1934-cü il noyabrın 5-də Parisdə Azərbaycan diplomatiyasının patriarxı və milli dövlətçiliyimizin banilərindən biri Əlimərdan bəy Topçubaşının vəfatından sonra Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan siyasi mühacirətdəki liderlik mövqeləri daha da möhkəmlənmiş oldu. Bu iki bənzərsiz şəxsiyyət arasında müəyyən dönəmlərdə yaşanan problemlərə baxmayaraq, bütövlükdə, onlar bir-birinə böyük ehtiram və hörmətlə yanaşırdılar. Başqırd milli dövlətinin qurucusu Əhməd Zəki Validinin 1923-cü ildə Parisdə Ə.Topçubaşı ilə görüşündən xatirələri bunun əyani sübutudur.
Ə.Z.Validinin sözlərinə görə, həmin görüşdə Əlimərdan bəy ona demişdi: “Mən artıq qocalmışam və qorxuram ki, Vətəni görmək bir daha mənə qismət olmasın. Rusiya müsəlmanlarının işlərini Məhəmməd Əmin Rəsulzadəyə və sənə buraxmaq məcburiyyətindəyəm”.
Ə.Z. Vailidi daha sonra qeyd edir ki, bu sözlərdən sonra Əlimərdan bəyin gözləri yaşla doldu.
Bu baxımdan olduqca simvolikdir ki, Ə.Topçubaşının dəfn mərasimində matəm mitinqini açmaq səlahiyyəti Rəsulzadəyə həvalə olunmuşdu. O, həmin yas mərasimində çıxış edən Azərbaycan siyasi mühacirətinin yeganə nümayəndəsi idi.
Ə.Topçubaşının millət qarşısında böyük xidmətlərinə toxunan M.Ə. Rəsulzadə, onu təkcə Azərbaycan türklərinin deyil, keçmiş Rusiya imperiyasının bütün müsəlman xalqlarının milli hüquqları uğrunda ən böyük mübariz adlandırmışdı.
Daha sonra nitqinə davam edən Məhəmməd Əmin bəy xatırladıb ki, Sankt-Peterburq Universitetinin hüquq fakültəsinin məzunu olan Ə.Topçubaşı professional karyerasına vəkil kimi başlayıb və öz işinə bütün enerji və bacarığını sərf edərək, yalnız ayrı-ayrı fərdlərin deyil, bütöv millətin hüquqlarının müdafiəçisi zirvəsinə yüksəlib. Çıxışının sonunda M.Ə. Rəsulzadə əminliyini ifadə edib ki, "vaxt gələcək və Vətən azad olacaq. O zaman yadellilərin köləliyindən azad olan xalq ilk parlamentinin sədrini yada salacaq və Əlimərdan bəy Topçubaşı ilə oğlunun nəşini ürəkdən sevdiyi Vətəninə qaytaracaq, eləcə də onun xatirəsini əbədiləşdirəcək”.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, bunlar sadəcə olaraq şəraitdən irəli gələn pafoslu sözlər deyil, M.Ə. Rəulzadənin Ə.Topçubaşıya olan səmimi hörmətinin təzahürü idi. M.Ə. Rəsulzadə Əlimərdan bəyin vəfatından sonra onun ailəsinin qayğısına qalmağı özünün mənəvi borcu hesab edən azsaylı azərbaycanlı mühacirlərdən biri idi. Məhəmməd Əmin bəy, imkanları daxilində Ə.Topçubaşının ailəsinin maddi çətinliklərini heç olmasa bir qədər yüngülləşdirməyə çalışırdı.
Bu baxımdan M.Ə. Rəsulzadənin 1935-ci il iyunun 24-də Polşanın II Ekspoziturasının rəhbəri E. Xaraşkeviçə yazdığı məktub xüsusi maraq doğurur. Həmin məktubda Məhəmməd Əmin bəy Polşa tərəfinin mərhum Ə.Topçubaşının ailəsinin maddi təminatını davam etdirməkdən imtina etməsilə bağlı narahatlığını ifadə edir. Yaranmış durumu II Ekspozituranın Paris şöbəsinin başçısı V.Dombrovski ilə müzakirə edən M.Ə. Rəsulzadə, Əli Əkbər Topçubaşının rus dilində nəşri planlaşdırılan” dərgiyə redaktor təyin edilməsini məsləhət görür.
M.Ə. Rəsulzadə göstərir ki, “Əli Əkbər bəyə redaktor qismində əmək haqqı verməklə, biz mərhum Topçubaşının ailəsinin maddi təminatı problemini ağrısız həll etmiş olarıq”.
