REACT-C19 layihəsi çərçivəsində Türkiyədən gələn azərbaycanlı həkimlərin hansı xəstəxanlarda çalışacaqları açıqlanıb.
Modern.az-ın məlumatına görə, REACT-C19 layihəsinin təqdimatında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, Türkiyədən gələn 19 həkim Bakıdakı 4 xəstəxanada çalışacaqlar.
O qeyd edib ki, bu xəstəxanalardan biri "Yeni Klinika"dır:
“Hazırda həmin xəstəxanada 100-dən çox koronaviruslu xəstə müalicə olunur, onların əksəriyyəti ağır və orta ağır xəstələrdir. Həmin həkimlərin bir qrupu həmin xəstəxanada, bir qrupu isə Mərkəzi Neftçilər Xəstəxanasında çalışacaq. Digər iki qrup isə Tibb Universitetinin Tədris-Terapevtik və Tədris-Cərrahiyə xəstəxanalarında işləyəcək. Həkim qrupları sabahdan etibarən 2-4 həftə Bakıda çalışacaqlar, daha sonra regionlardakı digər xəstəxanalara da ezam olunacaqlar".