Modern.az

Tələbəyə artan tələblər

Tələbəyə artan tələblər

Aktual

23 İyun 2012, 15:58

Yazı “Deputat-tələbə əməkdaşlığı” layihəsinin “Əsl tələbə necə olmalıdır?" mövzusunda yazılıb

Ümumiyyətlə, bu yazıda Azərbaycan ali təhsil ocaqlarında  “tələbəyə artan tələblər” haqqında qısa olaraq şərh verəcəm.

Hərdən “ideal tələbə” axtarırıq. Əməlləri ilə, təhsili və digər keyfiyyətləri ilə hər kəsə nümunə ola biləcək bir tələbə. Görəsən, tələbənin ideallığını şərtləndirən hansı amillər var, yaxud  biz həqiqətən də ölkəmizdə “ideal tələbə” ilə rastlaşa bilərik mi ?
Doğrudur, bu suallar bəlkə də hər kəsin maraq dairəsində deyil. Amma ölkəsinin gələcəyini düşünən, onun  təhsil və tərbiyyəsinə, elminə biganə qalmayan kəsləri, şübhəsiz, həm də dərindən düşündürməlidir.

Bu gün “əsl tələbə necə olmalıdır ?” deyərkən bizi maraqlandıracaq əsas məqam onun keyfiyyətli təhsili, qabaqcıl texnologiyalardan istifadə bacarığı və sairədir. Bizim təhsilimiz  bizim xalqımızın gələcəyi üçün önəmlidir və buna görə də hər birimiz  bir vətəndaş olaraq buna diqqət və qayğı göstərməliyik.

Tələbə, yəqin ki, 18 yaşı hələ yenicə tamam olmuş, eyni zamanda “cəmiyyətin gələcək ziyalıları” siyahısına layiq bilinən, bir növ intellektinə kapital qoyulmuş bir gəncdir.

Onun üçün hər şey hələ yeni başlayır.

Universitetlərimizdə  elmin sirlərini, vətənpərvərliyi, humanistliyi , milli-mənəvi dəyərləri və sağlam düşüncəni aşılayan professor-müəllim  heyyətindən “dərs almaq”, düşünürəm ki, hər bir tələbənin borcudur. Çünki, onun üçün yaradılmış imkanlardan səmərəli istifadə edərək özünün, xalqının gələcəyinə, gəncliyin gələcəyinə öz tövhəsini verməlidir.

Bəli, tələbə borcludur, onun üçün səhifələri saralmış da olsa sovet dövrünün “yaddaşlara həkk olunan” gerçəklərini əks etdirən mühazirələrə.

Tələbə borcludur, nizam-intizamı jurnal səhifələrində öyrədən, hər on səhifədən bir eyni məzmunu təkrarlayan kitab müəlliflərinə.

Tələbə borcludur, məsuliyyətsiz müəllimlərin əvəzinə dərs aparan lobarantlara.

Tələbə borcludur, düşündüyü hər mənasız məzmunu, özünün məişət qayğılarını, ailə təəssüratlarını mühazirə mövzusuna çevirən və yaxud öz hesabını yaxşı bilib “başqasının hesabına dərs deməyi öyrənən” müəllimlərinə və s.

Tələbə borcludur...

Az öncə söylədiyim fikirlər...  Doğrudur, bütün bu “keyfiyyətlərdən” uzaq olan müəllimlərimiz yetərincədir. Yəni, şərəfli həyat və fəaliyyəti ilə, elmin tədrisində sərgilədiyi uğurlar və ciddi nizam-intizamı, təhsilimizə göstərmiş olduğu qayğıkeş münasibəti ilə seçilən müəllimlərimiz var və olacaq.

Bütün bunları ona görə sadaladım ki, hər bir tələbənin qazandığı keyfiyyətlərdə, sərgilədiyi fəaliyyətdə  onun müəllimlərinin əməyi keçib, bir növ tələbə öz müəlliminin güzgüsü kimi qəbul edilir.

Fikrimcə, əsl tələbə ilk növbədə  öz vətəninə bağlı, humanist və öz hüquqlarını bilən və dərk edən, təhsilə marağı və ictimaiyyətə faydalı, sağlam düşüncəli, intellektli bir gənc olmalıdır. Çünki, gələcək məhz bu keyfiyyətlərə malik gəncliyin çiyinləri üzərindədir, dövlətimizin inkişafı, dünya ölkələri sırasındakı yeri və rolu, ölkəmizin layiqincə təbliği, təmsili məhz həmin gənclərdən asılıdır.

 

 Baba Yaşaroğlu
tələbə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı