2020-ci ildə beynəlxalq münasibətlər və beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri üçün dövlət büdcəsi xərclərinin 1,5 faizi həcmində və ya 412,8 milyon manat vəsait nəzərdə tutulub.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilib.
Beynəlxalq münasibətlər və beynəlxalq təşkilatlara üzvlük haqqı xərclərinin 5,0 milyon manatı beynəlxalq maliyyə-kredit təşkilatlarına üzvlük haqqı xərclərinə, 19,0 milyon manatı beynəlxalq ictimai-siyasi təşkilatlara üzvlük haqqı xərclərinə (BMT-nin Katibliyi, İslam Əməkdaşlıq Təşkilatı və onun qurumları, Müstəqil Dövlətlər Birliyinə (MDB) Avropa Şurası və onun qurumları, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu və digər təşkilatlar), 145,3 milyon manatı Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərin və konsulluqların saxlanması xərclərinə, 12,0 milyon manatı digər beynəlxalq fəaliyyət, xarici ölkələrə və beynəlxalq təşkilatlara yardımlar üzrə xərclərə yönəldiləcək.
2020-ci ildə beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 231,5 milyon manat vəsait proqnozlaşdırılır.
Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.