Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın qərarı ilə Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyəti tətbiq olunub. 20 aprel 2020-ci il tarixinədək insanların fərdi evlərində, daimi və müvəqqəti yaşadıqları yerlərdə qalmaları tələb edilib. Bu rejim dövründə Azərbaycan Hökuməti əhalinin üzləşəcəyi çətinliklərin aradan qaldırılması üçün bütün imkanları səfərbər edir. O cümlədən, sakinlərin qaz və istiliklə fasiləsiz təchiz edilməsi də bu tədbirlər planının tərkib hissəsidir. Bu baxımdan hər il aprel ayının 15-də ləğv olunan istilik mövsümü müəyyən müddətə qədər davam etdiriləcək.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov Modern.az-a bildirib ki, Energetika Nazirliyindən “Azəriqaz” İstehsalat Birliyinə daxil olan rəsmi məktuba uyğun olaraq Birlik də fəaliyyətində bu məqama xüsusi diqqət ayırıb:
“Hazırda qazla təmin edilən mərkəzləşdirilmiş istilik sistemi olan obyektlərin təchizatı əvvəlki qaydada davam etdiriləcək”.
C.Səfərov qeyd edib ki, “Azəriqaz” İB 505 qazanxanaya qaz verilişini həyata keçirir:
“Bura Bakı və Sumqayıt şəhərlərində yerləşən 340, bölgələrdə yerləşən 165 qazanxana daxildir. O cümlədən, təhsil müəssisələrini və uşaq baxçalarını istilik enerjisi ilə təmin edən qazanxanaların sayı 94-ə bərabərdir. Bunlardan 44-ü Bakı və Sumqayıt şəhərləri, 50-si isə regionların payına düşür. Baxmayaraq ki, təhsil müəssisələri və uşaq baxçaları karantin rejiminə görə müvəqqəti işləmir, lakin həmin yerlərin qaz təchizatı dayandırılmayıb. Sadəcə bu obyektlərdə hazırkı durumda qaz sərfiyyatı yoxdur”.