İtaliyanın xarici işlər naziri Antonio Tayani Avropa İttifaqı və NATO-nun Azərbaycanla tərəfdaşlığının gücləndirilməsinə tərəfdar olduqlarını bildirib.
Modern.az xəbər verir ki, Tayani bunu Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
“Avropa İttifaqı ilə Azərbaycan arasındakı tərəfdaşlıq əlaqələrin möhkəmlənməsi üçün praktik imkan yaratmalıdır. Avropa İttifaqı bu münasibətlərə siyasi baxımdan da yanaşmalıdır. Biz Azərbaycanla Avropa İttifaqı arasında yarana biləcək problemlərin həllinə çalışacağıq. Hesab edirik ki, NATO ilə Azərbaycan arasında tərəfdaşlıq da gücləndirilməlidir. İtaliya bu istiqamətdə öz töhfəsini verməyə hazırdır”, – Tayani bildirib.
Nazir Azərbaycanın Avropanın təhlükəsizliyində mühüm rol oynaya biləcəyini vurğulayıb. O, Azərbaycanla Ermənistan arasında sülhə dair əldə olunan razılaşmanı regional sabitlik istiqamətində addım kimi qiymətləndirib və sabitliyin investisiyalar üçün əsas şərtlərdən biri olduğunu qeyd edib.