Mədəni və yaradıcı sənayelər iqtisadi inkişafın, yeni iş yerlərinin yaradılmasının və müxtəlif mədəniyyətlər arasında əməkdaşlığın genişləndirilməsinin mühüm istiqamətlərindən biridir.
Modern.az xəbər verir ki, bunu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən biznes dialoqunda Rəşad Əzizov deyib.
O bildirib ki, Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, ticarət yollarının və ənənələrin qovuşduğu məkan olub. Tarixi İpək Yolu üzərində yerləşən ölkə müxtəlif xalqlardan olan tacirlərin, səyyahların və sənətkarların görüşdüyü, fikir və təcrübə mübadiləsi apardığı ərazilərdən biri kimi tanınıb. Azərbaycan mədəni və yaradıcı sənayeləri dayanıqlı inkişafın mühüm hərəkətverici qüvvəsi kimi qiymətləndirir. Son illərdə bu sahənin inkişafı üçün bir sıra qanunvericilik və strateji addımlar atılıb.
O qeyd edib ki, 2022-ci ildə qəbul edilmiş sosial-iqtisadi inkişaf strategiyasında mədəni və yaradıcı sənayelərin inkişafına xüsusi yer ayrılıb. Bu ilin əvvəlində Prezidentin sərəncamı ilə təsdiqlənən “Azərbaycan mədəniyyəti – 2040” konsepsiyasında da həmin sahələr əsas inkişaf istiqamətlərindən biri kimi müəyyənləşdirilib.
Bildirilib ki, “Mədəniyyət haqqında” qanuna edilən dəyişikliklər yaradıcı sənayelərin hüquqi bazasını gücləndirib. Bununla yanaşı, mədəni və yaradıcı sənayelər üzrə milli təsnifat sistemi, film istehsalına dəstək mexanizmləri və digər təşviq alətləri tətbiq olunub. Təhsil, insan kapitalı və yaradıcı infrastrukturun inkişafı, oyun və mədəniyyət texnologiyaları üzrə inkubasiya proqramları, sertifikatlaşdırma və təlim imkanları, eləcə də qrant dəstəyi yeni nəsil yaradıcı peşəkarların yetişməsinə töhfə verir.
Onun sözlərinə görə, Bakıda fəaliyyət göstərən Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzi yaradıcı şəxslər üçün yeni peşəkar imkanlar yaradır. Bu modelin regionlarda da genişləndirilməsi nəzərdə tutulur. Həyata keçirilən siyasət nəticəsində sahədə məşğulluğun və biznes subyektlərinin sayının artırılması istiqamətində irəliləyiş əldə olunub. Hazırda mədəni və yaradıcı sənayelərin Azərbaycanın ümumi daxili məhsulunda (ÜDM) payı 1 faizə çatıb.
O, biznes dialoqunun yalnız fikir mübadiləsi üçün deyil, həm də konkret təşəbbüslərin irəli sürülməsi, birgə layihələrin həyata keçirilməsi və müxtəlif ölkələrdən olan sahibkarlar arasında uzunmüddətli əməkdaşlığın qurulması baxımından mühüm imkan yaratdığını bildirib.
Nicat Rüstəm