Azərbaycanda bu il Ramazan ayı miladi təqvimlə iyulun 20-dən başlayır. Miladi təqvimlə iyulun 19-na keçən gecə niyyət gecəsi olacaq. Modern.az saytının məlumatına görə, hər il olduğu kimi bu dəfə də Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilər Şurası İslam aləmi üçün müqəddəs Ramazan ayının başlanması ilə bağlı fətva verəcək.
Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, 2012-cu il üçün Ramazan təqvimi AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının məlumatları əsasında hazırlanacaq.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, bu il 19, 20 avqust tarixləri Ramazan bayramıdır və həmin günlər qeyri-iş günü sayılır.
Qeyd edək ki, yemək, içmək, cinsi əlaqə, istimna (onanizm), qatı tozu udmaq, Allah, Peyğəmbər və İmamların adından yalan söz demək, Sübh namazınadək bilərəkdən cənabət, heyz və ya nifaz halında qalıb qüsul etməmək, başı tamamilə suya batırmaq, maye şeylərlə imalə etmək və qəsdən qusmaq orucu batil edir.
Ağıllı, yetkinlik yaşına çatmış, oruc tutmasına əngəl olmayan hər bir müsəlman oruc tutmalıdır.
Səfərə çıxmaq, xəstəlik, hamiləlik, südlə uşaq qidalandırmaq və ağır işlərdə çalışdıqda İslam dini müsəlmanlar üçün bir sıra güzəştləri məqbul sayır.
Mail Ağaxanov