Modern.az

Azərbaycana daxil olan valyuta azala bilər - SƏBƏB

Azərbaycana daxil olan valyuta azala bilər - SƏBƏB

Aktual

7 Avqust 2019, 10:45

“Neftin dünya bazar qiyməti son 8 ayda ən aşağı səviyəyə düşüb. Brent markalı  neftin 1 barelinin qiyməti artıq 59 dollardan ucuz satılır”.

İqtisadçı Vüqar Bayramov Modern.az-a bildirib ki, ötən həftə proqnozlaşdırılan kimi, neftin dünya bazar qiymətində azalmaların davam etməsi gözlənilən idi:


“Yeni qiymət düşüşləri də istisna olunmur. Belə ki, ABŞ-ın sentyabr ayından etibarən daha 300 milyard dollarlıq Çin məhsuluna əlavə 10 faiz idxal vergisi tətbiq etmək istəyi ticarət müharibəsinə yeni mərhələyə başlatdı. Ticarət müharibəsinin genişlənməsi qlobal iqtisadi artım tempini aşağı salaraq neftə olan tələbi azaldır. Digər tərəfdən, qlobal iqtisadi gərginliyin artması fonunda Çinin İran neftinin idxalını bərpa edəcəyi də müzakirə mövzusudur. Bu baş verəcəyi halda neftin 1 barelinin qiyməti 30 dollaradək azala bilər. Şist neft hasilatında da artımların olduğunu nəzərə alsaq indi qlobal arenda heç nə neft ölkələrinin xeyrinə dəyişmir”.


Ekspert bildirib ki, neftin dünya bazar qiymətində kəskin enişlər olarsa, ölkəyə daxil olan valyutanın həcmi yenidən azaldacaq:


“Azərbaycan ixracatının 90 faizinin enerji məhsullarının olduğunu nəzərə alsaq “qara qızıl”ın qiymətinin ölkəyə daxil olan valyutanın həcminə təsirlərini müəyyənləşdirmək çətin olmaz. Azərbaycan üçün neftin bir barelinin qiymətinin 60 dollardan aşağı olması fiskal, 50 dollardan az olmasının isə monetar təsirləri var. Neftin bir barelinin 2019-cu ilin dövlət büdcəsində qiyməti 60 dollar nəzərdə tutulub. Mərkəzi Bank üçün isə 50 dollardan aşağı neft qiyməti “qırmızı zonaya” daxil olmaq anlamına gəlir. Çin valyutası ilə yanaşı Rusiya rublu da mövqeyini qoruyub saxlamaqda çətinlik çəkir. Göründüyü kimi, qlobal və regional valyuta bazarında da volatillik yüksək olaraq qalır. Bu baxımdan neftin qiymətində azalmalar davam edərsə ölkəmizdə də dollara tələb yüksələcək. Təbii ki, bu halda məzənnənin necə dəyişməsi yenə də Mərkəzi Bankdan asılı olacaq. Amma bütün hallarda neft ölkələri yeni neft şokuna indidən hazırlaşmalıdırlar”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı