
Qədim Bakı, sovetlər dövrünün Bakısı... Bu ifadələr orta və yaşlı nəsildə nostalji yaratmaya bilməz. Nədən ki, o Bakının özünəməxsusluğu var idi. Bəs, indi necə... Bu gün Bakıya neçə yaş vermək olar? Onun özünəməxsusluğu qalıbmı?
Millət vəkili İlyas İsmayılov sualımıza cavab olaraq bildirib ki, buna birmənalı cavab vermək olmaz. Deputatın fikrincə, Bakının bir hissəsi yaşlı, bir hissəsi cavandır. İçərişəhər və Bakının ilk binalarına baxanda yaşlı tarixlə qarşılaşdığını deyən İ.İsmayılovun sözlərinə görə, bu tikililər şəhərin qədim tarixi olduğunu göstərir.
Hazırda çox sayda yeni tikililərin inşa edildiyini qeyd edən deputat bildirib ki, məhz bu binalara baxanda şəhərin gənc olduğunu düşünmək olar.
Jurnalist Çingiz Sultansoy deyir ki, istənilən şəhərin qədim tikililəri və təzə binaları olur. O, şəhərdə təzə idarə və yaşayış binalarının olmasını pis hal saymır.
Ancaq bununla belə, Ç.Sultansoy bildirib ki, köhnə tikililərin və abidələrin qeydinə qalmaq lazımdır. Çünki hər bir şəhər o zaman gözəl və çazibəlidir ki, həm gənc, həm də qədim olsun. Bakı kimi...
“Turan” İnformasiya Agentliyinin əməkdaşı, köklü bakılı Tofiq Türkel düşünür ki, Bakıda yeni tikilən binalar onun qədimiliyinə xələl gətirir: “Öncə onu qeyd etmək istəyirəm ki, Bakıda şəhərsalmanın tarixi 1850-ci ildən başlayır. Həmin vaxt Hacı Zeynalabdin Tağıyev alman arxitekturlarını Bakıya dəvət edib. Arxitekturlar şəhəri gəzib və Hacı Zeynalabdin Tağıyevə deyiblər ki, Xəzər dənizindən təxminən 500 metr və ya 1 kilometr məsafədə çoxmərtəbəli binalar tikmək olmaz. Onlar bu fikri belə əsaslandırıblar ki, Xəzər qapalı dənizdir. Eyni zamanda burada havanı dövr etdirən küləkdir. Bu ərazilərdə çoxmərtəbəli binaların tikilməsi havanın tənzimlənməsinə mənfi təsir edəcək. Bakının relyefi elədir ki, çoxmərtəbəli binaların tikilməsi əlverişli deyil”
T.Türkel deyir ki, indi Bakıda çox sayda binaların inşa olunması nəticəsində köhnə, qədim Bakıdan əsər-əlamət qoymayıb.
Onun sözlərinə görə, Bakıda yeni tikililər tikmək əvəzinə başqa bir şəhər salsaydılar, daha faydalı iş görülmüş olardı: “Bu addımı atanların hamısı Bakının tarixi əhəmiyyətini, qədimiliyini bilməyənləridir”.
Sədaqət SÜLEYMANOVA