Qırğızıstan hökuməti Tacikistanla sərhəddə vəziyyəti nəzarətdə saxlamaq üçün operativ qərargah yaradıb.
Modern.az xəbər verir ki, bu barədə Qırğızıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Baş nazir Uluqbəy Maripovun tapşırığı ilə Qırğızıstan-Tacikistan dövlət sərhədindəki vəziyyəti əlaqələndirmək və izləmək üçün əməliyyat qərargahı yaradıldı. Qərargahın iclası zamanı Qırğızıstan Respublikası hökumətinin vəziyyəti həll etmək və öyrənmək üçün bütün tədbirləri gördüyü qeyd edildi”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Tacikistan-Qırğızıstan sərhədində silahlı münaqişə nəticəsində Tacikistanın 3 vətəndaşının öldüyü, 31-nin yaralandığı bildirilir.
Qırğızıstan tərəfi isə 1 nəfər vətəndaşının öldüyünü, 31 nəfərin yaralandığını elan edib.
Onu da qeyd edək ki, Qırğızıstan ilə Tacikistan arasında bu gün yerli vaxtla saat 20:00-dan etibarən atəşkəs ilə bağlı razılıq əldə edilib. Hər iki ölkənin hərbi qüvvələri əvvəlki mövqelərinə qayıdıb.
Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, bununla bağlı razılaşma Qırğızıstanın və Tacikistanın xarici işlər nazirləri Ruslan Kazakbayev və Sirojiddin Muxiddin arasında aparılan danışıqların nəticəsində əldə edilib.