Çin hakimiyyətinin zülmündən qaçaraq Türkiyəyə sığınan 30 yaşlı ana 2 uşağı ilə birlikdə ölkəsinə təhvil verib.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyədə yaşayan Şərqi Türkistan Milli Məclisinin sədri Seyid Tümtürk məlumat verib.
Bildirilib ki, Zinnetgül Tursun adlı uyğur iki uşağı ilə birlikdə Türkiyədən Tacikistana deportasiya olunub, oradan isə Çinə verilib.
S.Tümtürk daha sonra əlavə edib ki, Zinnetgül Tursunun anası və bacısı bu xəbəri Türkiyədə eşidib: "Hazırda o, Çində həbsxanadadır. İki yetim uşağı da onunladır".
Z.Tursunun Səudiyyə Ərəbistandakı qardaşı bacısının Türkiyədən deportasiya olunaraq Çinə təhvil verildiyini təsdiqləyib.
Türkiyənin İzmir şəhərindəki Deportasiya Mərkəzindən bildirilib ki, həmin gün Kuvanhan Aşmuzi və Ayinia Tuersun adlı daha iki qadın da Tacikistana deportasiya olunub. Onların da Çinə göndəriləcəyi ehtimal olunur.
Xatırladaq ki, Çin hakimiyyətinin siyasi-ideoloji düşərgələrdə saxladığı uyğur türklərinin sayı 3 milyona çatıb.