S.Hüseynovun qiyamı Xalq Cəbhəsi hakimiyyətinin devrilməsilə nəticələndi.

Surət Hüseynovun qiyamı onun Baş nazir təyin edilməsi ilə başa çatdı. O, 30 iyun 1993-cü ildə Milli Məclisin sədri və Prezident səlahiyyətlərinin icraçısı Heydər Əliyev tərəfindən Baş nazir təyin edildi.
7 oktyabr 1994-cü ildə S.Hüseynov Baş nazir vəzifəsindən azad olundu. O, Heydər Əliyev iqtidarına qarşı da dövlət çevrilişinə cəhdə qalxdı.

1994-cü il oktyabrın 14-də Milli Məclis S.Hüseynovun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs-qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və “Azərbaycanın Milli Qəhrəmanı” adından məhrum edilməsi barədə qərar qəbul etdi.


Bundan sonra S.Hüseynov Azərbaycandan qaçdı. O, 1997-ci ildə Rusiyada saxlanılaraq Bakıya gətirildi və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edildi.
S.Hüseynov 2004-cü il martın 17-də Prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olundu.

Həbsdən azad olunandan sonra S.Hüseynov xarici ölkələrdə biznes fəaliyyəti ilə məşğul oldu.

“Qiyamçı polkovnik” adı ilə tanınmış Surət Hüseynov 2023-cü il iyulun 31-də İstanbulda müalicə olunduğu xəstəxanada vəfat etdi. 


A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın böyük şəhərləri VURULDU - Yaralılar var