Arxiv sənədlərinə görə, Ə.M. Topçubaşının ailəsinə maliyyə yardımı məsələsini M.Ə. Rəsulzadə E.Xaraşkeviç ilə 1936-cı il martın 8-də Parisdə baş tutmuş şəxsi görüşündə də qaldırıb. Sənəddə göstərilir ki, E.Xaraşkeviç bu məsələnin həllinə yardımçı olacağını vəd edib.
Qafqaz Konfedersiyası Şurasının Rəyasət heyətinin protokolları sübut edir ki, M.Ə. Rəsulzadə qurumun iclaslarından birində Əli Əkbər Topçubaşının nəşri planlaşdırılan dərgiyə redaktor təyin olunmasını rəsmi şəkildə təklif edib. Doğrudur, maliyyə və təşkilati problemlər səbəbindən sonradan həmin dərginin nəşri ideyasından imtina edilib. Lakin M.Ə. Rəsulzadənin səyləri nəticəsində Əli Əkbər Topçubaşını hər halda Qafqaz Konfedersiyası Şurasının strukturlarında işə düzəltmək mümkün olub.
Buna baxmayaraq, Azərbaycan mühacirəti daxilində M.Ə. Rəsulzadəyə müxalif olan şəxslər, onun Əlimərdan bəylə münasibətlərinin problemli məqamlarından öz cılız məqsədləri üçün istifadə etmək cəhdlərindən əl çəkmirdilər. Məsələn, Ə. Şeyxülislamovun “Qafqaz” dərgisinin 1935-ci il oktyabr sayında dərc edilmiş məqaləsində iddia olunurdu ki, Moskvada olarkən M.Ə. Rəsulzadə guya Ə. Topçubaşıya təhdidedici məktublar göndərirmiş.
Bu təxribata cavab olaraq, Əlimərdan bəyin oğlu Əli Əkbər Topçubaşı məktubla “Kurtuluş” və “Şimali Kafkasya” dərgilərinə müraciət edir. Əli Əkbər bəy həmin məktubunda yazırdı:
“Mərhumun şəxsi katibi vəzifəsini yerinə yetirən və onun bütün arxivini diqqətlə öyrənən bir şəxs kimi bunu söyləməyi özümə borc bilirəm ki, M.Ə. Rəsulzadəyə aid edilən məktublar barədə mən heç bir məlumata malik deyiləm”.
Daha sonra Əli Əkbər bəy əlavə edirdi ki, “mərhum atamdan miras qalmış və hər bir siyasi xadimin həyatında qaçılmaz olan polemik məktublar arasında onun ünvanına yazılmış ən acı və təhqiredici məktublar məhz Ə. Şeyxülislamova məxsusdur”.
Bununla əlaqədar Əli Əkbər bəy Şeyxülislamova mərhumun adından öz çirkin intriqalrı üçün istifadə etməməyi tövsiyə edirdi.
Bu hadisə Azərbaycan siyasi mühacirəti daxilindəki müxalifətin M.Ə. Rəsulzadə ilə mübarizədə hansı metodlardan yararlandığını nümayiş etdirmək baxımından səciyyəvidir. Həm də siyasi rəqibləri çox vaxt Məmməd Əmin bəyə böhtan atmaq, onu tənqid etməklə kifayətlənməyərək, şəxsiiyətinə və ailəsinə qarşı açıq təhqirlərə keçirdilər. Buna misal olaraq Ş.Rüstəmbəylinin 30-cu illərin ortalarında Türkiyədə kitabça şəklində nəşr olunmuş “Yıkılan putlar” və “M.E.Resulzadenin feci sükutu” əsərlərini göstərmək olar. Həmin əsərlərdə Ş.Rüstəmbəyli Məhəmməd Əmin bəyin alilə üzvlərini, hətta mərhum valideynlərini belə təhqir etməkdən çəkinmir.
Ən maraqlısı isə odur ki, Ş.Rüstəmbəylinin şəxsi etirafına görə, onunla M.Ə.Rəsulzadə arasında heç bir nəzəri və ideoloji fikir ayrılıqları yoxdur, münaqişənin səbəbi isə maliyyə məsələləridir. Beləliklə, dolayısı yolla olsa da, Ş. Rüstəmbəyli təsdiqləyir ki, onu hiddətləndirən əsas məsələ siyasi mühacirətin avropalı sponsorlarının yalnız M.Ə.Rəsulzadə və onun başçılıq etdiyi təşkilatlara vəsait ayırması idi.
Aydın Balayev,
tarixçi alım