Modern.az

“Onların dostları, uşaqlıq sevgililəri olmur” – Uşaqlığı köçkünlük dövrünə düşən jurnalist

“Onların dostları, uşaqlıq sevgililəri olmur” – Uşaqlığı köçkünlük dövrünə düşən jurnalist

Aktual

1 İyun 2019, 20:19

İşğal olunmuş rayonlarda yaşamış, zorla öz ata-baba yurdlarından, doğma evlərindən didərgin salınmış, taleyinə qaçqın və məcburi köçkünlük həyatı yazılmış uşaqları heç bir tərəddüdsüz "müharibə uşaqları" adlandırmaq olar. Bura eyni zamanda cəbhə xəttində yerləşən kəndlərdə böyüyən uşaqlar da daxildir.  “Report” İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadənin də uşaqlığı məcburi köçkünlük dövrünə düşüb.

 

Nədir "müharibə uşaqlar"ını öz həmyaşıdlarından fərqləndirən?

 

Uşaqlıq illəri ilə bağlı təəssüratlarını Modern.az-a danışan İmdad Əlizadə deyir ki,  müharibə dağıntı, fəlakət, od-alov, ölüm, qan axıdılması deməkdir:

 

Sözsüz ki, bütün bunlar hər bir insanın yaddaşında silinməz izlər qoyur, ömrü boyu onlarla yaşayan yaralar açır. Amma uşaqlıqda bu halları yaşamış insan kimi deyirəm ki, müharibə daha çox uşaqlara zərbə vurur, onlara pis təsir edir. Çünki yetkin insanlar bəlkə də nə baş verdiyini bilirlər, vəziyyəti dərk edirlər, amma uşaqlarda belə deyil, onlar qorxu və təşviş içində, məzlum-məzlum, sual dolu baxışlarla valideynlərinin üzünə baxırlar, bəlkə də heç vaxt cavab tapmayacaqları suallar içində itib-batırlar.

 

İkincisi, müharibə uşaqların bütün xatirələrini qara-boz rəngə boyayır. Təsəvvür edin ki, bir uşaq yenicə formalaşmağa başlayır, özünə yenicə dostlar seçir, sinifdə, qonşuda yaxud kənddə yenicə hansısa qızdan xoşu gəlir, sevginin, sevməyin nə olduğunu dərk etməyə başlayır, qıza sevgisini hansı formada etiraf edəcəyini düşünür, amma müharibə bir anın içində hər şeyi alt-üst edir, bütün bu gözəl hisslərin yerini düşmən hücum edərsə, onun qarşısını necə ala bilərik, necə sağ qala bilərəm, erməni gələndə nə edəcəyik kimi ağır və dəhşətli fikirlər tutur.

 

Müharibə, işğal insanın uşaqlıq dostlarını, ilk sevgini əlindən alır, dostlar, sevgililər hərə bir tərəfə pərən-pərən düşür, aylarla, illərlə bir-birindən xəbər tuta bilmirlər, görüşəndə bəzən bir-birini tanımırlar. Hər dəfə qohumlardan kimisə görəndə ilk olaraq dostlarını soruşursan, onlardan xəbər almağa çalışırsan. Ən dəhşətlisi odur ki, uşaqlıq sevgini soruşa bilmirsən, bunu böyüklərdən ar bilirsən. Beləcə insanın ömrü intizar, ürək sızıltısı, suallar içində keçir.

 

Üçüncüsü, öz yurdlarından didərgin düşən uşaqların məskunlaşdıqları yerlərdə özlərinə yeni dost tapmaları heç də asan olmur. Axı bizim üstümüzdə bir "qaçqın", "məcburi köçkün" damğası olur. Hər addımda - məktəbdə, həyətdə oynayanda, məclisdə, harasa gedəndə bu ayrıseçkiliklə üzləşirsən. Özünü sübut etmək isə heç də asan olmur. Beləliklə, məcburi köçkün uşaqların uzun illər dostları olmur. Heç uşaqlıq sevgililəri də.

 

Dördüncüsü, "müharibə uşaqları" tez böyürlər. Bu da insanın bütün əmlakının, var-dövlətinin əlindən alınması, ağır sosial vəziyyətdən irəli gəlir. Biz işləməyə məcbur idik, çünki bunsuz ailəmiz dolana bilmirdi. Həmyaşıdlarımız həyətdə oynayada biz işləyirdik, bəzən onlara həsədlə baxaraq.

 

Mənim heç uşaq vaxtı çəkdirdiyim fotom da yoxdur. Onların hamısını düşmən əlimizdən alıb. 

 

Mən əsir və girovluq istisna olmaqla müharibənin bütün dəhşətlərini yaşamışam. Yuxarıda sadaladıqlarım hamısı daxil olmaqla. Təsəvvür edin ki, 1 il 6 ay ərzində bizim ailə 10 dəfə köç edib. Bunun əksəriyyəti düşmən yaşadığımız yerə çatmağa az qalmış məcburi şəkildə edilmiş köçdür. Bu zaman 9 nəfərdən ibarət olan ailəmiz 4-5 yerə parçalanırdı, günlərlə bir-birimizdən xəbər tuta, atamın, anamın, bacı-qardaşımın sağ qalıb-qalmadığını öyrənə bilmirdik. Anam, mən və qardaşım Babək 1993-cü ilin mart ayının 31-dən aprel ayının 3-dək gecə-gündüz piyada, ac-susuz yol getmişik ki, sağ qalaq, düşmənə girov düşməyək. Bu müddət ərzində isə atamdan, 4 bacı-qardaşımdan xəbər tuta bilməmişik. Atam Əli Əliyev isə 54 gün erməni mühasirəsində qalıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı