Modern.az

İrəvan-Moskva gərginliyi yeni mərhələyə qədəm QOYUB

İrəvan-Moskva gərginliyi yeni mərhələyə qədəm QOYUB

6 Sentyabr 2023, 09:43

İrəvanla Moskva arasında onsuz da gərgin olan münasibətlər yeni mərhələyə qədəm qoyur.

Modern.az xəbər verir ki, Ermənistan KİV-ləri son bir neçə gündə ikitərəfli ittihamların daha çox eşidildiyini bildirirlər.


Rəsmi Moskva ötən gün birbaşa olaraq Rusiya prezidentinin mətbuat katibi – Dmitri Peskov səviyyəsində Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya sülhməramlılarının onlara həvalə edilmiş missiyanı yerinə yetirməməsi və Rusiyanın regionu tərk edəcəyu barədə bəyanatına reaksiya verib.


Dmitri Peskov bildirib ki, Kreml Nikol Paşinyanın bəyanatları, o cümlədən Qarabağda sülhməramlı missiyanın uğursuzluğu ilə bağlı bəyanatı ilə razılaşmır.


“Rusiya bu regionun tamamilə ayrılmaz hissəsidir, ona görə də heç yerə gedə bilməz. Rusiya Ermənistanı tərk edə bilməz. Və unutmayaq ki, Rusiyada yaşayan ermənilər faktiki olaraq Ermənistanda olduğundan daha çoxdur, onların əksəriyyəti ölkəmizin, Rusiya Federasiyasının tamamilə nümunəvi vətəndaşlarıdır”, - Rusiya rəsmisi bildirib.


Laçın yolunda Rusiya sülhməramlılarının faktiki fəaliyyətsizliyi ilə bağlı İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində baş nazir Nikol Paşinyan tarixi paralellər apararaq bildirib ki, “bir gün biz oyanıb Rusiyanın burada olmadığını görəcəyik”.


“Rusiyalı tərəfdaşlarımız Qərb tərəfdaşlarının Ermənistanla işləməsi və ya Ermənistan hökumətini Rusiyanı regionumuzdan sıxışdırıb çıxarmaq üçün tədbirlər görməyə sövq etməsi barədə çox danışırlar. Amma biz rusiyalı tərəfdaşlarımızla danışanda bəzən deyirik, öz fikrimizi və qiymətləndirməmizi bildiririk ki, əksinə, görürük ki, Rusiya atdığı və ya atmadığı addımlara görə regionu tərk edir” – Paşinyan bildirib.


Kreml sözçüsü bildirib ki, Rusiya regionda vəziyyətin sabitləşməsi, münaqişələrin həllində ardıcıl və çox mühüm rol oynamaqda davam edir və Moskva bu rolu davam etdirəcək. Eyni zamanda, Peskov regionun bütün dövlətlərinin 2020-ci il üçün üçtərəfli sazişlərə sadiq qalmasını vacib hesab edib.


Rəsmi İrəvan deyir ki, 10 noyabr 2020-ci il tarixli bəyanata əsasən, hazırda Azərbaycan sərhəd-keçid məntəqəsinin quraşdırıldığı və Azərbaycan sərhədçilərinin yerləşdiyi Laçın yolunun Rusiya sülhməramlılarının nəzarəti altında olması nəzərdə tutulurdu. Rəsmi İrəvan rus sülhməramlılarının faktiki olaraq öz vəzifələrini yerinə yetirmədiyini bildirərkən, məhz bu halı vaxtaşırı vurğulayır.


Digər tərəfdən isə Moskva yaranmış vəziyyətə görə Paşinyan hökumətini günahlandırır və bunun Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının nəticəsi olduğunu bildirir. Bu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu yaxınlarda bəyan etmişdi ki, mövcud vəziyyət Ermənistan tərəfindən Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasının nəticəsidir. Bundan əvvəl İrəvanda Zaxarovanın bəyanatı digər oxşar bəyanatlardan “məzmununa görə fərqlənmir” və “çaşqınlıq və məyusluğa səbəb” adlandırılıb.


Zaxarova da Ermənistan hakimiyyətini, xüsusən də baş naziri açıq şəkildə sərt tənqid etmək fürsətini əldən verməyib. Moskvanın rəsmi nümayəndəsinin qəzəbinə səbəb Nikol Paşinyanın “təhlükəsizlik sahəsində yalnız bir yerdən asılı olmaq və ya ona bağlı olmaq özlüyündə strateji səhvdir” deməsi olub.


Ermənistan hökuməti Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinə hələlik cavab verməyib.


Brifinq zamanı Zaxarova İrəvanla Moskva arasında gərginliyə səbəb olan başqa bir mövzuya - Roma Statutuna toxunub. Bu yaxınlarda Ermənistan hökuməti 2023-cü ilin fevralında Rusiya prezidentinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini ratifikasiya etmək üçün parlamentə göndərmişdi. Rəsmi Moskvanın nümayəndəsi İrəvandan məsələyə aydınlıq gətirməyi istədiklərini və erməni tərəfinin cavabından sonra gələcək addımlara qərar verəcəklərini bildirib.


Ermənistan parlamentinin bu sənədin plenar iclasda müzakirəsinə təxminən bir ay vaxtı var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi