Modern.az

Xamenei Hörmüz boğazına nəzarətin saxlanılmasını tələb etdi

Xamenei Hörmüz boğazına nəzarətin saxlanılmasını tələb etdi

Dünya

Bu gün, 16:04

İranın ali rəhbəri Müctəba Xamenei ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ilə görüşündə Hörmüz boğazına nəzarətin saxlanılmasının vacibliyini vurğulayıb.

Modern.az xəbər verir ki, bu barədə İranın IRNA dövlət xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Xamenei görüş zamanı Ali Milli Təhlükəsizlik Şurasını və onun Katibliyini ölkənin idarə olunmasında mühüm qərarların qəbul edildiyi mərkəz kimi xarakterizə edib.

O bildirib ki, mədəniyyət, siyasət, iqtisadiyyat və təhlükəsizlik sahələri bir-biri ilə sıx bağlıdır. Bu səbəbdən həmin istiqamətlərdə qəbul edilən qərarlar kompleks tədbirlərlə müşayiət olunmalıdır.

Görüşdə milli birliyin gücləndirilməsi, xalqla dövlət rəsmiləri arasında qarşılıqlı etimadın artırılması, regional təhlükəsizliyin təmin edilməsi və qonşu ölkələrlə uzunmüddətli, qarşılıqlı maraqlara əsaslanan münasibətlərin inkişafı müzakirə edilib.

Xamenei İran Konstitusiyasının 176-cı maddəsinin imkanlarından istifadə etməklə prezidentə və icra hakimiyyəti orqanlarına ölkənin problemlərinin həllində dəstək göstərilməsinin vacibliyini qeyd edib.

İranın ali rəhbəri müharibənin başa çatdırılması üçün ölkə rəsmilərinin irəli sürdüyü şərtlərin yerinə yetirilməsinə nail olunmasını və mövcud “nə müharibə, nə sülh” vəziyyətinə son qoyulmasını tələb edib.

O, həmçinin İran xalqının və “Müqavimət cəbhəsi”nin hüquq və maraqlarının qorunmasının zəruriliyini vurğulayıb.

Möhsün Rzayi isə ölkədəki mövcud vəziyyət və həyata keçirilən tədbirlər barədə hesabat təqdim edib. O, İranın regionda daxili imkanlara əsaslanan təhlükəsizlik və əməkdaşlıq mexanizmlərinin formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirdiyini bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...