Modern.az

Azərbaycanofob Avropa Parlamenti - Avropanın utanc mənbəyi - ŞƏRH

Azərbaycanofob Avropa Parlamenti - Avropanın utanc mənbəyi - ŞƏRH

Analitika

5 Oktyabr 2023, 18:50

Gözlənildiyi kimi, Avropa Parlamenti ənənəsinə sadiq qaldı. Ədalətə, beynəlxalq hüquq və prinsiplərinə deyil, qərəz və ikili standartlara üstünlük verdi. Fransanın təşəbbüsü ilə Azərbaycana qarşı qərəz və ikili standartlardan irəli gələn sənəd qəbul edildi. Beləliklə, Azərbaycanofob, ermənipərəstliyi özündə ehtiva edən qətnamə ilə 30 il davam edən riyakar siyasətə sadiq qalmış oldular. Təşkilatın Qarabağda mövcud vəziyyətlə bağlı qəbul edilən qətnaməsində iddia olunub ki, bölgədə beynəlxalq hüquq və normalar pozulub. Heç bir fakt və rəqəm ortaya qoyulmadan Fransanın təşəbbüsü ilə qəbul edilən qətnamə başdan-ayağa qərəz və ikili standartlardan irəli gələn qərar kimi qiymətləndirilməlidir.

 

Hətta bundan əvvəl Qarabağa səfər edən BMT missiyasının yekun rəyi belə nəzərə alınmayıb. Bu da onu deməyə əsas verir ki, təşkilat üçün orada mövcud vəziyyət, hansı proseslərin yaşanmasının heç bir əhəmiyyəti yoxdur. İnsanların ərazidən könüllü şəkildə çıxmasını “etnik təmizləmə” adlandırmaq isə həyasızlığın və riyakarlığın pik həddidir. 30 il bundan əvvəl Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş torpaqlarından yüz minlərlə insanın qovulması, didərgin salınmasına göz yuman Avropa Parlamenti bu qərarı ilə bölgədə sülh və əmin-amanlığı deyil, müharibəni dəstəklədiyini ortaya qoymuş olub.

 

 

“Etnik təmizləmə”ni 30 il əvvəl məhz Ermənistan azərbaycanlılara qarşı həyata keçirib. Ondan əvvəl isə bu siyasət əzəli Azərbaycan torpaqları olan və indi Ermənistan adlanan ərazidə həyata keçirilib. 200 minə yaxın insan əsrlər boyu yaşadıqları dədə-baba yurdlarından qovulub, hüquqları pozulub, yüzlərlə insan qətlə yetirilib. İndiyə qədər də pozulan hüquqları ilə bağlı hər hansı bir qərar qəbul edilməyib. BMT tərəfindən Azərbaycanın torpaqlarının işğaldan azad olunması barədə dörd qətnamə qəbul olunsa da, heç biri reallaşmayıb. Azərbaycan uzun illər beynəlxalq aləmin ədaləti bərpa edib torpaqlarının işğaldan azad ediləcəyinə inandı, o günü səbirlə gözlədi. Lakin o gün gəlmədi. Buna görə də Azərbaycan erməni təxribatlarına cavab verməyə məcbur qalıb müharibəyə başladı. Onda da insan haqları, hüquq və azadlıqlar qərblilərin yadına düşdü. Onlar 44 gün ərzində Azərbaycanı sanksiyalarla hədələməkdən tutmuş hərbi müdaxilə ilə qorxutmağa qədər getdilər. Bəzən adama elə gəlir ki, bu qətnamələri Ermənistan parlamenti qəbul edir və ya ola bilsin, bəzi erməni lobbi qruplarının onların üzərində müəyyən təsiri var. Əks halda, bunu başa düşmək çox çətindir. Avropanın hüquq-mühafizə orqanları Avropa Parlamentinin bəzi üzvləri ilə erməni lobbisinin üzvləri arasında əlaqələri araşdırsalar, yaxşı olar.

 

 

Avropa Parlamenti əmin olsun ki, bu qətnaməsi də kağız parçasından artıq deyil. Məsələ ondadır ki, Avropa Parlamentinin fəallığının səbəbi də var. Hədəf erməni lobbisinin maliyyəsini cəlb etməkdir. Onlardan çoxunun seçki kampaniyası erməni maliyyəsinə əsaslanır ki, bunun da əvəzini qaytarmaq lazımdır.

 

Beləliklə, Avropa Parlamentinin bu qərəzli yanaşması onun Azərbaycana qarşı səlib yürüşünün davamı kimi qiymətləndirilməlidir. Əminliklə deyə bilərik ki, müharibələrə, işğallara, insan iztirablarına, ölkələrin ərazi bütövlüyü və suverenliyinə etnik və dini simpatiya əsasında yanaşan irqçi, islamofob, Azərbaycanofob Avropa Parlamenti Avropanın utanc mənbəyidir.

 

Avropa Parlamentinin Azərbaycana qarşı çıxardığı qərəzli qərar sistemli xarakter daşıyır və hətta nifrət elementlərini ehtiva edir. Bütün bunlar onu göstərir ki, Avropa Parlamentinin məqsədi insan hüquqları, beynəlxalq hüquq və Ermənistan ilə Azərbaycan arasında sülhü təşviq etmək deyil, regionda gərginliyi körükləməkdir. (Report.az)

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək