Cəbhədən xeyli arxada, gündəlik qayğıları, uşaq gülüşləri və sadə yaşayışı ilə nəfəs alan Bərdə şəhəri də mənfur düşmənin qəddarlığı ilə üz-üzə qaldı. 2020-ci ilin oktyabr ayı Bərdə sakinləri üçün adi bir payız mövsümü deyil, yaddaşlara əbədi həkk olunan qanlı bir təqvimə çevrildi.
İlk zərbələr oktyabrın 5-də vuruldu. Şəhərin mərkəzi küçələri, hətta toxunulmaz sayılan xəstəxana ərazisi belə atəşə tutuldu. Həmin gün 2 mülki şəxs evinin yaxınlığında, işinin başında həyatını itirdi. Amma bu, yalnız başlanğıc idi...
Əsl dəhşət isə ayın sonunda yaşandı.
Oktyabrın 27-si... Bərdənin Qarayusifli kəndi raket atəşinə tutuldu. "Smerç" kasetli bombaları dinc kəndin üzərinə səpələnərkən, aralarında uşaqların da olduğu 5 günahsız insan qətlə yetirildi, 13 nəfər yaralandı.
Tarixin bu dəhşətli səhifəsi cəmi bir gün sonra daha böyük itki ilə təkrarlandı. Həmin gün Bərdə şəhərinin ən sıx məskunlaşma olan ərazisi, həyatın qaynadığı ticarət mərkəzi hədəfə alındı. "Smerç" raketlərinin zərbəsi bir anda hər şeyi toz-dumana qərq etdi. Təkcə həmin gün 21 nəfər qətlə yetirildi, 100-dən çox adam xəsarət aldı.
Aradan düz 6 il ötür. Bu illər ərzində o hücumların acı statistikası hər an xatırlanır:
Bərdə rayonu İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 5 dəfə (5, 8, 27, 28 oktyabr və 7 noyabr) terror hücumuna məruz qalmış, bu hücumların ümumi nəticəsində 29 nəfər şəhid olmuş, 112 nəfər isə yaralanmışdı.
Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəymişdi.
Bununla da Ermənistan hər zaman olduğu kimi, bir daha özünün işğalçı və terrorçu mahiyyətini nümayiş etdirmişdi.
Bu gün isə Bərdə küçələrində, eləcə də bütün Qarabağda həyat yenidən qaynayır; uşaqlar yenə gülür, küçələr abadlaşır. 6 il əvvəl tökülən günahsız qanların qisası alındı, xalqımız yumruq kimi birləşdi, Azərbaycan qalib oldu!


