Azərbaycanda həyata keçirilən nümunəvi sosial-iqtisadi siyasət hacıqabullular tərəfindən bəyənilir.
COVİD-19 pandemiyası dünyada tüğyan etdiyi bir zamanda bir çox ölkənin sarsılmaz görünən iqtisadiyyatı iflasa uğradı. Pandemiya aparıcı Avropa ölkələrinin səhiyyə sisteminin acizliyini üzə çıxardı. Onu vurğulayım ki, COVID-19 pandemiyası zamanı hər bir dövlətin öz strategiyası, koronavirusa qarşı mübarizədə fərqli yanaşma tərzi və öz metodları mövcud oldu. Şübhəsiz ki, indi hər bir ölkə öz vətəndaşlarını böhrandan az itki ilə çıxartmağa çalışdı və çalışır. Hökumətlərin atdığı addımların səmərəliliyi xalqın gələcək etimadı anlamına gəlir. Bu baxımdan, bölgənin lider dövlətlərindən olan Azərbaycanın Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə pandemiyaya qarşı mübarizədə göstərdiyi nümunə diqqətəlayiqdir. Məsələ ondadır ki, Azərbaycanda koronavirus pandemiyasından bir qədər əvvəl həyatın bütün sahələrinə təsir göstərən böyük islahatlar elan edildi və qısa müddətdə həyata keçirildi. Neft sektorunun inkişafı iqtisadiyyatın bütün sahələrinə təsir göstərdi. Azərbaycanda bütün sahələrdə sabitlik təmin edildi, əhalinin məşğulluq problemləri müsbət həllini tapdı və sadə vətəndaşın rifah halı iqtisadi inkişafın əsas prioritetlərindən birinə çevrildi.
Koronavirus pandemiyası başlamazdan öncə cənab Prezident, məhz Sizin təşəbbüsünüzlə kölgə iqtisadiyyatına qarşı ciddi tədbirlər görüldü, şəffaflıq təmin edildi və dövlət orqanlarının fəaliyyətində informasiya texnologiyalarının tətbiqi təmin edildi, dövlət xidmətləri sahəsində mərkəzləşdirilmiş elektron məlumat sistemi yaradıldı. Bir sözlə, vaxtında aparılan düzgün siyasət və atılan zəruri addımlar nəticəsində bütün dünya ölkələrinin hazır olmadığı bir fəlakət zamanı Azərbaycan öz sözünü deyə bildi. Cənab Prezident, Sizin vaxtında apardığınız islahatlar və tədbirlər ilk növbədə ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına nail olmaq idi və fors-major anında bu addımlar öz önəmini göstərdi.
Pandemiya zamanı keçirdiyiniz müşavirələr, vətəndaşlara ayrılan sosial yardım, vergi güzəştləri, sahibkarlara dəstək, sosial həssas qruplara dəstək, bank sektorunda əhalinin rifah halı düşünülərək qəbul edilmiş yumşaldıcı qərarlar və atılan digər addımlar həqiqətən də “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” sözünün əbəs yerə deyilmədiyini bir daha sübut etdi.
Koronavirusa qarşı aparılan mübarizədə nümayiş etdirilən müsbət və inamlı nəticələr onu sübuta yetirdi ki, bu gün Azərbaycan dövləti yalnız öz mənbələri hesabına pandemiya ilə mübarizə üzrə təsirli tədbirlər planını həyata keçirir, iqtisadiyyatın bütün sahələrinə dövlət dəstəyi verir. Bu, hər ölkənin bacara biləcəyi məsələ deyil. İnkişaf etmiş ölkələrin bu xəstəliyin qarşısında aciz qaldığı bir vaxtda Azərbaycan sabitliyi qoruyub saxlaya bildi. Bu, qürur duyulası bir haldır. Təsadüfi deyil ki, humanist addım olaraq cənab Prezident, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın 1 illik əmək haqqı məbləğini Koronovirusla Mübarizəyə Dəstək Fonduna ianə etməsi xalqımız tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirildi və bütün dövlət qurumları, hüquqi və fiziki şəxslər bu kompaniyaya qoşulmaqla bir daha həmrəy olduqlarını nümayiş etdirdilər.
Pandemiyanın hökm sürdüyü bir vaxtda əhalinin aztəminatlı təbəqəsinə dövlət dəstəyinin göstərilməsi, həmin təbəqədən olan ailələrlə iki ay ardıcıl olaraq 190 manat müavinətin ödənilməsi, həmçinin işsiz insanlar üçün ictimai işlərdə çalışmaq məqsədilə 50 min yeni iş yerinin yaradılması minlərlə ailənin sevincinə səbəb oldu.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan xalqının karantin rejiminə riayət etmək məqsədilə bir övlad, bir həyat yoldaşı, bir ana və nənə olaraq müraciəti sözün əsl mənasında xalqın qayğısına qalmağın ən bariz nümunəsidir. Xüsusi karantin rejimi dövründə Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilmiş “Biz birlikdə güclüyük” adlı sosial aksiya sayəsində aztəminatlı ailələrə 100 mindən çox ərzaq paketi paylandı. Aksiyada iştirak edənlərin sayı hər gün artır, həm dövlət, həm də özəl şirkətlər bu təşəbbüsə qoşulur.
Onu da qeyd edim ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təcili Zirvə toplantısı keçirildi. Bu beynəlxalq tədbir koronavirus pandemiyasına həsr olunmuşdu. Mayın 4-də isə Prezident İlham Əliyevin təşəbbüsü ilə “Biz COVID-19-nin əleyhinəyik” mövzusunda Qoşulmama Hərəkatının video konfransının yekununda qəbul edilmiş Bəyannamə Azərbaycan Respublikasının 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına layiqli ev sahibliyi edəcəyindən xəbər verdi. Göründüyü kimi, Azərbaycan pandemiya dövründə beynəlxalq təşəbbüslərdən də bir addım geri çəkilmir.
Korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində cənab Prezident, Sizin dəfələrlə vəzifəli şəxslərə qarşı xəbərdarlıq etmənizə baxmayaraq Ağstafa, Yevlax, Neftçala, Biləsuvar və İmişli rayonlarının keçmiş icra başçılarının, həmçinin bir sıra dövlət qurumlarının rəhbərlərinin vəzifə səlahiyyətlərindən düzgün istifadə etməyərək korrupsiya cinayətləri törətmələri və Sizin qanun naminə sərt və barışmaz mövqeyiniz bir daha sadə vətəndaşın yanında olduğunuzu göstərdi. Bu istiqamətdə atdığınız addımlar sadə insanlar tərəfindən ürəkdən bəyənilir.
Cənab Prezident, Sizin rəhbərliyinizlə vətəndaşlarımızın sağlamlığının qorunması istiqamətində aparılan işlər, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın “Sizin Mehriban” sözləri ilə bitən müraciətləri hər bir Azərbaycan vətəndaşının qəlbində qürur və yaşamağa, mübarizə aparmağa dərin inam hissi yaradır.
Cənab Prezident, hörmətli Mehriban xanım !
Hacıqabul rayonunun bütün sakinləri sizin müdrik qərarlarınızla bu bəladan minimum zərərlə qurtulacağımıza səmimi qəlbdən inanır, sizə daim xalqın yanında olduğunuza görə dərin hörmət və ehtiramımızı bildiririk!
Gözəlova Kamilə Kamal qızı – Hacıqabul rayonu Qarasu kənd tam orta məktəbin riyaziyyat müəllimi, “Əməkdar müəllim”