“Karantin rejimi ilə əlaqədar nəqliyyat vasitələrinin sayında müşahidə olunan azalma şəhərin ekoloji durumuna müsbət təsir etməkdədir”.
Modern.az-ın məlumatına görə, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev belə deyib.
M.Ağayev qeyd edib ki, son bir ayda paytaxtda havanın çirklənmə səviyyəsində xeyli azalma müşahidə olunur:
“Xüsusi karantin rejimi çərçivəsində hərəkətə tətbiq edilən məhdudiyyətlər havadakı zərərli qaz və tulantıların həcminin azalmasına səbəb olub. Paytaxtın bəzi küçə və prospektlərindəki svetoforlarda quraşdırılan hava keyfiyyəti sensorlarının qeydə aldığı nəticələrə görə yeni il tətili günlərində Bakı şəhərinin havasında PM2.5 sərt hissəciklərdə azalma 27% olubsa, koronavirusla bağlı tədbirlər zamanı bu azalma 50% təşkil edib.
PM10 sərt hissəcikləri isə yeni il tətilində 50%, karantin rejimində 70%-ə enib. Karbon monoksid yeni ildə 40%, karantin rejimində 60% qədər azalıb. Azot dioksidin həcmində dəazalma müşahidə olunur. Yeni ildə 20%, karantin rejimində isə 40%. Metan qazının yeni ildə 30% olan həcmi, karantin rejimində 45%-ə qədər azalıb. Oxşar tendensiya kükürd oksidinin həcmində də qeydə alınıb. Yeni ildə 70% , karantin rejimində isə 90% təşkil edib”.
Qeyd olunanları nəzərə alaraq, BNA rəsmisi bir daha vətəndaşlarımızı xüsusi karantin rejimi qaydalarına əməl etməyə çağırıb.