“Hələ ki nə Rusiya, nə də digər ölkələr tərəfindən birinci rübün nəticələri açıqlanıb. Amma ümumilikdə bütün ölkələrə valyuta daxilolmalarında azalma olacaq. Çünki faktiki olaraq ölkələrarası əlaqələr dayanıb”.
Bunu Modern.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, Azərbaycana da valyuta daxilolmalarının azalması istisna deyil:
“Rusiya və Türkiyəyə xaricdən valyuta daxil olurdu. Valyuta daxilolmalarında kəskin azalmaların olması gözləniləndir. Çünki hər iki ölkədə pandemiya ilə bağlı ciddi karantin tədbirləri var, insanlar evdə qalırlar və pul qazana bilmirlər. Azərbaycanlılar da hər iki ölkədə əsasən xidmət sahəsində fəaliyyət göstərdiklərindən və hazırda həmin sahələrin fəaliyyəti dayandığından onların da gəlirlərində ciddi azalmaların olması gözlənilir. Birinci rübün nəticələri açıqlanandan sonra dəqiq şərh vermək mümkün olacaq”.
Ekspert qeyd edib ki, valyuta həcminin azalması Azərbaycanda həmin vəsaitlə dolanan ailələrin sosial vəziyyətinə mənfi təsir göstərəcək.