Ərşad Əzimzadə,
"Ana Təbiət" NGM-nin rəhbəri, yazıçı-jurnalist
“Necə övlad” sualı ilə yanaşı, “neçə övlad” sualı da həmişə aktualdır. Kəmiyyət, yoxsa keyfiyyət? Bütün xalqları eyni dərəcədə düşündürən bu sualların birmənalı cavabı yoxdur. Yer üzündə neçə millət, milli azlıq və tayfa varsa, o qədər də meyar var. Məsələn, Azərbaycanda çox uzaqdan gələn ənənəyə görə, köçən qızın belini qurşayan oğlan adamı deməlidir: “Anam-bacım qız gəlin, əl-ayağı düz gəlin, yeddi oğul istərəm, bircə dənə qız, gəlin”.
Yəni, 7+1. Belə dilək heç bir tənqidə tab gətirə bilməz. Əvvəla, hər gəlinfən 7 oğul, 1 qız doğulsa - tarazılıq pozular, oğlanlar qız üstə bir-birini qırıb qurtarar, ya da dünya tamam “maviləşər”. “Bir olsun - pir olsun” prinsipini məqbul sayanlar də az deyil.
Ailədə yalnız 1 uşağın dünyaya gəlməsinə icazə verən (ərazi qıtlığı üzündən) Çin qanunları da ölkədə tarazılığın pozulmasına səbəb olub. Belə ki, bütün ailələr nəslin davamçısı qismində oğlan görmək istəyir, qız doğulanda öldürürlər. Beləliklə də Çində gəlin tapmaq müşkil iş olub.
Bəlkə “Yaradanın işinə qarışmaq olmaz” prinsipi ilə hərəkət edən, abortu, yəni, canlı insanı qətlə yetirən müdaxiləni günah sayan, dünyaya 13-15 və daha çox uşaq gətirən dindar tayfaların yolu ilə getmək yaxşıdır? Bu yolun lehinə təkcə onu deyə bilərəm ki, canlı insanı hər hansı bir şəkildə öldürmək - Təbiətin mükəmməl qanunlarına ziddir və həqiqətən də günahdır.
Bəlkə belə bir reallığı nəzərə almaq lazımdır ki, insandan başqa heç bir canlı nəsil artımı məsələsinə müdaxilə etmir - mayalanmanın qarşısını süni yolla almır və ana bətninə düşən embrionu öldürmür…
Lakin reallıq bundan ibarətdir ki, tək övladının üstündə əsim-əsim əsən, onu ərköyün, harın, qudurğan və tənbəl böyüdən ata-ana bəşəriyyətə və planetimizə necə böyük zərbə vurursa, bir ucdan uşaq “əkən”, fəqət onların tərbiyəsi ilə məşqul olmayan və yaxud ola bilməyən ailə ondan qat-qat artıq dərəcədə zərbə vurur. Hər iki yol qüsurlu və zərərlidir. Nə tək övladının üstündə əsən eqoist valideynlər, nə də, Nazpəri qarının təbirincə desək, “bir ucdan küçükləyib ortalığa tökən” nadan valideynlər, dünyanı çiynində saxlayan əsl Planet Vətəndaşı yetişdirməyə qadirdi, hər iki halda dünyamız “zay məhsul”, dəqiq desək, Şər Qüvvə alacaq.
Bəs hansı rəqəmin üzərində dayanmaq düzgün olar?
Yadımdadır: ötən əsrin ortalarında Moskvanın mərkəzi qəzetlərindən biri “ailədə neçə uşaq olsa yaxşıdır” sualı ətrafında müzakirə açmışdı. Müzakirədə SSRİ-də yaşayan bütün millətlərin nümayəndələri iştirak edirdi. Ən çox səs toplayan təklif “3 uşaq” oldu. Respondentlər bu təklifi belə əsaslandırmışdılar: “İki övlad valideynləri əvəz edir, üçüncü isə millətin demoqrafik inkişafına xidmət edir, bu və ya digər millətin Yer üzündən silinib getməsinin qarşısını alır ”.
“Oğlan, yoxsa qız” sualına aydınlıq gətirən respondentlər üstünlüyü oğlana vermişdilər: “İki oğlan, bir qız”. Onlar öz fikirlərini bununla əsaslandırmışdılar ki, oğlanlar, səngimək bilməyən qanlı müharibələrdə, münaqişələrdə, maşın qəzalarında, təbii fəlakətlərdə qızlardan çox ölür.
Mən isə, tarazılıq qanununu əsas tutaraq, belə hesab edirəm ki, hər bir ailədə 2+4, yəni, 2 valideyn və 4 övlad (2 oğlan + 2 qız) düsturunu tətbiq etmək Ümümbəşəri qanun kimi qəbul olunsa, həm də dünyanın hər küncündə hər bir ailə üçün kamil vətandaş formalaşdırmaq şəraiti yaradılsa - Yer üzündə sülh və əminamanlıq bərqərar olar, nəhayət, dünyamız dinclik tapar.