ABŞ prezidenti Donald Tramp federal təqaüd fondlarının Çin şirkətlərindən səhm almasına qadağa qoyub. Belə bir siyasət yürütməklə Ağ ev koronovirus pandemiyasının yayılmasında təqsirli bildiyi Çini cəzalandırmaq istəyir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda ABŞ-da təxminən 12 federal təqaüd fondu 4,5 milyard dollarlıq Çin səhiminə sahibdir.
Xarici mətbuatda artıq Trampın milli təhlükəsizlik üzrə köməkçisi Robert Obrayenin və Milli İqtisadi Şuranın rəhbəri Lourens Kadlounun imzaladığı və Əmək naziri Yucin Skaliana ünvananlan məktub haqqında məlumat verilib.
Y.Skalia öz növbəsində “Thrift Savings Plan” fondunun rəhbəri Maykl Kennediyə göstəriş verərək, investisiya məhdudiyyətinin birbaşa Trampın təşəbbüsü olduğunu vurğulayıb. “Thrift Savings Plan” (TSP) proqramı ABŞ təqaüdçüləri və dövlət qulluqçuları üçün nəzərdə tutulub. Maykl Kennedi qəbul olunmuş qərarlarla bağlı hesabatı bu gün təqdim etməlidir.
ABŞ-ın Çini koronovirusa görə cəzalandırmaq istəyi isə Pekini qəzəbləndirib. Belə ki, ölkə rəhbərliyi konflikti daha da kəskinləşdirməyə və hətta ticarət müqaviləsinin birinci mərhələsinin pozmağa hazırdır.
Hələ ki Tramp rəsmi olaraq bu məlumatı təsdiqləməsə də, çıxışlarında yeni rüsumların qoyulması və ya ticari öhdəliklərin bir hissəsindən imtina ediləcəyini istisna etmir.
A.Qorxmaz