Leysan yağışları Norveçin Yelster bələdiyyəsində sürüşməyə
Modern.az xarici mediaya istinadən xəbər verir ki, iyulun 30-da baş vermiş sürüşmə nəticəsində 50 yaşlı kişi itkin düşüb. Polis hesab edir ki, kişi hadisə yerinin yaxınlığındakı maşının içərisində olub.
Şahidlərin sözlərinə görə, sürüşmə uzun sürən leysan yağışlardan sonra baş verib. Nəticədə nəhəng torpaq kütləsi qoparaq bir neçə evi dağıdıb. İyulun 31-də səhər saatlarında 30 adam yol infrastrukturunun dağılması ilə əlaqədar hələ də təcrid olunmuş vəziyyətdə idi.
Yerli hakimiyyət orqanlarının sözlərinə görə, rayonda dağıntılarla bağlı vəziyyət tam aydınlaşdırılmayıb. Lakin hətta ilkin informasiya da göstərir ki, infrastruktura xeyli ziyan dəyib.
Bildirilir ki, bu rayonda sürüşmə riski hələ də çox yüksəkdir. Hakimiyyət orqanları xilasedicilərin təhlükəsizliyini nəzərə alaraq itkin düşmüş kişinin axtarışını havadan aparırlar.
Hazırda hər hansı həlak olmuş və ya zərər çəkmiş insan haqqında məlumat yoxdur. Xilasetmə helikopterləri və qayıqları həmin bölgədə insanların və nəqliyyat vasitələrinin axtarışını davam etdirir.