Milli Məclisin komitə sədri Hadi Rəcəbli Belarus parlamentinin Əmək və sosial siyasət komitəsinin sədri İrina Petrovna Krasovskaya və komitənin bir sıra deputatı ilə qeyri-rəsmi görüş keçirib.
Modern.az xəbər verir ki, görüşdə ölkəmizdə gedən sosial-iqtisadi islahatlardan xalqın mənafeyinə xidmət edən qanun yaradıcılığı prosesindən geniş, ətraflı söhbət açılıb.
Dünya üçün Azərbaycan brendi hesab olunan “ASAN” və “DOST” xidmətlərinin modellərindən və iş texnologiyasından konkret faktlarla, misallarla nümunə gətirilib. Özünüməşğulluq sistemi bu sahədə ilk növbədə əlillərin, evdar qadınların və digər çalışmaq imkanı məhdud olan insanların əməyə cəlb edilməsi təcrübəsindən danışılıb.
Qeyd edilib ki, Milli Məclisin qəbul etdiyi qanuna əsasən, yeni yaradılmış işsizlikdən sığorta fonduna yığılmış vəsaitlərin yarısının bu məqsədlərə yönəldilməsi nəzərdə tutulub.
Yerli deputatlar Belarus Əmək Məcəlləsində edilən 200-ə yaxın düzəlişin, pensiya islahatları, pensiya yaşının artırılması ilə bağlı qəbul olunan layihələrin həyata keçirilməsi sahəsindəki təcrübələri bölüşüblər.
Görüşdə həmçinin Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfiri Lətif Qəndilov da iştirak edib. Söhbət əsnasında Belarus deputatları səfirliyin Azərbaycan-Belarus münasibətlərinin daha da möhkəmləndirilməsində xüsusi rolunu qabarıq şəkildə vurğulayıblar.
Komitə sədri eyni zamanda, Belarus Respublikasının İnformasiya nazirinin müavini İqor İvanoviç Buzovskiylə də görüşüb, elektron informasiya mübadiləsinin bəzi problemlərini müzakirə edib.
Yekunda əməkdaşlıq mübadiləsinin perspektivləri haqqında söhbət açılıb.