Baş Nazir Əli Əsədovun sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurası yaradılıb. Şuraya üzv seçilən deputat, AMEA-nın həqiqi üzvü, Azərbaycan İqtisadçılar İttifaqının sədri Ziyad Səmədzadə ölkənin çətin durumunda ona göstərilən etimada görə dövlət başçısına, Baş Nazirə Modern.az vasitəsilə təşəkkürünü bildirib.
Z.Səmədzadə qeyd edib ki, xüsusi karantin günlərində evdə qalmaqla yanaşı, ona ehtiyacı olanların yanındadır:
“Öz imkanlarım daxilində, xüsusilə yaşı 65-dən yuxarı olan Nəsimi-Səbail seçki dairəsindən olan vətəndaşlara birdəfəlik maddi və ərzaq yardımları edirəm. Biz karantin tədbirlərinə tam riayət etməklə vətəndaşımızın yanında olmuşuq və olmaqda da davam edirik. Mən bunu ona görə demirəm ki, etdiyim reklam olsun. Sadəcə bu həm də imkanı olan şəxslərə bir çağırışdır. Hər bir imkanlı şəxs ehtiyaclı insanlara əl uzatmalıdır. İndi biz əl-ələ verib bu çətin günlərdən xilas olmalıyıq”.
Deputat koronavirus bəlasından qurtulmaq üçün hamının səfərbər olmasının vacibliyini vurğulayıb:
“Ölkəmiz dünya ölkələri içərisində nüfuzlu yerlərdən birini tutur. Gedişat da göstərir ki, Azərbaycan koronavirusla mübarizədə aparıcı dövlətlərdən geri qalmır. Biz hamımız bu işlərdə ölkə rəhbərinin yanında olmalıyıq. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması onu göstərdi ki, Azərbaycan xalqı çətin dəqiqələrdə dövlətin, dövlət də xalqın yanındadır. Fonda toplanan vəsaitdən səmərəli istifadə etmək, şəffaflığı təmin etmək vacib məsələdir.
Bunun üçün ictimai nəzarət şurası da bu işlərdə dövlətə dəstək olacaq. İnşallah ki, bu çətinlikdən də ən az itki ilə, alnıaçıq çıxacağıq. Dövlətimiz qısa müddət ərzində işini itirən, aztəminatlı insanlar üçün addımlar atır. Bütün sərəncam və tapşırıqların icrası üçün 3 milyard manat vəsait ayrılıb. Bu, kiçik rəqəm deyil, bizim dövlət büdcəsinin 10 faizi deməkdir.
Əgər Ümumdünya Ticarət Təşkilatının (ÜTT) məlumatlarına baxsaq, görərik ki, orada dünyada ticarətin 30-35 faiz azalacağı və bunun hamıya təsir edəcəyi qeyd olunur. Amma bizim gücümüz, birliyimiz bu təsirlərin minimuma endirilməsi üçün əsas yaradır.
Cənab Prezident fərmanlar, sərəncamlar imzalayıb və bu sənədlərə əsasən Azərbaycan iqtisadiyyatının zəif tərəflərini aradan qaldırmaq, iqisadi inkişafın azalmasının qarşısı almaq nəzərdə tutulur. Nazirlər Kabinetində Baş Nazirin iştirakı və rəhbərliyi ilə Operativ Qərargah yaradılıb. Bu günlərdə Operativ Qərargahın fəaliyyətini xüsusi qeyd etmək lazımdır”.
Z.Səmədzadə deyib ki, indiki məqamda ərzaq təhlükəsizliyi vacib məsələlərdəndir:
“Biz özümüzü ərzaqla təmin etməliyik. Bu, bizim-Azərbaycan xalqının gələcəyi, ölkəmizin müstəqilliyi üçündür. Bəli, böhranın müəyyən təsirləri olacaq, amma dövlət basçısının tapşırığı ilə görülən işlər proqnozlarımızın nikbin olmasına əminlik yaradır.
Təəssüf ki, bu çətin məqamda qarayaxma kampaniyasından əl çəkməyən, adını jurnalist qoyub, əməli bilinməyən, heç bir həyat təcrübəsi olmayan, aparılan siyasətə kölgə salmaq istəyənlər var, amma onlar heç vaxt öz istəklərinə nail ola bilməyəcəklər. Xalqımız #evdəqal kampaniyasına riayət edir. Amma bəzən sıxlıqları görəndə təəssüf edirəm ki, niyə bəziləri özlərini və ətrafındakıları təhlükədə qoyurlar. Ümid edirəm və əminəm ki, dövlətimiz, xalqımız bu ağır sınaqdan üzüağ çıxacaq. Allah dövlətimizi, xalqımızı qorusun”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında ictimaiyyəti təmsil edən 5 (beş) və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahı təmsil edən 2 (iki) nümayəndə daxil olmaqla 7 (yeddi) üzvdən ibarət aşağıdakı tərkibdə Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurası yaradılıb:
Ziyad Səmədzadə – AMEA-nın həqiqi üzvü, Azərbaycan İqtisadçılar İttifaqının sədri
Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri
Fərhad Bədəlbəyli – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru
Gəray Gəraybəyli – Azərbaycan Tibb Universitetinin rektoru
Zemfira Meftahəddinova – Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü
Aydın İsayev – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının Vergi siyasəti və gəlirlər şöbəsi müdirinin müavini – sektor müdiri
Rasim İsmayılov – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Maliyyə Baş İdarəsi rəisinin müavini.
Şuranın iclasları üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Şuranın qərarları üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.